İnstitutda “Erməni millətçiliyi: gələcəyi olmayan həyat” adlı kitabın təqdimat mərasimi keçirilib

12 aprel 2023-cü il tarixində Hüquq və İnsan Haqları İnstitutunda Moisey Bekkerin «Армянский национализм: жизнь без будущего» (“Erməni millətçiliyi: gələcəyi olmayan həyat”) kitabının təqdimat mərasimi keçirilib.

Tədbiri giriş nitqi ilə açan Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin (Mərkəz) İcraçı direktoru Samir Mahmudov qonaqları salamlayaraq, Hüquq və İnsan Haqları İnstitutun fəaliyyətinin daha bir istiqaməti kimi xalqa, millətə, dövlətçiliyə əhəmiyyətli olan nəşrlərin sayının artırılması sahəsində İnstitutun gördüyü işləri yüksək qiymətləndirdiyini bildirərək, belə nəşrlərin geniş təqdimatının keçirilməsinin ictimaiyyət üçün əhəmiyyətli olacağına inandığını vurğulayıb. 

İnstitutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə çıxışında təqdimatın səbəbkarı Moisey Bekkerin uzun illər Hüquq və İnsan Haqları İnstitutunda elmi fəaliyyətlə məşğul olduğunu, hal-hazırda isə müəllifin İnstitutun Ekspert Şurasının üzvü olduğunu diqqətə çatdırıb.

İnstitut rəhbəri M.Quluzadə M.Bekkerin bu yaxınlarda işıq üzü görmüş yeni monoqrafiyasınin - «Армянский национализм: жизнь без будущего» (“Erməni millətçiliyi: gələcəyi olmayan həyat”) obyektiv tarixi araşdırmalar baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Təqdimat zamanı qeyd olundu ki, müəllif tərəfindən monoqrafiyada “Armenakan”, “Qnçak” və “Daşnaksütyun” kimi siyasi partiyaların erməniliyin siyasi baxışlarının formalaşmasına təsiri, Osmanlı və Rusiya imperiyalarını, eləcə də Sovet İttifaqını daxildən parçalamaq istiqamətində iştirakı təhlil edilir.

Müzakirələr zamanı iştirakçılar qatı millətçiliyin arzuolunmaz fəsadları və azad olunmuş ərazilərdə mina təhlükələrinin vətəndaşların rifahına və sosial-iqtisadi inkişafına sipər çəkməsi barədə geniş fikir mübadiləsi aparıblar.

Tədbirdə 50-dən çox qonaq - Prezident Administrasiyası, Xarici İşlər Nazirliyi, Ombudsman Aparatı və digər dövlət qurumlarının və komitələrin nümayəndələri, Milli Məclisin deputatları, alimlər və media mənsubları iştirak edib.

 




Dərc olunub : 2023-04-12 11:31:00
Oxunma sayı : 116