“20 YANVAR”şəhidləri anıldı

Azərbaycan tarixinə qanlı hərflərlə yazılmış 1990-cı ilin 20 yanvar tarixi və o müdhiş gecənin qurbanlarının xatirəsi 30 ildir ki, ölkəmizin hər yerində ehtiramla yad edilir. Hər il olduğu kimi bu il də AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunda “20 yanvar” hadisələrinin 30-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş nitqi ilə açan AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun direktoru, hüquq üzrə elmlər doktoru, professor Aytən Mustafazadə Azərbaycanın azadlıq və müstəqillik uğrunda mübarizəsi tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılmış 20 Yanvar hadisələrindən danışaraq, Sovet imperiyasının 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törətdiyi vəhşilikləri, günahsız insanların qətlə yetirildiyini xatırladaraq, bildirib ki, SSRİ rəhbərliyinin göstərişi ilə törədilmiş dəhşətli cinayət, insanların amansızcasına qətlə yetirilməsi Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə əzmini qıra bilməyib, əksinə mübarizliyini daha da artırıb. A.Mustafazadə Qara Yanvar gecəsi kimi yaddaşlara həkk olunmuş bu tarixin Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə aparan xalqımızın birlik, fəxr və şərəf günü olduğu vurğulayıb.
Daha sonra institut əməkdaşları məlum hadisələrlə bağlı xatirələrini bölüşərək, 20 Yanvar hadisələrinin tarixi-siyasi aspektləri barədə çıxışlar ediblər.


Dərc olunub : 17-01-2020

Oxunma sayı : 15