İngilis dilində nəşr edilən “Azərbaycan silah sənəti” kitabının təqdimatı keçirilib

 

Bu günlərdə Bakı Ekspo Mərkəzində keçirilən VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində “The Azerbaijan Armourer's Art” (“Azərbaycan silah sənəti”) kitabının təqdimatı keçirilib.
Tədbirdə iştirak edən AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun baş elmi işçisi, Qafqaz tarixi mərkəzinin direktoru Rizvan Hüseynov vurğulayıb ki, həm nəfis tərtibatı, həm də özündə əks etdirdiyi zəngin məlumatlarla diqqət çəkən bu kitab qədim zamanlardan Azərbaycanda mövcud olmuş silahlardan, eləcə də müxtəlif muzey və kolleksiyalarda qorunub saxlanılan bu dəyərli sənət nümunələrindən bəhs edir.
Təqdimat mərasimində, həmçinin ictimai xadim, tərəfindən Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarında uzunmüddətli səmərəli fəaliyyət göstərən "Şöhrət" ordeni laureatı, tarix elmləri doktoru Həsən Həsənov çıxış edərək milli kimliyimizin mühüm nişanələrindən olan silah sənətimiz haqqında dəyərli nəşr əsərinin ərsəyə gəlməsinin əhəmiyyətindən danışıb. Azərbaycan gəncliyinin dövlətçilik və hərb tariximiz, silah sənətimizin keçmişi və bu günü haqqında vacib biliklərə yiyələnə biləcəyi qiymətli mənbə kimi xarakterizə edib.
Rizvan Hüseynov, eləcə də nigər natiqlər qədim silah sənətimizin tarixini əks etdirən kitabın əhəmiyyətini dilə gətiriblər. Kitabın arxeoloji qazıntılar zamanı aşkarlanan, hazırda muzey və kolleksiyalarda saxlanılan silahlar haqqında dəyərli bir tədqiqat toplusu olduğu xüsusi vurğulanıb.
Qeyd edək ki, kitabın müəllifləri bu ilin aprel ayında UNESCO-nun “Culture for Peace” (Mədəniyyət sülh naminə) müsabiqəsində birinci yer tutan məşhur silahsaz Emin Məmmədov və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl Qələm” mükafatı laureatı Aleksandr Volovikdir.




Dərc olunub : 2021-10-12 11:14:00
Oxunma sayı : 30