Gürcüstanda R.Mustafayevin kitabının təqdimat mərasimi keçirilib

29 noyabr 2018-ci il tarixdə Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyi, Suxumi Dövlət Universiteti və M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin birgə təşkilatçılığı ilə siyasi elmlər doktoru, professor Rövşən Mustafayevin gürcü dilinə tərcümə olunmuş “Очертованный рай” kitabının təqdimat mərasimi keçirilmişdir.

Kitaba görkəmli alim və politoloq Rövşən Mustafayevin «Очертованный рай» (Sərhədlənmiş cənnət) kitabına “Cəhənnəmdə mələk”, “Sərhədlənmiş cənnət”, “Qəddar ruhlar”, “O dünyadan insanlar” , “Qoca Çumarinlər” kimi hekayələri daxil edilmişdir. Kitaba ön söz yazmış İsrail Knessetinin deputatı İosif Şaqalın sözlərinə görə, mətlərin hər birində sətiraltı mənalar, fəlsəfi düşüncələr öz əksini tapmışdır. Bu hekayələrin vasitəsilə müəllif daxilinə gizlənmiş istehza və ağrıyla öz hiss və xatirələrindən bəhs edir. Hekayələrdə sonsuz məhəbbət və bir qədər yumor hissiylə çoxdan qeyb olmuş bir dünyanın təsviri verilir. Bu dünya müəllifin, eləcə də bir çoxlarının darıxdığı 70-ci illərin Bakısını xatırladır.

Qeyd edək ki, professor R.Mustafayev respublikada ilk siyasi elmlər doktoru olmaqla yanaşı, 1993-cü ildə ilk dəfə respublikada yaradılan qeyri-hökumət elmi-tədqiqat intellektual mərkəzin – Azərbaycan Dövlət Quruculuğu və Beynəlxalq Münasibətlər İnstitutunun yaradıcısı və direktoru, 1999-cu ildə AMEA-da yaradılan İnsan Hüquqları İnstitutunun təşkilatçısı və direktoru olmuşdur. O, Azərbaycanda Ombudsman təsisatının yardılması layihəsinin rəhbəri, eyni zamanda “Dirçəliş-XXI əsr” və “Возрождение-XXI век” jurnallarının yaradıcısı və baş redaktoru kimi fəaliyyət göstərmişdir.

Alimə həsr olunmuş tədbiri giriş sözü ilə açan M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktoru Leyla xanım Əliyeva qeyd etdi ki, görkəmli alim və politoloq Rövşən Mustafayevin “Очертованный рай” kitabı gürcü dilinə yazıçı Robert Mesxi tərəfindən tərcümə olunmuşdur. Daha sonra xanım natiq R. Mustafayev haqqında xatirələrini tədbir iştirakçıları ilə bölüşərək, alimin Azərbaycan-Gürcüstan dostluq və əməkdaşlıq münasibətlərinə hər zaman böyük önəm verdiyini vurğulamışdır.

Sonra Suxumi Dövlət Universitetinin rektoru, professor Zurab Xonelidze, Azərbaycanın Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Dursun Həsənov, Suxumi Dövlət Universitetinin beynəlxalq münasibətlər üzrə prorektoru, Mədəniyyətlərarası Münasibətlər Cəmiyyətinin prezidenti, professor İndira Dzaqaniya, AMEA Hüquq və İnsan Haqları İnstitutunun direktor müavini, filologiya elmləri doktoru Lalə Əhmədova, həmçinin Abxaziya Muxtar Respublikası hökumətinin sədri Vaxtanq Kolbaya və Gürcüstan Azərbaycanlıları Milli Konqresinin sədri Əli Babayev çıxış etmişlər.

AMEA Hüquq və İnsan Haqları İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru L.Əhmədova çıxışında xüsusi olaraq bildirib ki, Azərbaycan dövlətçiliyi tarixində təhsilin, elmin inkişafına, eləcə də Azərbaycan Respublikasının dövlət müstəqilliyinin möhkəmləndirilməsində, Azərbaycanın
beynəlxalq aləmdə müstəqil siyasət yeridən bir dövlət kimi tanınmasında ümummilli lider H.Əliyevin misilsiz xidmətləri olduğunu qeyd etmiş və bildirmişdir ki, görkəmli siyasi xadim Azərbaycan-Gürcüstan əlaqələrində dostluq-qardaşlıq munasibətlərinə əhəmiyyətli dərəcədə önəm vermişdir. Daha sonra R.Mustafayevin İnsan Hüquqları İnstiutunun yaradıcısı və direktoru kimi gördüyü işlərdən danışmış, həmçinin alimin Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı ermənilərin törətdikləri cinayətləri, saxtakarlıqları faktlarla öz kitablarında ictimaiyyətə çatdırdığını da xüsusi vurğulamışdır.


Dərc olunub : 29-11-2018

Oxunma sayı : 28