Oleq Kuznetsova “Professor Rövşən Mustafayev” adına medal və sertifikatin təqdimolunma mərasimi

09 fevral 2017-ci ildə AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunda İnstitut və Professor Rövşən Mustafayev adına Beynəlxalq Fond tərəfindən təsis edilmiş “Professor Rövşən Mustafayev” adına medal və sertifikatın tarixçi, politoloq, tərcüməçi, qafqazşünas, pedoqoq, publisist və ixtiraçı Oleq Yuryeviç Kuznetsova təqdim olunma mərasimi keçirilmişdir.
Məlum olduğu kimi, mərhum professor Rövşən Mustafayev Qafqazda ilk siyasi elmlər doktoru olmuş və o, erməniliyin iç üzünü açan bir sıra sanballı kitabların müəllifidir. Onun elmi rəhbərliyi ilə “Erməni terror və quldur birləşmələrinin bəşəriyyətə qarşı cinayətləri (XIX-XXI əsrlər)” müxtəsər xronoloji ensiklopediyası tərtib edilmiş və çap olunmuşdur. 2008-ci ildə onun son kitabı olan “Марши смерти” (“Ölüm marşı”) kitabına görə ilin beynəlxalq terrorizm ilə bağlı ən yaxşı elmi araşdırması kimi Beynəlxalq Avrasiya Mətbuat Fondunun sertifikatı təqdim olunmuşdur.

Qeyd edək ki, “Professor Rövşən Mustafayev” adına medal və sertifikat ilk dəfə Heydər Əliyev Fondu tərəfindən milli dövlətçilik ideyalarının yeni nəsillərə aşılanmaısnda, ölkəmizin dünya miqyasında daha geniş təbliğ olunmasında, qədim və zəngin mədəniyyətə malik xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasında və təbliğində, təhsil, səhiyyə və ekologiya sahəsində həyata keçirilən layihələrdə əldə olunan uğurlara, tolerantlıq və multikulturalizm mühitinin formalaşmasında göstərdiyi müstəsna xidmətlərə görə ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin geniş mənada dünya birliyinə düzgün şəkildə çatdırılmasında, beynəlxalq erməni terrorunun törətdiyi cinayətlər haqqında indiki və gələcək nəsillərdə möhkəm milli yaddaşın formalaşdırılmasında, beynəlxalq aləmdə Xocalı soyqırımının siaysi, mənəvi və hüquqi müstəvidə tanınmasına nail olmaq məqsədilə başladığı "Xocalıya ədalət!" Beynəlxalq Məlumatlandırma və Təbliğat Kampaniyası çərçivəsində Azərbaycan həqiqətlərinin təbliğində müstəsna xidmətlərinə və kampaniyanın 5 illik fəaliyyəti dövründə əldə etdiyi nailiyyətlərə görə, Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Əməkdaşlıq Təşkilatı Gənclər forumunun mədəniyyətlərarası dialoqunun baş koordinatoru, Rusiyadakı Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) sədri, Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq ictimai birliyinin (IDEA) təsisçisi və sədri Leyla Əliyevaya təqdim olunmuşdur.
Bu ənənə ildə bir dəfə olmaqla, erməni məsələsi üzrə elmi tədqiqatların aparılması və təkzibolunmaz elmi faktların tapılmasında aktiv, səmərəli fəaliyyəti ilə seçilən alimlərə, publisistlərə, layiqli namizədlərə təqdim olunur.
Tədbiri giriş nitqi ilə açan İnstitutun direktoru, hüquq elmləri doktoru, Milli Məclisin deputatı Aytən Mustafayeva Azərbaycan torpaqlarının zaman-zaman təcavüzkar qonşularımız tərəfindən tutularaq talan edilməsindən, mədəni sərvətlərimizin Ermənistan Respublikası tərəfindən özününküləşdirilməsindən bəhs edərək, Ermənistanın beynəlxalq hüquq və norma prinsiplərinə əməl etməyən təcavüzkar dövlət olduğunu vurğuladı.
Eyni zamanda, A.Mustafayeva bu istiqamətdə araşdırmalar aparan Rusiyanın, Qafqazın, Şərqi Avropanın orta əsrlər dövrünün tarixi coğrafiyası üzrə mütəxəssis, həmçinin hüquq müdafiəsi sahəsində geniş fəaliyyət göstərən, tanınmış politoloq Oleq Kuznetsovun Cənubi Qafqazda cərəyan edən proseslərlə, xüsusilə də, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı obyektiv mövqeyi ilə seçildiyini qeyd edərək bildirdi ki, onun əsərlərində, analitik yazılarında və müsahibələrində də bunu asanlıqla müşahidə etmək mümkündür.
Onun “Mərkəzi Qafqaz: sivilizasiyaların toqquşmasına retrospektiv baxış” adlı məqalələr toplusunda Rusiyanın Qafqazda siyasətinin və fəaliyyətinin təkamülü təhlil olunur, Gülüstan müqaviləsinə yeni geosiyasi yanaşma təklif edilir və S.Hantinqton nəzəriyyəsi əsasında Dağlıq Qarabağ münaqişəsinin kulturoloji mahiyyəti araşdırılır. Topluya daxil edilmiş “Gülüstan müqaviləsi: 200 ildən sonra: (1804-1813-cü illərin Rusiya-İran müharibəsi hadisələrinin və Gülüstan müqaviləsinin mahiyyətinin onun 200 illiyi konteksində qavranılması təcrübəsi)» adlı məqalədə müasir Azərbaycan dövlətçiliyinin və ona uyğun gələn cəmiyyətin milli-siyasi eyniyyətinin tarixi köklərinin dərk edilməsindən bəhs olunur. Nəzərə çatdırılır ki, həmin dövrdə dünyanın aparıcı dövlətləri milli maraqlara məhəl qoymadan Azərbaycan ərazisində özlərinin geosiyasi oyunlarını oynamışlar.
Ümumiyyətlə, Oleq Kuznetsovun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi vəziyyəti ilə bağlı əsl reallıqları əsaslandırılmış şəkildə göstərməsi olduqca təqdirəlayiq haldır. Məsələn, “Qarabağ münaqişəsi “mifinin” həqiqətləri haqqında” kitabında Stanislav Tarasovun özünün “Qarabağ münaqişəsi mifləri” əsərindəki mövqelərinin saxta və əsassız olduğunu tutarlı şəkildə arqumentləşdirir.
Həmçinin, qeyd etmək lazımdır ki, Oleq Kuznetsov beynəlxalq terrorizm və erməni terrorizminin ən fəal araşdırıcılarından biri kimi tanınmışdır. O, “XX əsrdə transmilli erməni terrorizmi. Tarixi-kriminoloji tədqiqat” adlı kitabında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin başlama səbəblərini, erməni terrorizminin mahiyyətini və Azərbaycanda dinc əhaliyə qarşı törədilən cinayətləri tədqiq etmişdir.
Nəzərdən keçirdiyimiz məqamlar sübut edir ki, Oleq Kuznetsovun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin araşdırılması, üzə çıxarılması, yayılması, Ermənistanın işğalçılıq siyasətinin və erməni terrorizminin təhlükəlilik dərəcəsinin əsaslandırılması istiqamətində xidmətləri kifayət qədər böyükdür. O, əsərlərində və müsahibələrində ciddi arqumentlərlə həqiqətləri nəzərə çatdırmaqla, ermənilərin münaqişə vəziyyəti ilə bağlı reallıqların təhrif edilməsi istiqamətində apardıqları təbliğatın təsirini zəiflədir.
Bütün bunları nəzərə alaraq, Hüquq və İnsan Haqları İnstitutu və Professor Rövşən Mustafayev adına Beynəlxalq Fond Oleq Kuznetsovun “Professor Rövşən Mustafayev” adına medal və sertifikata layiq görülməsini məqsədəuyğun hesab etmişdir.
Tədbirdə Milli Məclisin deputatları, Azərbaycanın müvafiq nazirlik və komitələrinin nümayəndələri, alimlər və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.


Dərc olunub : 11-02-2017

Oxunma sayı : 3