“İmtiyazlı məhbuslar üçün qanunlar toplusu” elektron kİtabının təqdimatı

2016-cı il iyunun 8-də Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunun binasında “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə həyata keçirdiyi “İmtiyazlı məhbusların özlərinin və ailə üzvlərinin hüquq və azadlıqlarının müdafiəsi” adlı layihə çərçivəsində nəşr etdirdiyi “İmtiyazlı məhbuslar üçün qanunlar toplusu” kitabının elektron variantının təqdimat mərasimi keçirilmişdir.

“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin sədri Tahir Xudiyev kitabda imtiyazlı məhbusların hüquqları haqqında Azərbaycan Respublikası və habelə beynəlxalq penitensiar qaydaların öz əksini tapdığını vurğulamışdır. Onun sözlərinə görə, nəşrin məqsədi imtiyazlı məhbusların və həmçinin onların ailə üzvlərinin sosial problemlərinin həllinə nail olmaqla, insan hüquq və azadlıqlarının qorunmasına ictimai dəstək olmaqdır.

Təqdimat mərasimində iştirak edənlər adı çəkilən kitabın əhəmiyyətini qeyd edərək, imtiyazlı məhbusların və onların ailə üzvlərinin hüquq və azadlıqlarının qorunması istiqamətində maarifləndirmə işlərinin və hüquqi məsləhət xidmətlərinin təşkil olunmasını məqsədəuyğun saydılar.

Tədbirdə Azərbaycanın müvafiq nazirlik və komitələrinin nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri, alimlər və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.


Dərc olunub : 08-06-2016

Oxunma sayı : 18