İnstitutumuzun əməkdaşına Meksikanın Ali Məhkəməsi və Federal Ədliyyə Şurası tərəfindən təşəkkürnamə təqdim olunub

10-12 sentyabr 2018-ci il tarixlərində AMEA Hüquq və İnsan Haqları İnstitutunun Beynəlxalq hüquq şöbəsinin müdüri, eyni zamanda Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) vitse-prezidenti Ramin Qurbanov Meksikanın Ali Məhkəməsi və Federal Ədliyyə Şurasının sədri Luis Maria Aquilar Moralesin dəvəti əsasında “Müasir demokratiyalarda hakim və qanunun aliliyi” adlı beynəlxalq seminarda iştirak etmək üçün Meksikada rəsmi səfərdə olub.
Avropa Şurasını təmsil edən İnstitumuzun əməkdaşı, həmçinin CEPEJ-in vitse-prezidenti Ramin Qurbanov “Məhkəmə hakimiyyəti və onun cəmiyyətə münasibəti” adlı III bölmədə əsas məruzəçilərdən biri olaraq CEPEJ-in fəaliyyətindən, onun Avropada ədalət mühakiməsinin səmərəliliyi və keyfiyyətinin artırılmasında rolundan danışıb. Eyni zamanda Avropa məhkəmələrində informasiya texnologiyalarının tətbiqi vəziyyəti, o cümlədən məhkəmə fəaliyyətində “Proqnozlaşdırılan ədliyyə” və “Süni intellekt”in məhkəmələrə müraciət etmək imkanlarının asanlaşdırılması, şəffaflığın təmin olunması, səmərəliliyin artırılmasına müsbət təsiri barədə məlumat verib.
Avropa Şurasının Meksika dövləti ilə əməkdaşlıq çərçivəsində təşkil olunan bu səfər zamanı vitse-prezident Ramin Qurbanov Meksikanın Ali Məhkəməsi və Federal Ədliyyə Şurasının sədri ilə ikitərəfli görüş keçirib, CEPEJ-in nəşrlərini ona təqdim edib və daha səmərəli əməkdaşlıq barədə danışıqlar aparıb.
Beynəlxalq tədbirin qeyd olunan bölməsinin keçirilməsinə verdiyi töhfəsinə görə əməkdaşımız R.Qurbanova Meksikanın Ali Məhkəməsi və Federal Ədliyyə Şurası adından ehtiram əlaməti olaraq təşəkkürnamə təqdim olunub.


Dərc olunub : 19-09-2018

Oxunma sayı : 1