“Ətraf mühitin mühafizəsi və Avropa Məhkəməsinin presedent hüququ” mövzusunda hüquqşünaslar üçün təlim keçirilib

Hüquq və İnsan Haqları İnstitutu sentyabrın 27-də “Ətraf mühitin mühafizəsi və Avropa Məhkəməsinin presedent hüququ” mövzusunda hüquqşünaslar üçün yarımgünlük təlim keçirib.

İnstitutun İdarə Heyəti sədrinin müavini Vəfaddin İbayevin salamlama nitqi ilə başlayan təlimdə respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra ətraf mühitin ekoloji tarazlığının mühafizəsi sahəsində ekoloji təhlükəsizliyin təmin edilməsi, təsərrüfat və başqa fəaliyyətlərin təbii ekoloji sistemlərə zərərli təsirinin qarşısının alınması, ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində vətəndaşların sağlamlığına və əmlakına dəyən zərər, o cümlədən işğaldan azad olunmuş ərazilərdə ətraf mühitə vurulan ziyan, bioloji müxtəlifliyin qorunub saxlanılması, Avropa Məhkəməsinin presedent hüququ və digər mövzular müzakirə edilib. 

İnstitutun təcrübəli təlimçi-ekspertləri  Hamlet Babayev və  Heydər Həsən oğlu Əliyev Avropa İnsan Hüquqları Konvensiyasının 2-ci (Yaşamaq hüququ) və  8-ci maddələri (Şəxsi həyata və ailə həyatına hörmət hüququ) üzrə təqdimatlar ediblər.

Keys tapşırıqlarının həlli zamanı təlimçilərlə hüquqşünaslar arasında maraqlı fikir mübadiləsi aparılıb və onları maraqlandıran suallar müzakirə olunub. Sonda 22 nəfər təlim iştirakçısına sertifikatlar təqdim edilib.

 

 


Dərc olunub : 28-09-2024

Oxunma sayı : 106