“İnsan Hüquqları Aylığı” çərçivəsində Naxçıvan MR DİN əməkdaşları üçün təlim keçirilib

Hüquq və İnsan Haqları İnstitutunun təlimçi-ekspertlərinin bölgələrimizdə DİN-in polis idarə və şöbələrinin əməkdaşları üçün “azadlıq və şəxsi toxunulmazlıq hüququ”na dair mütəmadi keçirdiyi təlimlərə Naxçıvan MR DİN-də təşkil olunmuş təlim ilə yekun vurulub. Belə ki, iyunun 14-də İnstitutun təlimçiləri tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Naxçıvan MR DİN-in İstintaq və Təhqiqat İdarəsinin müstəntiq və təhqiqatçıları üçün təlim keçirilib.  

Təlimdən öncə İnstitutun rəhbərliyi Naxçıvan MR daxili işlər naziri Süleyman Nemətovla görüşüb. Görüş zamanı ikitərəfli məhsuldar əməkdaşlıq məsələləri geniş müzakirə edilib. Nazir S.Nemətov təlimin təşkilatçılarına öz dəyərli tövsiyələrini verərək, bu cür maarifləndirici təlimlərə hər zaman ehtiyac olduğunu vurğulayıb.

Qeyd edək ki, təlim 18 may-18 iyun – “İnsan Hüquqları Aylığı” çərçivəsində İnsan Hüquqları üzrə Avropa Konvensiyasının (İHAK) 5-ci maddəsində təsbit edilmiş “azadlıq və şəxsi toxunulmazlıq hüququ”na dair müddəaların tətbiqi mövzusu üzrə təşkil olunmuşdur.

Təlimi giriş nitqi ilə açan Naxçıvan MR DİN-in İstintaq və Təhqiqat İdarəsinin rəisi,  polis polkovnik-leytenantı Zahir İsmayılov İnstitutun rəhbərliyini və təlimçi-ekspertləri salamlayaraq onları Naxçıvan şəhərində görməkdən məmnun olduğunu bildirib. Bu təşəbbüsü yüksək dəyərləndirərək hər zaman əməkdaşlığa açıq olduqlarını diqqətə çatdırıb.

İnstitutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə İnstitutun fəaliyyət istiqamətləri, qarşıda duran perspektivlər barədə, eləcə də, təlimin gedişatı və strukturu haqqında geniş məlumat verib. O, “İnsan Hüquqları Aylığı” çərçivəsində keçirilən təlimin hər iki qurum arasında əməkdaşlığa  töhfə verəcəyinə əminliyini qeyd edib.

İlk olaraq təlimdə İnstitutun İdarə Heyətinin sədr müavini Natəvan Rüstəmova “İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 5-ci maddəsi və dövlətin vəzifələri”, Azadlıq və toxunulmazlıq hüququnun məhdudlaşdırılması”, “5-ci maddə üzrə Azərbaycana qarşı çıxarılan qərarlarda ən çox tanınan pozuntular” haqqında təqdimatla çıxış edib. Təqdimatda 5-ci maddənin əsas prinsipləri və tətbiq edilən əsas meyarlar, “qanunçuluq” anlayışının mahiyyəti, pozitiv və neqativ öhdəliklərin əsas xüsusiyyətləri, həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (İHAM) Azərbaycanla bağlı qərarlarında 5-ci maddə ilə bağlı pozuntuların tanınması statistikası əks olunmuşdu.

Hüquq eksperti Vəfaddin İbayev qanunvericilik və məhkəmə təcrübəsindəki dəyişikliklərin azadlıq hüququnun təmin edilməsində əhəmiyyətindən bəhs edərək, təcrübədə mövcud olan problemlər və onların həlli ilə əlaqədar tövsiyələr səsləndirib. Ekspert qanunvericilikdə dəyişikliklərlə bağlı bir sıra təkliflər, həmçinin, azadlıq və toxunulmazlıq hüququ sahəsində aşkar edilmiş pozuntular barədə ətraflı şərhlər verib.

Təlimin yekununda İnstitutun İnsan hüquqları üzrə təlim və ekspertiza şöbəsinin müdiri Vüsalə Muradxanlı 5-ci maddə üzrə kazusların qrup şəklində həllini və təqdimatlarının keçirilməsini təşkil edib.

Müzakirələr zamanı mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, DİN-in əməkdaşları tərəfindən təlimçilərə verilən suallar cavablandırılıb. Sonda təlimin keçirilməsi iştirakçılar tərəfindən qiymətləndirilib, həmçinin, təlimdə iştirak edən 25 polis əməkdaşına sertifikatlar təqdim olunub.




Dərc olunub : 2023-06-14 17:48:00
Oxunma sayı : 145