İnsan hüquqlarına dair mübahisələr mövzusunda təlim keçirilmişdir

Noyabrın 15-də Hüquq və İnsan Haqları İnstitutunda professor Fərhad Mehdiyev tərəfindən “İnsan hüquqlarına dair mübahisələrin beynəlxalq tribunallara götürülməsində ratione materiae kriteriyası” mövzusunda təlim keçirilmişdir. İnstitutun əməkdaşları üçün təşkil olunan təlimdə ilk öncə Roma hüququndan gələn latın mənşəli “ratione materiae” və digər terminlərin müasir dövrdə Beynəlxalq Məhkəmənin qərarlarında tətbiq olunması məsələsinə toxunuldu, həmçinin Avropa Məhkəməsinin presedent hüququ, dövlətlərin neqativ və pozitiv öhdəlikləri, irqi ayri seçkilik kimi məsələlər təhlil olundu.
Təlim zamanı İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası ilə BMT-nin İnsan hüquqları haqqında Ümumi Bəyannaməsinin müddəalarının müqayisəli təhlili aparıldı, Avropa İnsan Hüquqları Məhkəməsində icraat proseduru, vətəndaşların müraciətlərinə baxılma qaydası və müvafiq Konvensiyanın birinci fəslinin müddəalarının tətbiqi kriteriyaları vəİnkorporasiya anlayışı barədə məlumat verildi.
F.Mehdiyev dünyada iki böyük hüquq sistemi – Avropa sistemi və BMT sisteminin mahiyyətinə toxunaraq, əyani faktlar əsasında beynəlxalq sənədlərin ayrı-ayrı maddələrini ətraflı şərh etdi.
Təlimdə əməkdaşların mövzu ilə bağlı sualları cavablandırıldı




Dərc olunub : 2022-11-16 13:12:00
Oxunma sayı : 23