Probasiya Xidmətində məhkum yeniyetmələr üçün təlimlər keçirilib

15-17 fevral tarixlərində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Hüquq və İnsan Haqları İnstitutunun birgə təşkilatçılığı ilə Probasiya Xidmətində məhkum yeniyetmələr üçün maarifləndirici təlimlər keçirilib.
Hüquq və İnsan Haqları İnstitutu İdarə Heyətinin sədr müavini Natəvan Rüstəmova bu cür maarifləndirici təlimlərin əhəmiyyətindən və mütəmadi keçirilməsinin vacibliyindən danışıb. O, təlimlərin məqsədinin yeniyetmələrimizi öz hüquqları ilə tanış etmək, onların cəmiyyətə sosial adaptasiyasına və gələcəkdə layiqli vətəndaş olmalarına töhfə vermək olduğunu qeyd edib.
İnstitutun İnsan hüquqları üzrə təlim və ekspertiza şöbəsinin müdiri Vüsalə Muradxanlı “Əfv, amnistiya və vaxtından əvvəl azad olunma”, təlimçi-ekspertləri Araz Abdullasoy “Heydər Əliyev və Azərbaycanda insan hüquqları islahatları”, Nərmin Həsənova “Uşaq hüquqları”, Əmrah Rəhimli “Əmək bazarı ilə tanışlıq, işaxtarma vasitələri və karyera seçimi”, həmçinin Nəzrin Əliyeva “Xaricdə təhsil imkanları” mövzularında çıxışlar və təqdimatlar ediblər.
Təlimlərin yekununda Ədliyyə Nazirliyinin İnsan Hüquqları və Kommunikasiya İdarəsinin rəisi Aynur Sabitova, İnstitutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə və Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin rəisi Aqşin Ziyadov yeniyetmələrə sertifikatlar təqdim ediblər.

 




Dərc olunub : 2023-02-17 13:43:00
Oxunma sayı : 48