“Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunan məlumat sessiyası keçirildi

“Uşaqların hüquqlarının qorunması yalnız dövlətin deyil, həm də hər birimizin məsuliyyətidir”. Bu fikir Hüquq və İnsan Haqları İnstitutunun 1 iyun – “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə təşkil etdiyi tədbirdə səsləndirilib.

İyunun 2-də Hüquq və İnsan Haqları İnstitutunda 13-18 yaş qrupunu əhatə edən 25 məktəblinin iştirakı ilə məlumat sessiyası keçirilib.

Tədbirdə İnstitutun hüquq tədqiqatçısı Aygün Arifli iştirakçılara milli qanunvericilikdə və beynəlxalq hüquqi aktlarda əksini tapan uşaq hüquqları barədə məlumat verib, həmçinin fiziki, psixoloji, iqtisadi istismar növləri və bunların yaratdığı fəsadlar izah olunub.

Sessiyada uşaq hüquqlarının müdafiəsində profilaktik tədbirlərin əhəmiyyəti,  mövcud pozuntuların qarşısının alınması üçün görülən işlər, uşaqların özlərini necə qorumalı olduqları barədə məlumatlar praktiki nümunələrlə də təqdim olunub.

Sonda məktəblilərə uşaqların öz hüquqlarını qorumaq, hüquqi biliklərini artırmaq istiqamətində tövsiyələr verilib və onlara iştirakla bağlı sertifikatlar təqdim olunub.


Dərc olunub : 02-06-2025

Oxunma sayı : 60