Xətai Rayon Polis İdarəsinin müstəntiq və təhqiqatçıları üçün təlim keçirilib

İyunun 21-də Hüquq və İnsan Haqları İnstitutunun təlimçiləri tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xətai Rayon Polis İdarəsinin müstəntiq və təhqiqatçıları üçün Avropa İnsan Hüquqları Konvensiyasının (AİHK) 5-ci maddəsində təsbit edilmiş “Azadlıq və şəxsi toxunulmazlıq hüququ” mövzusunda təlim keçirilib.

Xətai Rayon Polis İdarəsinin İstintaq şöbəsinin rəisi, polis polkovnik-leytenantı Xıdır Xıdırov polis əməkdaşlarının peşə hazırlığının daha da təkmilləşdirilməsi istiqamətində İnstitutun həyata keçirdiyi bu layihəni yüksək dəyərləndirib.

İnstitutun İdarə Heyəti sədrinin müavini Vəfaddin İbayev təlimin gedişatı ilə bağlı iştirakçılara qısa arayış verdikdən sonra təlimçilər mövzu üzrə təqdimatlarla çıxış ediblər.

İnstitutun İnsan hüquqları üzrə təlim və ekspertiza şöbəsinin müdiri Vüsalə Muradxanlının moderatorluğu ilə keçirilən təlimdə təlimçi-ekspert Hamlet Babayev “AİHK-nın 5-ci maddəsi və dövlətin vəzifələri. Azadlıq və toxunulmazlıq hüququnun məhdudlaşdırılması. AİHK-nın 5-ci maddəsi üzrə Azərbaycana qarşı çıxarılan qərarlarda ən çox tanınan pozuntular” mövzusunda təqdimatla çıxış edib.  

Tədbirdə qanunvericilik və məhkəmə təcrübəsindəki dəyişikliklərin azadlıq hüququnun təminində əhəmiyyəti, təcrübədə mövcud olan problemlər, onların həlli ilə əlaqədar tövsiyələr, qanunvericilikdə dəyişikliklərlə bağlı təkliflər, azadlıq və toxunulmazlıq hüququ ilə bağlı aşkar edilmiş pozuntular şərh edilib. Təqdimatlarda AİHK-nın 5-ci maddəsi: Azadlıq və toxunulmazlıq hüququnun pozulması və AİHK-nın 5-ci maddəsi üzrə dövlətin vəzifələri mövzuları əhatə olunub.

Təlimdə maddə üzrə “Şübhəli şəxs kimi tutma və həbs qətimkan tədbirinin seçilməsi” və “Həbsdə saxlanılma müddətinin uzadılması barədə vəsatətlər” mövzularında qruplarla 2 kazus tapşırığı  işlənilib və təlim iştirakçılarının sualları cavablandırılıb. Sonda fəal iştirak edən 20 müstəntiqə və təhqiqatçıya sertifikatlar təqdim olunub.   


Dərc olunub : 24-06-2024

Oxunma sayı : 50