Yasamal Rayon İcra Hakimiyyətinin əməkdaşları üçün təlim təşkil olunub
Hüquq və İnsan Haqları İnstitutunun təşkil etdiyi “Mülkiyyət hüququnun qorunması və Avropa Konvensiyası” mövzusunda silsilə təlimlər çərçivəsində sentyabrın 28-də Yasamal Rayon İcra Hakimiyyətinin əməkdaşları üçün təlim keçirilib.
Tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Hüseyn Əfəndiyev müzakirə olunan məsələlərin əhəmiyyətindən danışaraq, inzibati müdaxilələr zamanı ictimai maraqlarla yanaşı, mülkiyyətçilərin hüquq və mənafelərinin də nəzərə alınmasının vacibliyini qeyd edib.
Təlimdə İnstitutun şöbə müdiri Hamlet Babayev və təlimçi-ekspert Heydər Həsən oğlu Əliyev mülkiyyət hüququnun müdafiəsi ilə bağlı Avropa hüquq standartlarını və məhkəmə təcrübəsini iştirakçıların diqqətinə çatdırıblar.
Təlimçilər təqdimatları zamanı mülkiyyət hüququnun pozulmasına səbəb ola bilən hallara, o cümlədən əmlakın qanunsuz özgəninkiləşdirilməsi və ya müvafiq prosedurlara əməl edilmədən sökülməsi, məhkəmə qərarının tələb olunduğu hallarda belə qərar olmadan müdaxiləyə yol verilməsi, kompensasiyanın düzgün hesablanmaması və ödənişlərin gecikdirilməsi kimi məsələlərə toxunublar.
İştirakçılar real hüquqi praktikaya yaxın hipotetik situasiyalar üzərində işləyərək müxtəlif müdaxilələrin hüquqi qiymətləndirilməsi və mülkiyyətçinin hüquqlarının təmin edilməsi yollarını müzakirə ediblər. Təlim qarşılıqlı fikir mübadiləsi və sual-cavab sessiyası ilə yekunlaşıb.
Dərc olunub : 28-09-2026
Oxunma sayı : 50