Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə İnstitutun iki əməkdaşı mükafatlandırılıb  

Noyabrın 7-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin Humanitar və İctimai Elmlər bölmələrinin, həmçinin  AMEA Azad Həmkarlar İttifaqının Zəfər Günü və Dövlət Bayrağı Gününə həsr edilmiş birgə tədbiri keçirilib. Tədbirdə Hüquq və İnsan Haqları İnstitutunun Həmkarlar Təşkilatının sədri Leyla Məmmədova da olmaqla, AMEA-nın elmi müəssisə və təşkilatlarının həmkarlar komitələrinin və qadın şuralarının sədrləri iştirak ediblər.

Tədbir Vətən müharibəsində qazanılmış Qələbənin 3 illiyi və Dövlət Bayrağı Günü münasibətilə sözügedən təşkilatların II Qarabağ müharibəsində iştirak etmiş qazi və müharibə iştirakçıları olan əməkdaşlarını təbrik etmək və mükafatlandırmaq məqsədilə təşkil edilib.

Tədbirdə Vətənimizin azadlığı və suverenliyi uğrunda II Qarabağ savaşında iştirak etmiş İnstitutun iki qazi əməkdaşı – İnsan hüquqları üzrə təlim və ekspertiza şöbəsinin təlimçisi Əmrah Rəhimli və İT şöbəsinin proqramçısı Anar Qocayev İnstitutun Həmkarlar Təşkilatı tərəfindən mükafatlandırılıb.

Sonda AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli tədbirdə iştirak edən Vətən müharibəsinin bütün iştirakçılarını Böyük Qələbə Bayramı münasibətilə təbrik edib və birgə xatirə fotoşəkli çəkilib.

 

 




Dərc olunub : 2023-11-07 15:01:00
Oxunma sayı : 88