h.e.d., professor Kamil Nazim oğlu Səlimov

1956-cı il aprelin 12-də Bakı şəhərində anadan olub.

1974-1979-cu illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb, 1980-1981-ci illərdə Ukraynanın Xarkov Universitetinin Hüquq fakültəsinin aspirantı olub.

1973-cü ildə Azərbaycan Elmi-Tədqiqat Məhkəmə Ekspertizası, Kriminalistika və Kriminologiya Problemləri İnstitutunda laborant, 1979-1984-cü illərdə vəkil, 1984-1987-ci illərdə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədr müavini, 1988-1992-ci illərdə BDU-nun Hüquq fakültəsinin Kriminalistika və məhkəmə ekspertizası kafedrasının müəllimi kimi fəaliyyət göstərib. 1992-ci ildən həmin kafedranın müdiridir; kriminalistika, əməliyyat-axtarış fəaliyyəti fənlərini tədris edir.

1987-ci ildə SSRİ Prokurorluğu yanında Cinayətkarlığın səbəblərinin öyrənilməsi və qarşısının alınması üzrə tədbirlərin hazırlanması Ümumittifaq İnstitutunda hüquq elmləri namizədi dərəcəsi almaq üçün namizədlik dissertasiyası, 2000-ci ildə isə Rusiya Federasiyası Daxili İşlər Nazirliyi ETİ-də hüquq elmləri doktoru elmi dərəcəsi almaq üçün doktorluq dissertasiyasını müdafiə edib.

Kamil Səlimov 2006-cı ildə Ədliyyə Nazirliyi yanında Məhkumların islah edilməsində və penitensiar müəssisələrin fəaliyyətində ictimai nəzarətin həyata keçirilməsində ictimaiyyətin iştirakını təmin edən İctimai Komitənin koordinatoru, 2007-2009-cu illərdə isə həmin komitənin üzvü kimi çalışıb.

O, həmçinin, 2004-2009-cu illərdə “Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyinin sədri, 2007-2009-cu illərdə Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının eksperti, 2008-2009-cu illərdə isə Azərbaycanda İnsan Hüquqlarına dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupunun sədri olub.

101 məqalə, 2 monoqrafiya, 4 kitab və 1 patent müəllifidir. 

 

Ekspertiza sahəsi:

 

Terrorçuluqla mübarizənin kriminoloji və kriminalistik problemləri;

Ayrı-ayrı cinayətlərin törədilməsinin istintaq metodikası;

Münaqişələr, terrorçuluğun qarşısının alınması və profilaktikası.