Musa Hümbət oğlu Hümbətov

Musa Hümbət oğlu Hümbətov 29 iyun 1957-ci ildə anadan olmuşdur. 1974-cü ildə Ağsu rayonunun 1 saylı orta məktəbini bitirmişdir. 1975-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının Kibernetika İnstitutunda laborant vəzifəsində işləmişdir.  

1978-ci ilin mart ayında Azərbaycan SSR Daxili İşlər Nazirliyinin İslah-əmək müəssisələri idarəsinin 1 saylı istintaq təcridxanasında nəzarətçi vəzifəsinə qəbul edilmişdir. O, Azərbaycan SSR Daxili İşlər Nazirliyinin göndərişinə əsasən 1980-1984-cü illərdə SSRİ Daxili İşlər Nazirliyinin Ryazan ali məktəbində təhsil almışdır. Həmin ali təhsil müəssisəsinin Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirərək, hüquqşünas ixtisasına yiyələnmış, ona ilk zabit – daxili xidmət leytenantı xüsusi rütbəsi verilmişdir.

M.Hümbətov 1984-cü ildə Azərbaycan Daxili İşlər Nazirliyinin İslah-əmək müəssisələri idarəsinin aparatında İstintaq təcridxanaları və həbsxanalar bölməsində əməliyyat müvəkkili vəzifəsinə təyinat almış, qısa müddətdən sonra həmin idarənin bölmə və şöbə rəisi vəzifələrinə irəli çəkilmişdir.

1993-cü ildən Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin qərargah rəisi, 2008-ci ildən isə Penitensiar Xidmətin Təşkilat-nəzarət idarəsinin rəisi vəzifələrində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci tarixli Sərəncamı ilə ölkədə yeni yaradılmış Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin rəis müavini vəzifəsinə təyin olunmuş, 2022-ci ilin iyul ayınadək həmin vəzifədə çalışmış və yaş həddi ilə əlaqədar baş ədliyyə müşaviri rütbəsində təqaüdə çıxmışdır.

2000-2015-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət hüququ və kriminologiya kafedrasında və Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında müəllim kimi çalışmışdır. Azərbaycanda cəzaların icrasına həsr olunmuş ilk dərs vəsaitinin – “Cəza və onun icrası” kitabının (1999-cu il) müəllifidir. 1996-2024-cü illər ərzində M.Hümbətov cinayət və cəza-icra hüquq sahələri ilə əlaqədar Azərbaycanda, digər ölkələrdə işıq üzü görmüş ümumən 14 kitab, dərslik və monoqrafiyanın, 50-yə yaxın elmi məqalənin müəllifi və ya həmmüəllifi olmuşdur.

İşlədiyi müddətdə xidmətdə fərqləndiyinə görə dəfələrlə Daxili İşlər və Ədliyyə nazirliklərinin mükafatlarına layiq görülmiş, ona üç dəfə vaxtından əvvəl növbəti xüsusi rütbə verilmiş, 2008-ci ildə isə “Fəxri ədliyyə işçisi” döş nişanı ilə təltif edilmişdir.

Eyni zamanda, M.Hümbətov dövlət təltiflərinə - “Daxili işlər orqanlarında qüsursuz xidmətə görə”, “Dövlət qulluğunda fərqlənməyə görə”, “Azərbaycan ədliyyəsinin 100 illiyi (1918-2018)” medallarına layiq görülmüşdür.

 

Ekspertiza sahəsi: 

 

• Cinayət hüququ;

• Kriminalistika;

• Əməliyyat-axtarış fəaliyyəti;

• Cəza-icra hüququ.