Hüquq və İnsan Haqları İnstitutunun hüquq tədqiqatçılarının məqalələri dərc olunub

İnstitutun hüquq tədqiqatçılarından İ.Əliyevin “Hüquqda ədalətin mənəvi meyarı” və N.İbrahimlinin “Cinayət təqibi üzrə icraatın birləşdirilməsi və praktik məsələlər haqqında” məqalələri “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası Ulu Öndər irsinin daşıyıcısıdır” adlı respublika elmi-praktik konfransının 01-02 dekabr 2023-cü il tarixli buraxılışının materiallar toplusunda dərc olunub.

Hüquq tədqiqatçısı İ.Əliyevin məqaləsində hüququn sosial münasibətlərdə əvvəlki sosial tənzimləyiciləri əvəz etməsinin aspektlərindən və ictimai münasibətlərin hüquqla tənzimlənməsinin ədalətli hesab olunmasından bəhs edilir. Həmçinin, müəllif araşdırmasında göstərir ki, ədalət prinsipi həyata keçirilmədən Azərbaycan Respublikasının Konstitusiyası ilə bəyan edilmiş hüquqi və sosial dövlət quruculuğundan söhbət gedə bilməz.

Digər hüquq tədqiqatçımız N.İbrahimlinin məqaləsində isə cinayət təqibi üzrə icraatın birləşdirilməsi institutunun Azərbaycan Respublikasının qanunvericilik sistemində yeri və əhəmiyyəti təhlil edilib, eyni zamanda praktiki məsələlərə toxunulub. Məqalədə mövcud qanunvericilik normalarının dəyişən şəraitə uyğunlaşdırılmasının və təkmilləşdirilməsinin zəruriliyi qeyd edilib. Müəllif törədilmiş cinayətin gizlədilməsinə və ya xəbər verilməməsinə dair ittihamları, hal üzrə nəzəri və praktiki vəziyyətləri təhlil edərək qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə müvafiq təkliflər verib.




Dərc olunub : 2023-12-11 14:24:00
Oxunma sayı : 83