İnsan hüquqları sahəsində təlimlər Ədliyyə Nazirliyi Penitensiar xidmətində müzakirə olunub

15.02.2024-cü il tarixdə Ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi ədliyyə general-mayoru Mirsaleh Seyidov Hüquq və İnsan Haqları İnstitutu publik hüquqi şəxsin İdarə Heyətinin sədri Məhəmməd Quluzadə və İnstitutun məsul əməkdaşları ilə görüş keçirib.

Görüşdə Penitensiar xidmət əməkdaşlarının hüquqi biliklərinin artırılması və maarifləndirilməsi, onlar üçün təlimlərin təşkili və keçirilməsi, məhkum və həbs edilmiş şəxslərin hüquqlarının qorunması, onlara hüquqi yardımın göstərilməsi, cəzaçəkmə müəssisələrinin kitabxanalarının hüquq ədəbiyyatı ilə zənginləşdirilməsi məsələləri müzakirə olunub.

Nazir müavini qonaqları salamlayaraq, Penitensiar sahədə aparılan islahatlar və  yeniliklər barədə onlara ətraflı məlumat verib. O qeyd edib ki, aparılan islahatlar çərçivəsində Xidmətin peşəkar kadr korpusunun formalaşdırılması, hazırlıqlı kadrların işə qəbulu, işçilərin bilik və bacarıqlarının, fiziki və döyüş hazırlıqlarının artırılması, beynəlxalq və yerli qanunvericilik bazasının öyrənilməsi və bu sahədə yeniliklərin operativ olaraq tətbiqi prioritet məsələlərdəndir.

M.Seyidov məhkum və həbs edilmiş şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində Penitensiar xidmət əməkdaşlarının peşəkarlığının artırılmasında hər bir təklifin dəyərli olduğunu qeyd edərək, Hüquq və İnsan Haqları İnstitutu publik hüquqi şəxs tərəfindən Xidmət əməkdaşları üçün təlimlərin keçirilməsi təşəbbüslərinə görə təşəkkürünü bildirib. Müzakirələr zamanı qonaqlara süni intellektin tətbiqi ilə vətəndaşlara məsafədən eyni vaxtda müxtəlif ədliyyə xidmətlərinin göstərilməsini mümkün edən “ƏNTEZ” xidmət platforması barədə geniş məlumat verilib.

Hüquq və İnsan Haqları İnstitutu publik hüquqi şəxsin İdarə Heyətinin sədri Məhəmməd Quluzadə səmimi qəbula görə minnətdarlığını bildirib. O, İnstitutun 2023-cü ildəki fəaliyyəti və əldə edilən nailiyyətlər barədə təfərrüatları təqdim edib. Məhəmməd Quluzadə İnstitutun təlimçi-ekspertləri tərəfindən dövlət qurumlarının və hüquq mühafizə orqanlarının əməkdaşları, yerli icra hakimiyyətinin nümayəndələri, o cümlədən qadınların və yetkinlik yaşına çatmayanların cəzaçəkmə müəssisələrində məhbuslar üçün insan hüquqlarının müdafiəsi istiqamətində təşkil olunan maarifləndirici təlimlər barədə danışıb.

Daha sonra məsələ ətrafında fikir mübadiləsi və müzakirələr aparılıb.


Dərc olunub : 15-02-2024

Oxunma sayı : 150