İnstitutda “Akademik hüquqi yazı” adlı təlim keçirilib

Cari il yanvar ayının 13-də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (ARVK) və Hüquq və İnsan Haqları İnstitutunun birgə əməkdaşlığı çərçivəsində “Akademik hüquqi yazı” adlı növbəti təlim keçirilib.
Təlimdə açılış nitqi ilə çıxış edən Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə tədbirin əhəmiyyətini qeyd edib, hər bir hüquqşünasın mükəmməl yazı vərdişlərinə sahib olmasının zəruriliyini vurğulayıb.
Açılışda çıxış edən Vəkillər Kollegiyası Akademiyasının rektoru, h.e.d., professor Əmir Əliyev tədbir iştirakçılarını Vəkillər Kollegiyası İdarə Heyətinin sədri Anar Bağırovun adından salamlayıb, təlimin işinə uğurlar arzulayıb. Professor öz çıxışında vəkillik fəaliyyətində rastlaşılan hüquqi problemlərin vəkillər tərəfindən təhlil olunmasının daha praktik olduğunu vurğulayıb, “Azərbaycan vəkili” elmi-praktik hüquq jurnalında elmi məqalələrlə çıxış etmək arzusunda olan şəxslərə redaksiya tərəfindən dəstək veriləcəyini və belə tədbirlərin davamlı olacağını qeyd edib.
Təlimdə iki mövzu üzrə beynəlxalq hüquq, insan hüquqları və informasiya hüququ üzrə ekspertlər – BDU-nun Hüquq fakültəsinin “İnsan hüquqları və informasiya hüququ” UNESCO kafedrasının və Dövlət Gömrük Komitəsi Akademiyasının müəllimi, h.ü.f.d. Gülnaz Rzayeva və mediator, BDU-nun Hüquq fakültəsinin “İnsan hüquqları və informasiya hüququ” UNESCO kafedrasının müəllimi, h.ü.f.d. Şahin Məmmədrzalı tərəfindən “Akademik hüquqi yazının növləri və beynəlxalq təcrübə” və “Akademik hüquqi yazının strukturu və quruluşu” adlı məruzələr iştirakçılara təqdim olunub.
İştirakçılar tərəfindən böyük maraqla qarşılanan təlimin rəsmi hissəsinin sonunda iştirakçıların sualları cavablandırılıb, sertifikatlar təqdim olunub və xatirə fotoşəkli çəkdirilib.
ARVK-nın 27 üzvü, Vəkillər Kollegiyası Akademiyasının, Hüquq və İnsan Haqları İnstitutunun əməkdaşları və tədqiqatçı alimlər daxil olmaqla təlimdə ümumilikdə 45 nəfər iştirak edib.




Dərc olunub : 2024-01-15 10:55:00
Oxunma sayı : 206