İnstitutun növbəti təlimi Nizami Rayon İcra Hakimiyyətinin əməkdaşları üçün keçirilib

Mayın 24-də İnstitutun təlimçi-ekspertləri tərəfindən Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin əməkdaşları üçün təlim keçirilib. Təlim “Vətəndaşların müraciətlərinə baxılması”, “Dövlət qulluğu və korrupsiya”, “Sosial mediada məsuliyyət” və “Yerli icra hakimiyyəti orqanlarının QHT-lərlə əməkdaşlığının perspektivləri” mövzularını əhatə edib.

Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini İldırım Mehdiyev qonaqları salamlayaraq bildirib ki, İnstitutun təşkil etdiyi təlimlər dövlət qurumlarının əməkdaşları üçün xüsusi əhəmiyyət kəsb edir. İdarə Heyətinin sədr müavini Üzeyir Məmmədov İnstitutun  əsas məqsəd və vəzifələri, fəaliyyət istiqamətləri və gələcəkdə nəzərdə tutulmuş təlimlər, eyni zamanda Bakı şəhərinin müxtəlif rayon İcra Hakimiyyəti orqanlarında, Daxili İşlər Nazirliyinin tabeliyində olan bir sıra Polis İdarə və şöbələrində, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin müxtəlif cəzaçəkmə müəssisələrində təşkil etdiyi çoxsaylı təlimlər barədə ətraflı məlumat verib. Ü.Məmmədov İnstitutda yeni yaradılmış və Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş “Hüquq və insan haqları virtual kitabxana”nın bazasında toplanmış müxtəlif hüquq ədəbiyyatlarının hüquqşünaslar üçün daha da əlverişli olacağını bildirib.

Təlimçi-ekspert Araz Abdullasoy “Vətəndaşların müraciətlərinə baxılması” mövzusunda çıxış edərək “Sosial xidmət haqqında” Azərbaycan Respublikası qanunu və “Açıq Hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nda nəzərdə tutulmuş bəndlərin əhəmiyyəti haqqında danışıb. Həmçinin, A.Abdullasoy vətəndaşların Onlayn İctimai Nəzarət Platformasına müraciətlərinin mahiyyətini geniş izah edib.

İnstitutun təlimçi-eksperti Vüsalə Muradxanlı “Sosial mediada məsuliyyət” və  “Yerli icra hakimiyyəti orqanlarının QHT-lərlə əməkdaşlığının perspektivləri” mövzusunda təqdimatla çıxış edib. Təlimçi şəxsin sosial şəbəkə platformasından istifadə etmək hüququ və informasiya əldə etmək hüququndan istifadə zamanı internet qaydalarına tabeliliyi, ictimai nəzarətin təmin edilməsində və Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında QHT-lərin rolu məsələlərinə toxunub.

Təlimçi Nəzrin Əliyeva “Dövlət qulluğu və korrupsiya” mövzusunda çıxış edərək, korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləri, vəzifəli şəxslərin öz statuslarından, təmsil etdikləri orqanın statusundan, vəzifə səlahiyyətlərindən irəli gələn imkanlardan istifadə etməklə qanunsuz olaraq imtiyazlar və ya güzəştlər əldə etməsi halları barədə məlumat verib. O, habelə, vəzifələrindən azad edilmiş və həbs olunmuş məmurların statistikasını diqqətə çatdırmaqla, milli və beynəlxalq qanunvericilikdə bu problemlərin tənzimlənməsi məsələlərinin təhlilini aparıb.

Müzakirələr zamanı icra hakimiyyəti əməkdaşlarının sualları cavablandırılıb, mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb, həmçinin, təlimin qiymətləndirilməsi üçün sorğu-anket forması iştirakçılar tərəfindən doldurulub.

Sonda təlimdə iştirak edən icra hakimiyyəti əməkdaşlarına sertifikatlar təqdim olunub.                         

       

 




Dərc olunub : 2023-05-24 14:25:00
Oxunma sayı : 110