İnstitutun rəhbəri Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş sərgidə çıxış edib

Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycan Ofisi, Ombudsman, Bakı Dövlət Universitetinin Hüquq fakültəsi və Hüquq və İnsan Haqları İnstitutunun (İnstitut) birgə təşkilatçılığı ilə dekabrın 8-də Beynəlxalq İnsan Hüquqları Gününə həsr edilmiş sərgi keçirilib. 

Tədbirin açılış mərasimində İnstitutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə çıxış edərək bildirib ki, Ümumdünya İnsan Hüquqları Bəyannaməsi 70-dən çox insan hüquqları konvensiyasının hazırlanmasında rəhbər sənəd rolu oynayıb. O, gəncləri sənədin öyrənilməsinə dəvət edib. Eyni zamanda, İnstitut rəhbəri insan hüquqlarının mövcud pozulmalarına çevik və qərəzsiz cavab verilməsinin, BMT və onun təsisatlarının təkmilləşdirilməsinin zəruriliyini vurğulayıb.

Sərgidə BMT-nin tarixi yolunu əhatə etməklə insan hüquqlarının təkamülünü, qlobal çağırışları və onların həll yollarını əks etdirən fotoşəkillər, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin maddələrindən bəhs edən videoismarıclar və nəşrlər nümayiş olunub. Eyni zamanda, jurnalistlər tərəfindən insan hüquqları mövzusunda yazılmış ən əhatəli məqalələr və uşaqların çəkdikləri ən yaxşı rəsmlər mükafatlandırılıb. Sonda sosial teatr performansları ilə çıxış edən Hüquq fakültəsinin bir qrup tələbəsinə təşəkkür sertifikatları təqdim olunub.

 




Dərc olunub : 2023-12-08 16:49:00
Oxunma sayı : 109