İnstitutun rəhbəri Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 illiyinə həsr olunmuş tədbirdə çıxış edib

Noyabrın 30-da BMT-nin Azərbaycan Nümayəndəliyi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin birgə tərəfdaşlığı ilə Ümumdünya İnsan  Hüquqları Bəyannaməsinin  75 illiyinə  həsr  olunmuş   “İnsan haqları – 75, Bakı Konfransı”  keçirilib.

Konfransda İnstitutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə “Azərbaycanda  insan hüquqlarının müdafiəsi: nailiyyətlər və problemlər” mövzusunda panel müzakirədə spiker qismində çıxış edib. Sədr çıxışında insan hüquqları sahəsində qlobal çağırışların sırasında mövcud beynəlxalq konvensiyaların icra mexanizmlərinin zəif olması, beynəlxalq təşkilatlarda insan hüquqlarının pozulması hallarına reaksiyanın bəzən qərəzli, yubanmış və qeyri-adekvat olması məsələsinə toxunaraq, bu sahədə təkmilləşdirilmələrin aparılmasına ehtiyac olduğunu qeyd etmişdir. Eyni zamanda, o, işğaldan azad edilmiş ərazilərimizə vətəndaşlarımızın köçürülməsi və onların insan hüquqlarının təminatı prosesində minaların ciddi problem yaratdığını, beynəlxalq ictimaiyyətin ölkəmizə bu istiqamətdə ciddi dəstək olmamasını qeyd etmişdir. 

M.Quluzadə çıxışında qadınlara qarşı zorakılıq, artan boşanma hallarının uşaq hüquqlarına mənfi təsir göstərməsini, habelə xaricdə təhsil almaq istəyən tələbələrimizin təhsil hüquqlarının ayrı-ayrı səfirliklərin viza imtinaları ilə pozulmasına da münasibətini bildirib.

 




Dərc olunub : 2023-12-01 09:42:00
Oxunma sayı : 103