Əməkdaşımız "Dövlət Qurumlarında İnformasiya Şəffaflığının Ölçülməsi”nin hesabat iclasında İnstitutumuzu təmsil edib

İyulun 5-də Azərbaycan Respublikası "Dövlət Qurumlarında İnformasiya Şəffaflığının Ölçülməsi” təşəbbüsü çərçivəsində 1 yanvar-31 mart 2023-cü il tarixlərini əhatə edən monitorinqin yekun hesabatı açıqlanıb.

Hesabat layihənin rəhbəri, hüquqşünas Ələsgər Məmmədli və monitorinq qrupunun rəhbəri Nəsimi Məmmədlinin təqdimatı, həmçinin, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri Fergus Auldun, yerli QHT təmsilçilərinin və bir sıra dövlət qurumlarının nümayəndələrinin  iştirakı ilə baş tutub. Hesabat iclasında İnstitutumuzu Mətbuat və beynəlxalq əlaqələr şöbəsinin müdiri İlqar Ağasiyev təmsil edib.

Hesabatın təqdimatında bildirilib ki, monitorinq qanunvericiliyə uyğun olaraq informasiya sahibi rolunda mövcud olan 151 dövlət qurumu və hüquqi şəxslərin rəsmi saytları əsasında aparılıb (14 dövlət qurumu, 17 nazirlik, 7 komitə, 19 dövlət xidməti, 30 agentlik, 20 Açıq Səhmdar Cəmiyyəti (ASC) və Qapalı Səhmdar Cəmiyyəti (QSC), 28 fond, 16 şirkət, idarələr, mərkəzlər, MMC-lər, komissiyalar, institutlar və digər qurumlar).

İclasda qeyd edilib ki,  dövlət qurumlarının göstərdiyi elektron xidmətlərin vəziyyəti 13 parametr və 59 qiymətləndirici meyar üzrə təhlil edilib, informasiyaların və xidmətlərin kəmiyyət və keyfiyyəti hərtərəfli araşdırılıb.  Bu məqsədlə 10562 bloka giriş edilib, dövlət qurumlarının rəsmi internet resurslarında onlayn şəffaflıq vəziyyətini ölçmək üçün rəsmi saytlarda yerləşdirilən 8968 informasiya blokunun hər biri fərdi analiz edilib.

Bundan başqa, dövlət qurumlarının dövlət xidmətləri ilə bağlı vahid məlumat portalına inteqrasiyasının real vəziyyəti də araşdırılıb. Sonda ilk 10-luqda olan dövlət qurumlarının adları ictimaiyyətə açıqlanıb. Həmin qurumların sırasında Vergilər Xidməti, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Dövlət Gömrük Komitəsi, Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Turizm Agentliyi və digərləri yer almışdır.

 

Hesabat ilə buradan ətraflı tanış ola bilərsiniz




Dərc olunub : 2023-07-05 15:08:00
Oxunma sayı : 87