Özbəkistandan gələn nümayəndə heyəti Hüquq və İnsan Haqları İnstitutunun qonağı olub
Yanvarın 25-də İnstitutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə ölkəmizdə səfərdə olan Özbəkistan Respublikası Ali Qanunvericilik Palatası sədrinin birinci müavini və Milli İnsan Hüquqları Mərkəzinin rəhbəri Akmal Saidovun başçılıq etdiyi nümayəndə heyətinin üzvləri ilə görüşüb.
Görüşdə Özbəkistan Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Baxrom Aşrafxanov da iştirak edib.
Qonaqları salamlayan M.Quluzadə İnstitutun fəaliyyəti barədə ətraflı məlumat verib. İdarə Heyətinin sədri İnstitutun insan hüquqları sahəsində apardığı maarifləndirici tədbirlər barədə danışarkən vurğulayıb ki, ötən il yerli icra hakimiyyətlərinin və DİN-in əməkdaşlarına, məhkəmə işçilərinə, həmçinin vəkillərə və hüquqşünaslara İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Azərbaycana qarşı çıxardığı qərarlarla bağlı silsilə təlimlər təşkil olunub. O, İnstitutda “Hüquq və İnsan Haqları virtual kitabxanası”nın fəaliyyət göstərdiyini, kitabxananın “oflayn” versiyasının qadın cəzaçəkmə müəssisəsində də yaradıldığını və istifadəçilərə xidmət göstərən kitabxananın hüquq vəsaitlərinə böyük tələbat olduğunu diqqətə çatdırıb.
Səmimi görüşə görə təşəkkür edən Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatası sədrinin birinci müavini A.Saidov bildirib ki, Özbəkistan adından beynəlxalq təşkilatlara təqdim olunan insan hüquqlarına dair bütün hesabatlar Ali Qanunvericilik Palatası ilə məsləhətləşdirilir. Özbəkistanda da Hüquq və İnsan Haqları İnstitutu kimi fəaliyyət göstərən və cəmiyyətin maarifləndirilməsi üçün mühüm tədbirlər həyata keçirən analoji qurumun – Milli İnsan Hüquqları Mərkəzinin olduğunu qeyd edərək, gələcəkdə İnstitutla bağlanılacaq ikitərəfli əməkdaşlıq sazişinin çox faydalı olacağını vurğulayıb. Eyni zamanda, İnstitutun insan hüquqları sahəsində həyata keçirdiyi bir neçə vacib təcrübənin Özbəkistanda da icrasının əhəmiyyətli ola biləcəyini söyləyib. Akmal Saidov bu yaxınlarda Özbəkistanda “İnsan Hüquqları Evi”nin açılacağı barədə məlumat verib.
Görüşün sonunda İdarə Heyətinin sədri Məhəmməd Quluzadə Özbəkistan nümayəndə heyətinə İnstitutun fəaliyyətindən bəhs edən, o cümlədən İnstitutun tədqiqatçı-alimlərinin əməyinin bəhrəsi olan hüquq, beynəlxalq hüquq sahələrinə aid və mədəni abidələrimizin tarixini əks etdirən dəyərli kitablar təqdim edib.
Dərc olunub : 26-01-2024
Oxunma sayı : 147