“Qloballaşan dünyada insan hüquq və azadlıqlarının təminatı və müdafiəsinə yeni yanaşmalar” mövzusunda elmi-praktik konfrans keçirilib

Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi və onun tabeliyində olan Hüquq və İnsan Haqları İnstitutunun birgə təşkilatçılığı ilə cari ilin 13 dekabr tarixində Beynəlxalq İnsan Hüquqları Gününə həsr edilmiş “Qloballaşan dünyada insan hüquq və azadlıqlarının təminatı və müdafiəsinə yeni yanaşmalar” mövzusunda elmi-praktik konfrans keçirilib. 
HEQT Mərkəzinin İcraçı direktoru Samir Mahmudov konfransı giriş nitqi ilə açaraq normativ hüquqi aktların layihələrinin hazırlanması və hüquqi ekspertizasının aparılması kimi vacib fəaliyyətlərin HEQT Mərkəzi tərəfindən səmərəli icra edildiyini bildirib. Daha sonra Samir Mahmudov normativ hüquqi aktların layihələrində hüquqi ekspertizanın həyata keçirilmə mexanizmlərindən, normayaratma texnikasının tələblərindən bəhs edərək, bu sahədə yeni təlimatın hazırlandığını və normayaratma fəaliyyəti və hüquq normalarının tətbiqi sahəsində dövlət orqanlarının (qurumlarının) hüquq sahəsində fəaliyyət göstərən əməkdaşlarına təlimlərin keçirildiyini qeyd edib. Eyni zamanda Samir Mahmudov HEQT Mərkəzi tərəfindən bir sıra Avropa ölkələrinin Mülki Məcəlləsinin təhlil edildiyini və həmin sənədlərdə mövcud olan müsbət təcrübənin Azərbaycan Respublikası Mülki Məcəlləsinin təkmilləşdirilməsində də istifadə olunacağını bildirib.
Daha sonra İnstitutun fəaliyyəti haqqında tədbir iştirakçılarına ümumi məlumat verən İdarə Heyətinin sədri Məhəmməd Quluzadə çıxışında qeyd edib ki, insan hüquqlarının təbliği, ictimaiyyətin hüquqi maarifləndirilməsi və bu sahə üzrə tədqiqatların aparılması üzrə İnstitut potensial kadrlar yetişdirir. Məhəmməd Quluzadə cari ildə insan hüquq və azadlıqlarının qorunması mövzusunda polis, məhkəmə, prokurorluq əməkdaşları, vəkillər, həmçinin gənc hüquqşünas və hüquq təhsili alan tələbələr daxil olmaqla, ümumilikdə 700-dək şəxsə maarifləndirici təlimlərin keçirildiyini vurğulayıb. Eyni zamanda Məhəmməd Quluzadə qeyd edib ki, bu il İnstitut tərəfindən 7 kitab nəşr olunub, həmçinin may ayında yaradılan "Hüquq və insan haqları virtual kitabxanası" 300-ə yaxın kitab sayı və internet vasitəsi ilə 60 min endirilmə sayı ilə geniş oxucu kütləsi toplayıb.
Konfransda həmçinin HEQT Mərkəzinin Xüsusi hüququn ekspertizası şöbəsinin müdiri Samir Tağıyev “Normativ hüquqi aktların ekspertizası”, İnstitutun hüquq tədqiqatçısı Aygün Arifli “İnsan hüquqlarının tədqiqatında yeni yanaşmalar”, habelə İnstitutun təlimçi-eksperti Heydər Əliyev “Normativ hüquqi aktların ekspertizasında insan hüquqları amili” mövzusunda geniş və maraqlı təqdimatlarla çıxış ediblər.
Müzakirələrdə Bakı Dövlət Universitetinin hüquq fakültəsinin kafedra müdiri, h.e.d., professor Əmir Əliyev və h.e.d. Turqay Hüseynov, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının hüquq kafedrasının müdiri, h.e.d., professor İsaxan Vəliyev, “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri Azər Allahverənov, Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının baş müəllimi Nuranə İbadova və başqaları çıxış ediblər.
Konfrans iştirakçıları azyaşlı miqrant uşaqların təhsil hüquqlarının qorunması, hüquq elminin inkişafı üçün təhsilin qiyabi formasının ləğv edilməsi və universitetlərdə nəzəri biliklərlə yanaşı, praktiki biliklərin öyrədilməsinin vacibliyi, habelə mediada təbliğ olunan nifrət nitqinin araşdırılaraq ekspertizasının aparılması və bu kimi digər vacib məsələlərə aydınlıq gətirərək, təkliflər veriblər. 


Dərc olunub : 14-12-2023

Oxunma sayı : 228