Şirvanşahlar Dövləti – İslam dünyasında ən uzunömürlü hakimiyyət
Oktyabrın 23-24-də Bakı Konqres Mərkəzində “Müasir Azərbaycandan tarixi Şirvanşahlar dövlətinə səyahət” adlı beynəlxalq elmi konfrans keçirilmişdir.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə təşkil edilmiş konfransda 30 ölkədən 150-dək xarici qonaq iştirak etmişdir.
Konfansın açılışında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə, mədəniyyət naziri Əbülfəs Qarayev, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Əsgər Ələkbərov, eləcə də əcnəbi qonaqlar çıxış etmişlər.
İkigünlük konfrans çərçivəsində məşhur alimlər islam aləmində ən uzunömürlü hakimiyyətə malik olan minillik Şirvanşahlar dövlətinin (VI-XVI əsrlər) tarixi, memarlığı, arxeologiyası, etnoqrafiyası, ədəbiyyatı, epiqrafikası və fəlsəfəsi ilə bağlı məruzələr etmişlər.
Qədim sivilizasiyanın mərkəzlərindən biri olan Azərbaycan tarixi dövlətçilik ənənələrinə malikdir. Vətənimizin ərazisində Manna, Midiya, İşquzay, Atropatena, Şirvanşahlar, Ağqoyunlu, Qaraqoyunlu, Səfəvilər və s. kimi dünyada məşhur dövlətlər olub. Şirvanşahlar dövləti 1000 ildən artıq müddət ərzində özünün ərazi bütövlüyünü müdafiə etmiş və qorumuş, mahir hökmdarların, sərkərdələrin, dahi şairlərin və alimlərin yaşadığı siyasi və mədəni mərkəz rolunu oynayaraq, özünün dövlətçilik ənənələri ilə tanınmışdır. Şirvanşahların dövründə Bakı, Şamaxı və Dərbənddə yüksək mədəniyyət nümunələri yaradılmışdır. Prezident İlham Əliyev Şirvanşahlar sarayının bərpası ilə bağlı xüsusi fərman imzalamışdır. Mehriban xanım Əliyevanın dəstəyi ilə Şirvanşahlar sarayı YUNESKO-nun ümumdünya irs siyahısına daxil edilmişdir.
Konfransda Hüquq və İnsan Haqları İnstitutunun böyük elmi işçisi, Qafqaz Tarixi Mərkəzinin direktoru, YUNESKO-nun dosenti, tarixçi Rizvan Hüseynov iştirak və çıxış etmişdir. O, ukraynalı alim Tatyana Krupa ilə birgə “ОСМАНСКИЙ ДЕФТЕР ИЗ СОБРАНИЯ ЦНБ ХНУ ИМЕНИ В.Н. КАРАЗИНА: НЕКОТОРЫЕ АСПЕКТЫ ИССЛЕДОВАНИЯИ АТРИБУЦИИ” adlı məruzə təqdim etmişdir.
Oktyabrın 24-də Şirvanşahlar saray kompleksində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən təşkil edilən “Şirvanşahlar irsi dünya muzeylərində” adlı sərgi açılmışdır. Sərginin açılışında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva iştirak etmişdir. Sərgi Bakıda “Müasir Azərbaycandan tarixi Şirvanşahlar dövlətinə səyahət” mövzusunda keçirilən beynəlxalq konfrans çərçivəsində təşkil olunmuşdur. Sərginin açılış mərasimində çıxış edən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Əsgər Ələkbərov qeyd etmişdir ki, sərgidə unikal eksponatlar nümayiş etdirilir, bunlar Azərbaycana dünyanın böyük muzeylərindən gətirilib. “Sərginin əsas eksponatı – İstanbul “Hərbi muzey”indən gətirilmiş maddi mədəniyyət nümunələridir. XVI əsrin əvvəllərində qanlı müharibələrdən sonra hərbi qənimət qismində Şirvanşahlar sarayından gətirilmiş sonuncu Şirvan hökmdarı Fərrux Yəssara məxsus dörd dəbilqə, Şirvanşah Keyqubadın və Şirvanşah I Xəlilullahın yaraq-əsləhələri müvəqqəti də olsa, doğma yerlərdə nümayiş etdirilir. Həmçinin, Gürcüstan Milli Muzeyindən gətirilmiş Pir Hüseyn ibadətgahına məxsus şirəli lövhələr də nümayiş olunur” – deyə, Əsgər Ələkbərov bildirmişdir.
Bu sərgi özünün müdrik dövlət xadimlərinin şanlı fəaliyyətləri ilə zəngin Şirvanşahlar sülaləsinin minillik hökmranlığı dövrünün nadir əhəmiyyəti barədə biliklərimizi artıran mühüm hadisələrdən biridir. Alimlər və tarixçilər dünyanın müxtəlif muzeylərində saxlanılan milli sənət nümunələrinin aşkar edilməsi istiqamətində böyük iş görmüşlər. Şirvanşahların irsinin bir hissəsi Londonda Viktoriya və Albert, İstanbulun “Hərbi Muzey” və Topqapı saray-muzeyi, məşhur “Metropoliten” muzeyi (Nyu-York), Berlində İslam Mədəniyyəti Muzeyi, Dövlət Ermitajı, Ərəb Dünyasının Araşdırılması İnstitutunun Muzeyi (Paris), Londonda XV yüzilliyin miniatürlərinin, “Şirvan antologiyası” əlyazmasının (1468) saxlandığı Britaniya Kitabxanası, türk ordusunun mütləq atributu sayılan və çoxfunksiyalı əhəmiyyəti olan tiyanların Bakıya gətirildiyi Gürcüstan Milli Tarix Muzeyi kimi dünya muzeylərinin kolleksiyalarındadır.
Tarixin bu dövrünə aid olan mühüm eksponatları, həmçinin, Azərbaycan Milli Tarix Muzeyində də saxlanılmaqdadır.
Dərc olunub : 25-10-2018
Oxunma sayı : 884