Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Hüquq və insan haqları virtual kitabxanası”nın təqdimatı keçirilib
Hüquq və İnsan Haqları İnstitutunun təşkilatçılığı və BMT-nin İnkişaf Proqramının dəstəyi ilə 2023-cü ilin “Heydər Əliyev ili” elan olunması çərçivəsində “Hüquq və insan haqları virtual kitabxanası”nın ictimaiyyətə açıq təqdimatı keçirilib. Təqdimat Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunub.
Tədbir iştirakçılarını salamlayan Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının Hüquq siyasəti məsələləri sektorunun müdiri Rüstəm Qasımov açılış nitqində bildirib ki, “Ümummilli Lider Heydər Əliyevin başqa sahələrdə olduğu kimi, ölkəmizin hüquq sistemində də fəaliyyətin yüksək tələblər səviyyəsində qurulması üzrə xidmətləri bu gün öz bəhrəsini verməkdədir. Onun başladığı köklü islahatlar nəticəsində müasir Azərbaycanda hüquq sisteminin inkişafı davamlı prosesə çevrilmişdir. Həyata keçirilən səmərəli hüquqi islahatlar hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının imzaladığı fərman və sərəncamlar qısa dövr ərzində ölkəmizin dinamik yüksəlişini təmin etmiş və həyata keçirilən islahatlara yeni təkan vermişdir”. R.Qasımov İnstitutun “Hüquq və insan haqları virtual kitabxanası”nı yaratmaq təşəbbüsünün hüquq ədəbiyyatı oxucuları üçün böyük töhfə olacağını da vurğulayıb.
BMT-nin İnkişaf Proqramının Azərbaycandakı Rezident nümayəndəsi v.i.e. Nuno Quieros “İnsan hüquqları - 2030 Gündəliyi və Dayanıqlı İnkişaf Məqsədləri”nə nail olunmasının BMTİP-in əsas istiqamətlərindən biri olduğunu qeyd edərək, virtual kitabxananın da bu prosesə ciddi töhfə verəcəyinə inandığını bildirib.
İnstitutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə tədbirdə Heydər Əliyevin ölkəmizdə insan hüquqları istiqamətində atdığı vacib addımlar barədə ətraflı məlumat verərək bildirmişdir ki, Ulu Öndərin 10 illik fəaliyyəti ərzində 1 Konstitusiya (48 maddəsi sırf insan hüquqlarına həsr edilib), 13 məcəllə, 425 qanun, beynəlxalq sənədlərə qoşulmaya dair 419 müvafiq akt, yüz mindən çox insana şamil edilən 32 əfv fərmanı və 7 amnistiya aktı qəbul edilmişdir. İnstitut rəhbəri həmçinin bildirmişdir ki, təqdim edilən virtual kitabxanada azərbaycanlı alimlərin hüquq və insan haqlarına dair üç dildə yazdıqları 217 vəsait pulsuz istifadə üçün yerləşdirilmişdir.
Milli Məclisin deputatı Bəhruz Məhərrəmov hüququn mənşəyini, inkişafını və fəaliyyətinin mahiyyətini, ən ümumi qanunlarını və meyillərini öyrənən, eyni zamanda bütün hüquq elmləri üçün ümumi anlayışlar və kateqoriyalar təşkil edən fundamental hüquq bazasının yaradılmasını təqdirəlayiq hesab edərək, bu ideyanı dəstəklədiyini diqqətə çatdırıb.
Qeyd edək ki, virtual kitabxana Azərbaycanda hüquq elminin inkişaf etdirilməsi, ölkə əhalisinin hüquqi maarifləndirilməsi, onların yeni biliklər əldə etməsi, eyni zamanda hüquq ədəbiyyatının təbliği və bu sahədəki yeniliklərin təminat bazasının toplanması məqsədilə yaradılıb.
Virtual kitabxana fondu ali məktəblərin hüquq fakültələrində çalışan ixtisaslı müəllim və professorların, hüquqşünas alimlərin, tədqiqatçıların, vəkillərin, müxtəlif dövlət qurumlarında fəaliyyət göstərən hüquqşünasların, həmçinin ictimai birliklərin hüquq və insan haqlarına dair kitab və məqalələr (Azərbaycan, rus və ingilis dillərində) toplusundan ibarətdir.
Yekunda hüquq elmində dəyərli əsərləri ilə virtual kitabxananın zənginləşdirilməsinə töhfə vermiş bir sıra alimlər “Təşəkkürnamə” ilə təltif ediliblər.
Təqdimatda Prezident Administrasiyası, Ombudsman Aparatı, dövlət qurumlarının və komitələrin nümayəndələri, Milli Məclisin deputatları, ali məktəblərin hüquq fakültələrinin dekan və kafedra müdirləri, həmçinin kitabxana direktorları, alimlər və media mənsubları iştirak etmişlər.
Dərc olunub : 11-05-2023
Oxunma sayı : 502