Özü ilə əqd bağlama, yoxsa təmsil səlahiyyətindən sui-istifadə? Konstitusiya Məhkəməsi Plenumunun 24 fevral 2012-ci il tarixli Qərarının təhlil - Azərbaycan Vəkili Jurnalı №25 (2025)

Açıqlama:

Konstitusiya Məhkəməsi Plenumunun M. Şahverdiyevanın şikayəti üzrə qəbul etdiyi 23 iyul 2013-cü il tarixli qərarının predmetini təşkil edən məhkəmə işində təmsilçi özünün kredit öhdəliyinin icrasının təminatı qismində təmsil olunanın mənzilini kreditorun (bankın) lehinə ipoteka ilə yüklü etmişdir. Təmsil olunan ipoteka müqaviləsinin təmsilçinin şəxsən özü barəsində bağlanmış əqd olduğu əsası ilə mübahisələndirmiş, lakin ümumi məhkəmələr həmin iddianı rədd etmişlər. Plenum, ərizəçinin fərdi şikayətini əsaslı hesab edərək Ali Məhkəmənin müvafiq qərarını qüvvədən düşmüş hesab etmişdir. Plenum gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.3 və 140-cı maddələrinə istinad etmişdir. Həmin normalardan birincisi, şəxsən özü ilə əqd bağlanması, ikincisi isə, daşınmaz əşya üzərində mülkiyyət hüququnun vicdanlı əldə edilməsi halları ilə bağlıdır. Hazırkı məqalə çərçivəsində bu növ əqdlərə münasibətdə Mülki Məcəllənin 359.3-cü maddəsinin tətbiqinin əsaslılığı araşdırılmışdır. Belə ki, “şəxsən özü ilə əqd bağlama” və “təmsil səlahiyyətindən sui-istifadə” anlayışları arasında fərqləndirmə aparılmasının zəruriliyi vurğulanmışdır. Qərarının predmetini təşkil edən məhkəmə işinin halları baxımından ortada “şəxsən özü ilə əqd bağlama” deyil, “təmsil səlahiyyətindən sui-istifadə” halının olduğu irəli sürülmüşdür. Bu mənada, Plenumun təmsil səlahiyyətindən sui-istifadəyə dair normaya (Mülki Məcəllə, m. 360.1-ə) istinad edərək şikayətə hüquqi qiymət verməsi məqsədəuyğun olardı. Bu şəxsən özü ilə əqd bağlamadan fərqli olaraq, təmsil səlahiyyətindən sui-istifadənin varlığı hər bir halda bağlanmış əqdin dərhal etibarsız olmasını deməyə imkan vermir. Əksinə, burada qarşı-qarşıya duran iki (təmsil olunanın və əqdin qarşı tərəfinin) mənafe vardır və mübahisənin həlli zamanı bu məqam diqqətə alınmalıdır. Digər tərəfdən, məqalədə, Mülki Məcəllənin 140-cı maddəsinin bu növ münasibətlərə tətbiqinin mümkün olmamasına dair mövqe ifadə edilmişdir. Çünki mübahisə kreditorun ipoteka hüququnu daşınmaz əmlakın dövlət reyestrindəki qeydə etimad edərək əldə etməsi ilə bağlı meydana gəlməmişdir


Müəllif : Dünyamin Novruzov
Nəşr tarixi : 2025
Yüklənmə sayı : 38

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir