Tədqiqatda insan hüquqları və əsas azadlıqlarına hörmət prinsipinin məzmunu və normativ-hüquqi əsasları hüquq ədəbiyyatında mövcud fikir müxtəlifliyi, beynəlxalq sənədlər və məhkəmə praktikası əsasında geniş təhlil edilir. Tədqiqatın birinci hissəsində mövzunun aktuallığı və əsas istiqamətləri müəyyən edilir. Qeyd edilir ki, insan hüquqları və əsas azadlıqlarına hörmət prinsipinin normativ-hüquqi əsasları beynəlxalq hüququn digər prinsiplərindən daha genişliyi və sistemliliyi ilə xarakterizə edilir. Tədqiqatın ikinci hissəsində insan hüquqları və əsas azadlıqlarına hörmət prinsipi və beynəlxalq təşkilatların mühüm fəaliyyət istiqamətləri təhlil edilir, nəhayət, bu sahədə beynəlxalq təşkilatlar fərqləndirilməklə bir sıra əhəmiyyətli məqamlar qeyd edilir. Üçüncü hissədə insan hüquqları və əsas azadlıqlarına hörmətin beynəlxalq-hüquqi prinsip əsasları və insan hüquqları və əsas azadlıqlarına hörmət prinsipinin normativ əsası kimi beynəlxalq müqavilələrin mühüm xüsusiyyətləri araşdırılır. Bu sahədə də konkret beynəlxalq müqavilələrə müraciət edilməsi əsaslı nəticələr əldə etməyə imkan verir. Dördüncü hissədə insan hüquqları və əsas azadlıqlarına hörmət prinsipinin məzmunu və normativ əsasları ilə əlaqədar bir sıra mühüm nəticələrə gəlinir. Belə nəticələrdən biri insan hüquqları və əsas azadlıqlarına hörmət prinsipinin əsas müddəalarının dövlətlərin daxili qanunvericiliyinə həmin sahədə beynəlxalq müqavilələrdə iştirakdan asılı olmayaraq daxil edilməsidir. Dövlətin əsas məqsədinin insan hüquqlarının təmin edilməsi, insan hüquqlarının birbaşa qüvvədə olması, beynəlxalq müqavilələr əsasında insan hüquqları standartlarının müəyyən edilməsi və s. bu zaman mühüm elementlərdən hesab edilə bilər. İnsan hüquqları sahəsində formalaşmış xüsusi prinsiplərlə (humanizm, ədalətlilik, fərdə daha əlverişlilik, inkişaf və s. ) insan hüquqları və əsas azadlıqlarına hörmət prinsipinin məzmunu daha da zənginləşmiş və yeni məzmunda inkişaf etmişdir.
Qiymətləndir