Bu məqalədə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90.7.5 və 153.2.4-cü maddələrində öz əksini tapmış, tutulmadan dərhal sonra şəxsin tutulması barədə xəbər vermək hüququnun hüquqi əsasları, tənzimləmələri və bu hüququn müdafiə hüququ ilə birbaşa əlaqəsi və onun tərkib hissəsi kimi geniş şəkildə araşdırılmasına çalışılmışdır. Müəyyən edilən hüquqi tənzimləmələrin kontekstində, bu hüququn müstəqil bir norma olması ilə yanaşı, eyni zamanda müdafiə hüququnun digər tərkib hissəsi kimi sayılan yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ ilə bərabər bir hüquqi prosedur olaraq təmin edilməsinin vacibliyi müzakirə edilir. Tutulmadan dərhal sonra şəxsin tutulması barədə xəbər vermək hüququ, müdafiə hüququnun ayrılmaz bir hissəsi kimi qiymətləndirilir. Çünki tutulma proseduru yalnız şəxsin özünün və ya müdafiəçinin müdaxiləsi ilə yox, həmçinin müdafiə hüququnu təmin edəcək digər hüquqi prosedurların tətbiqi ilə həyata keçirilməlidir. Bu, sadəcə bir formal tələb olmayıb, eyni zamanda şəxsin müdafiə hüququnu təmin edəcək və onun hüquqlarının pozulmasının qarşısını alacaq bir mexanizmdir. Tutulma zamanı şəxsin hüquqlarının düzgün şəkildə təmin olunmaması, onun müdafiə hüququna birbaşa təsir, bəzi hallarda isə şəxsin hüququnun pozulması, gələcəkdə məhkəmə prosesində isə onun müdafiəsiz qalmasına səbəb ola bilər. Məqalədə bu hüququn təmin olunmamasının şəxslərin hüquqi statusuna hansı formada təsir edə biləcəyi, bunun müdafiə hüququna təsiri və tutulma prosedurlarının tətbiqində qarşıya çıxan təcrübi çətinliklər müzakirə edilmişdir. Xüsusən də, tutulmanın hüquqi nəticələri və müvafiq qanunvericiliyə uyğun olaraq ümumilikdə şəxsin müdafiə hüququnun təmin edilməsi istiqamətində təcrübi məsələlər diqqətə çatdırılmışdır. Bundan əlavə, insan hüquq və azadlıqlarının təmin edilməsi və hüquqi prosedurların şəffaflığının genişləndirilməsi istiqamətində yeni yanaşmaların tətbiq edilməsi müzakirə edilir. Bu yanaşmalar, yalnız hüququn tətbiqini daha effektiv etmək məqsədini güdmür, həm də vətəndaşların hüquqlarının qorunması və hüquqi ədalətin təmini baxımından müasir tələblərə uyğun şəkildə inkişaf etdirilməsi diqqətə çatdırılır. Bu sahədəki təcrübələrə əsaslanaraq, hüquqi müdafiə mexanizmlərinin inkişaf etdirilməsi və optimallaşdırılması, həmçinin onların səmərəli şəkildə tətbiq edilməsinin müdafiəçilərin üzləşdiyi bir çox çətinlikləri aradan qaldıra bilməsi imkanları təsvir edilmişdir. Burada, normativ aktların konkret vəziyyətlərdə necə tətbiq edildiyi, bu hüququn təcrübədə necə təmin olunması və nəticədə hüquqi müdafiə ilə əlaqəli məsələlər ətraflı şəkildə təhlil edilir. Son olaraq, məqalədə hüquqi müdafiə mexanizmlərinin təkmilləşdirilməsi və optimallaşdırılması istiqamətində atılacaq addımların, həm müdafiə hüququnun effektivliyinin təmin edilməsinin, hüquqi yardımın keyfiyyətini artırmasının, həm də vətəndaşların hüquqlarının təmin olunmasına zəmanət verməsi imkanları göstərilmişdir. İnsan hüquq və azadlıqlarının təmin edilməsinin, müdafiə hüququnun həyata keçirilməsi, vəkillik fəaliyyətinin daha da gücləndirilməsi baxımdan deyil, həm də dövlətin hüquqi mexanizmlərinin daha şəffaf və ədalətli etmək baxımından əhəmiyyətli olması qeyd edilmişdir.
Qiymətləndir