Şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilən dələduzluq əməlinin cinayət-hüquqi təhlili - Polis Akademiyasının Elmi Xəbərləri Elmi Hüquq Jurnalı №1 (2022)

Açıqlama:

İqtisadi münasibətlərin dəyişilməsi, yeni mülkiyyət formalarının yaranması, vətəndaşlar, idarə, müəssisə və təşkilatlar arasında yeni hesablaşma qaydalarının tətbiqi və s. amillər ölkəmizdə və dünyada dələduzluq cinayətlərinin sayında artımların müşahidə olunmasına səbəb olmuşdur. Özgənin əmlakını başqa formada talama cinayətləri kimi, dələduzluq cinayətlərində də son məqsəd başqasının əmlakını qanunsuz yolla ələ keçirmək olsa da, bu cinayətlər özünün törədilmə üsullarına görə həmin cinayətlərdən əhəmiyyətli dərəcədə fərqlənir. Məlum olduğu kimi, bu fərq, əsasən, dələduzluq cinayət tərkibinin obyektiv cəhətində, yəni törədilmə üsulunda özünü göstərir. Belə ki, digər talama cinayətlərindən fərqli olaraq, dələduzluq aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi, yaxud mülkiyyətçisi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Bu baxımdan, elə Azərbaycan Respublikasının qüvvədə olan 1999-cu il Cinayət Məcəlləsinin 178.1- ci maddəsində dələduzluğa “etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə” kimi anlayış verilir. Bu nöqteyi-nəzərdən, törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən, hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun [4, s.679]. Bundan əlavə, deyə bilərik ki, dələduzluq əməlini törədən zaman, təqsirləndirilən şəxsin qəsdi təkcə özgənin bilavasitə əmlakına deyil, bəzi hallarda, bu əmlaka olan hüquqlara qarşı da yönəlir.


Müəllif : Orxan Aslanov - Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin “Cinayət hüququ və kriminologiya” kafedrasının elmlər doktoru proqramı üzrə qiyabi doktorantı
Nəşr tarixi : 2022
Yüklənmə sayı : 1

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir