Məhkum qadınların xüsusi hüquqi vəziyyətini nəzərə alaraq məqalədə onların sosial-iqtisadi hüquqları sırasında təcrübədə daha çox problemlərin müşahidə olunduğu sağlamlıq hüququ, eləcə də onların adaptasiyası ilə bağlı məsələlər araşdırılacaqdır. Azərbaycan Respublikası özünü sosial dövlət elan edərək vətəndaşların sağlamlığının layiqincə qorunmasına yönəlmiş müəyyən sosial siyasət həyata keçirməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq dövlətimizin qarşısında duran vəzifələrdən biri də əhalinin sağlamlığının qorunmasıdır ki, bu vəzifə Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin hər bir insanın özünün və ailəsinin sağlamlığı və rifahı üçün adekvat həyat səviyyəsi, o cümlədən qida, geyim, mənzil, tibbi xidmət və sosial xidmətlər hüququnu təsbit edən 25.1-ci maddəsini rəhbər tutur. İslah müəssisələrində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxsləri təcrid etməklə dövlətimiz yalnız cəzanın icrasını deyil, həm də onların sağlamlıqlarını qorumaq öhdəliyini öz üzərinə götürür.
Qiymətləndir