Beynəlxalq ticarəti asanlaşdırmaq və xarici iqtisadi fəaliyyət iştirakçılarının maraqlarını qorumaq üçün malların və nəqliyyat vasitələrinin gömrük sərhədlərindən daha sürətli və asan yolla keçirilməsini nəzərdə tutan sistemlərin işlənib hazırlanması və buna nail olmaq üçün milli qanunvericiliklərin unifikasiyası işini sürətləndirmək dövlətlərin gömrük siyasətinin prioritet istiqamətlərindəndir. Məqalədə bu məqsədlə yaradılan bəzi yeni institutlar, xüsusən də gömrük brokerləri və səlahiyyətli iqtisadi operatorlar institutu təhlil edilir, onların tətbiqi zamanı yaranan problemlər və bu problemlərin həlli üçün milli və beynəlxalq qanunvericilikdə edilə biləcək dəyişikliklər barədə araşdırma aparılır. Məqalədə gömrük brokerliyi institutu gömrük təmsilçiyinin dolayı forması kimi fərqləndirilir, onun tətbiqinin normativ əsaslarından bəhs edilir, məqsədləri və qarşısında duran vəzifələr müəyyənləşir. Qeyd edilir ki, gömrük brokerliyi institutu xarici ticarət əlaqələrinin inkişafında mühüm əhəmiyyətə malik yeniliklərdən biridir, lakin onun tətbiqində təcrübədə müəyyən çətinliklər vardır. Bu çətinliklər, bir qayda olaraq, gömrük broker şirkətlərinin inhisarçılığında və gömrük orqanlarının vəzifəli şəxsləri ilə gizli sövdələşməyə girərək xarici iqtisadi fəaliyyət iştirakçılarının maraqları əlaeyhinə qərarlar qəbul edilməsində özünü biruzə verir. Bu problemlərin aradan qaldırılması üçün gömrük sahəsində qəbul edilmiş beynəlxalq konvensiyalar hər gömrük buraxılış məntəqəsində azı iki gömrük broker şirkətinin təmsil olunmasını, gömrük broker şirkətləri ilə gömrük orqanlarının vəzifəli şəxslərinin qarşılıqlı əlaqəli şəxslər qrupunda olmaması üçün tədbirlər görülməsini nəzərdə tutan normaların daxil edilməsini tövsiyə edirlər. Məqalədə bəhs edilən digər qrup şəxslər olan Səlahiyyətli İqtisadi Operatorlar institutu gömrük brokeri institutundan daha gənc institutdur. Onun tətbiqinin nəzəri və normativ əsasları, tarixi, Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə daxil edilməsi barədə məqalədə təhlil aparılır. Səlahiyyətli İqtisadi Operatorlar institutunun tətbiqi zamanı meydana çıxan və gələcəkdə çıxa biləcək problemlər, qanunvericilikdəki boşluqlar araşdırılır, onların aradan qaldırılması üçün təkliflər verilir.
Qiymətləndir