Bu məqalənin yazılmasının məqsədi çəkişmə prinsipinin anlayışı, mahiyyəti və xüsusiyyətləri ilə bağlı məsələlər araşdırmaqdan ibarətdir. Eyni zamanda qeyd etmək lazımdır ki, məqalədə çəkişmə prinsipinin cinayət-prosessual fəaliyyət daxilində insan və vətəndaşların konstitusion hüquq və azadlıqlarının təmin edilməsindəki rolu ilə bağlı məsələ xüsusi qaydada müqayisəli təhlillər aparılmaqla öyrənilmişdir. Həmçinin, çəkişmə prinsipi tərəflərin hüquq bərabərliyi prinsipi ilə qarşılıqlı təhlili araşdırılmaqla çəkişmə prinsipinin yerinə yetirilməsi zamanı müdafiə və ittiham tərəfinin maraqlarının müdafiə edilməsinin konstitusion hüquqi əsasları müəyyən edilməyə çalışılmışdır. Eyni zamanda çəkişmə prinsipi zamanı tərəflərin prosesdə öz mövqelərini ifadə etmək imkanının reallaşdırılması istiqamətində də çəkişmə prinsipinin xüsusiyyətləri ətraflı və geniş şəkildə təhlil edilmişdir. İnsan hüquq və azadlıqlarına təsiri baxımından cinayət prosesi tənzimlənməsinə ən çox zərurət olan hüquq sahələrindən biridir. Bu cür tənzimləmə isə konstitusion normalara uyğun şəkildə həyata keçirilməlidir. Konstitusion normalar cinayət prosesinin prinsiplərində öz əksini tapır və bununla da digər normalar üçün ilkin müddəalar rolunu oynayır. Cinayət prosesinin belə prinsiplərindən biri isə çəkişmə prinsipidir. Müəllif tərəfindən hazırkı məqalədə cinayət prosesində çəkişmə prinsipinin konstitusion-hüquqi təhlili aparılmışdır. Bu zaman müəllif nəzəri ədəbiyyatlara, eləcə də məhkəmə qərarlarına geniş şəkildə istinad etmiş, öz fikirlərini irəli sürmüşdür. Yeni cinayət-prosessual qanunvericiliyimizin ən önəmli xüsusiyyətlərindən biri kimi cinayət mühakimə icraatına çəkişmə institutunun gətirilməsi ilə bağlı məsələlər araşdırılmışdır. Çəkişmə prinsipi sonradan qəbul edilmiş müxtəlif prosessual qanunvericilik aktlarında da təsbit edilmişdir. Milli cinayət-prosessual qanunvericilik islahatlarının gedişində onun müəllifləri AR Cinayət Prosessual Məhkəməsinin CPM-in müddəalarının beynəlxalq standartlara müvafiq surətdə daha da təkmilləşdirilməsi və demokratikləşdirilməsi yolu ilə getdilər. Beləliklə, çəkişmə proseduralarının mühakimə icraatına daxil edilməsi cinayət-prosessual qanunvericilik islahatlarının mühüm elementlərindən biri oldu və prosesin gedişində hakimin, prokurorun və vəkilin rolunu əhəmiyyətli dərəcədə dəyişdi. CPM cinayət prosesində ittiham və müdafiə tərəflərinin çəkişməsini cinayət mühakimə icraatının əsas prinsip və şərtlərinə aid etdi. Ümumiyyətlə, çəkişmə prinsipi cinayət mühakimə icraatının prinsipi kimi AR Konstitusiyasının 127-ci maddəsinin VII hissəsində, “Mülki və siyasi hüquqlar haqqında” Paktın 14.3-cü maddəsində və AİHK-in 6.3-cü maddəsində təsbit edilmişdir.
Qiymətləndir