Məqalədə cinayət prosessual hüquqda tərəflərin hüquq bərabərliyi və çəkişmə prinsiplərinin təmin edilməsi baxımından yeni bir hüquqi institutun - “Müdafiə Aktı”nın qanunvericiliyə daxil edilməsinin zəruriliyi əsaslandırılmışdır. Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş hüquqlar - məhkəmə müdafiəsi hüququ, yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ, təqsirsizlik prezumpsiyası yalnız normativ səviyyədə deyil, həm də təcrübi müstəvidə təmin olunmalıdır. Bunun üçün isə müdafiə tərəfinin prosessual imkanlarının ittiham tərəfinin alətləri ilə balanslaşdırılması tələb olunur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ittiham aktının tərtibi və təqdim olunmasını detallı şəkildə tənzimləsə də, müdafiə tərəfinin bu akta vahid, strukturlaşdırılmış cavab - sənədi təqdim etmək imkanı yoxdur. Müdafiə tərəfinin mövqeyi yalnız pərakəndə formada vəsatətlər, çıxışlar, etirazlar və izahatlarla ifadə olunur. Bu pərakəndəlik isə məhkəmədə ilkin təsəvvürlərin yalnız ittiham aktı əsasında formalaşmasına gətirib çıxarır və çəkişmə prinsipi faktiki olaraq zəifləyir. Belə vəziyyətin isə tərəflərin bərabərliyini formal xarakterə endirməsi və müdafiənin səmərəliliyini azaltması əsaslandırılmışdır. Məqalədə müqayisəli hüquqi təhlil aparılaraq digər ölkələrin - İngiltərə, Şotlandiya və ABŞ kimi ölkələrin qanunvericiliklərində müdafiə mövqeyinin sistemləşdirilmiş sənəd formasında təqdim olunması göstərilir. Məqalədə Azərbaycan Respublikası CPM-ə yeni maddə kimi 289-1-ci maddənin “Müdafiə Aktı”nın əlavə olunması təklif olunur. Bu sənəd ümumi məlumatı əks etdirən giriş, verilmiş ittihama münasibət və müdafiə tərəfinin arqumentlərini ehtiva edən əsaslandırıcı hissə, eləcə də nəticə və əlavələrdən ibarət olmalıdır.Məqalədə təklif edilən model həm prosessual balansı möhkəmləndirir, həm də müdafiə tərəfinin mövqeyini vahid sənəd formasında təqdim etməyə imkan yaradır. Məqalədə qeyd edilir ki, “Müdafiə Aktı”nın qanunvericiliyə daxil edilməsi tərəflərin hüquq bərabərliyi və çəkişmə prinsipinin reallığını artıracaq, müdafiə tərəfinin mövqeyini sistemli formada əks etdirəcək, vəkillərin fəaliyyətində peşəkarlığın yüksəlməsinə və nüfuzunun artmasına töhfə verəcəkdir. Nəticə olaraq, bu institut ədalətli məhkəmə araşdırması hüququnun təmininə, məhkəmə sistemində şəffaflığın güclənməsinə və beynəlxalq standartlara uyğunlaşmaya xidmət edəcək, həm də dövlətin hüquqi sisteminin modernləşməsi baxımından mühüm əhəmiyyət daşıyacaqdır.
Qiymətləndir