Cinayət‐Prosessual Məcəllədə yeni prosessual şəxs: ölmüş təqsirləndirilən şəxsin hüquqi varisi - Azərbaycan Vəkili Jurnalı №9 (2016)

Açıqlama:

Cinayət hadisəsi törətmiş şəxsin özünün hadisənin gedişində həlak olması, yaxud onun sonradan vəfat etməsi hallarında ibtidai araşdırma orqanları və məhkəmələrin məhz hansı məzmunda prosessual qərarlar qəbul etmələri son illərə qədər mübahisə predmeti olmamışdır. Azərbaycan Respublikasının 2000‐ci ilə qədər qüvvədə olmuş Cinayət‐Prosessual Məcəlləsinin (bundan sonra CPM), habelə hazırda qüvvədə olan CPM‐nin 10.07.2011‐ci il tarixə qədərki redaksiyasının normalarına əsasən bu məsələnin sadə və bizim fikrimizcə məntiqi həlli var idi. Hadisə törətmiş təqsirli şəxsin nə vaxt ölməsindən asılı olmayaraq icraatında iş olan orqan tərəfindən icraata xitam verilirdi. Yalnız ölən şəxsin reabilitasiyasının zəruri olması hallarında icraat davam etdirilirdi. Həm də təqsirli şəxsin reabilitasiyası məqsədilə icraatın davam etdirilməsinə təcrübədə o hallarda yol verilirdi ki, cinayət törətməsi ehtimal olunan şəxs haqqında artıq ittiham aktı, yaxud məhkəmə hökmü mövcud olmuş olaydı. Bir sözlə cinayət hadisəsi törətmiş, lakin hadisənin gedişində, yaxud hadisədən sonra ölmüş şəxslər haqqında heç bir halda ittiham aktı yazılmırdı, onlar məhkəmənin hazırlıq iclasının qərarı ilə məhkəməyə verilmirdilər və təbii ki, mühakimə olunmurdular. Hazırda qüvvədə olan CPM‐nin 39.1.5‐ci maddəsi hadisə törətmiş şəxsin ölməsi hallarında onun təqsirinin sübuta yetirilib‐ yetirilməməsindən asılı olmayaraq cinayət təqibini istisna edir. Doğrudur, bəzi hüquqşünaslar hesab edirlər ki, təqsirli şəxs nəinki hadisəni törətdikdən sonra elə hadisəni törədilməsi gedişində də ölə bildiyindən bu maddənin dəqiqləşdirilməsinə eytiyac vardır. Biz hesab edirik ki, bu maddədə düzəliş edilmədən də söhbətin nədən getdiyi aydındır.


Müəllif : Müzəffər Ağazadə - Əməkdar hüquqşünas
Nəşr tarixi : 2016
Yüklənmə sayı : 39

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir