Kommersiya münasibətləri kontekstində sənaye mülkiyyəti obyektlərinin hüquqi mühafizəsinin real təmin edilməsi mexanizmlərinin müəyyən edilməsi daima əhəmiyyətli məsələlərdən biri hesab olunmuşdur. Qeyd edilən məsələ üzrə beynəlxalq tənzimetmənin 19-cu əsrdə həyata keçirilməyə başlanmış və “Sənaye mülkiyyətinin mühafizəsi haqqında” Paris Konvensiyasının hələ 1883-cü ildə qəbul edilməsi bu hüquqi məsələyə beynəlxalq diqqətin mövcud olduğunun əyani sübutu kimi qiymətləndirilə bilər. Bununla belə rəqəmsal inqilabi dəyişikliklər, informasiya texnologiyalarının sürətli inkişafı və bütün sahələrdə geniş istifadəsi biznes və kommersiya münasibətlərinə də təsirsiz ötüşməmişdir. Sənaye mülkiyyəti obyektləri həm əqli mülkiyyət hüququna dair bir kateqoriya, həm də iqtisadi kateqoriya olduğunu nəzərə alsaq, o zaman müasir dövrdə bu obyektlərin hüquqi mühafizəsinin təmin edilməsinin xüsusi əhəmiyyəti ilə seçildiyini qeyd edə bilərik. Rəqəmsal ticarət münasibətlərinin, transsərhəd kommersiya və biznes münasibətlərinin xarakteri nəzərə alınmaqla məqalədə sənaye mülkiyyəti obyektlərinin anlayışı və bu kateqoriya obyektlərin əhatə dairəsi, habelə müasir dövrdə transsərhəd münasibətlərdə tətbiq edilə bilən hüquqi mühafizə rejimləri araşdırılmışdır. Qeyd olunan istiqamət üzrə beynəlxalq sənədlərin tələbləri nəzərə alınmış, müxtəlif dövlətlərin normativ qanunvericiliyi və təcrübəsi baxımından müqayisəli təhlili aparılmışdır.
Qiymətləndir