Məqalədə beynəlxalq hüquqda davamlı inkişaf konsepsiyası, onun hüquqi statusu və sağlam ətraf mühitdə yaşamaq hüququ ətraflı şəkildə müzakirə edilir. Məqalədə bu konsepsiyanın əsas prinsipləri, o cümlədən ədalət, insan hüquqları və ekosistemlərin qorunması vurğulanır. İlk hissədə davamlı inkişafın tarixçəsi və beynəlxalq əməkdaşlıq zərurəti təqdim olunur. Stokholm Konfransından başlayaraq, Brundtland Hesabatı və Rio Bəyannaməsinin əhəmiyyəti izah edilir. Sonrakı bölmələrdə davamlı inkişaf hüququ və sağlam ətraf mühitdə yaşamaq hüququ insan hüquqları çərçivəsində dəyərləndirilir. Məqalənin sonunda sağlam ətraf mühit hüququnun fərdi və kollektiv insan hüququ kimi əhəmiyyəti vurğulanır. Sağlam ətraf mühitdə yaşamaq hüququnun tam şəkildə təmin olunması üçün bütün dünyada mövcud olan hüquqi boşluqların aradan qaldırılması vacibdir. Bu hüququn təmin olunması, yalnız ətraf mühitin qorunması ilə əlaqəli deyil, həm də insanların sosial və iqtisadi hüquqlarının, bərabərliyinin təmin olunması ilə sıx əlaqəlidir. Həmçinin, insan hüquqları təşkilatlarının və beynəlxalq məhkəmələrin bu məsələlərə münasibətini daha da möhkəmləndirmək, dövlətlərin müvafiq öhdəliklərini yerinə yetirmələrinə nəzarəti gücləndirmək önəmlidir. Ümumilikdə, məqalə davamlı inkişafın hüquqi çərçivəsinin gücləndirilməsinin və ekoloji ədalətin təmin edilməsinin vacibliyini qeyd edir.
Qiymətləndir