Vəkilin və vəkillik peşəsinin müstəqilliyinin nəzəri və praktiki-hüquqi əsasları - Azərbaycan Vəkili Jurnalı №25 (2025)

Açıqlama:

Bu məqalədə vəkillərin və vəkillik peşəsinin müstəqilliyinə dair yerli və beynəlxalq normalar, bu şərəfli peşədə müstəqilliyin sərhədlərinin harada başlayıb harada bitdiyi araşdırılacaqdır. Müstəqillik və azadlıq ifadələrini hər kəs, necə deyərlər, başa düşdüyü kimi öz fikri ilə ölçür. Lakin həqiqətdə və hüquqi normalarda vəkilin və vəkillik peşəsinin müstəqilliyi nədə ifadə olunur? Bəs hüquqi anlamda vəkilin müstəqilliyi hansı aspektlərdə ifadə olunur? Vəkilin müstəqilliyi, məhz onun hüquqi və etik öhdəliklərinin sərhədlərini aşa bilərmi? Vəkilin müstəqilliyi hüquqi sistemlərdə ədalət mühakiməsinin təmin olunması və vətəndaşların müdafiə hüquqlarının qorunması baxımından əsas prinsiplərdən biridir. Aydın məsələdir ki, qanunu pozmaq, saxta və təhrif olunmuş məlumat təqdim etmək və ya müvəkkilinin qeyri-qanuni hərəkətlərini ört-basdır etmək kimi hallar vəkilin müstəqilliyi prinsipinin müdafiə çərçivəsinə daxil ola bilmir. Yəni müstəqillik qanunvericilik normalarına və etik qaydalara əsaslanır və bu çərçivəni aşmır. Vəkilin müstəqilliyi aşağıdakı əsaslara görə önəmlidir: • Ədalət mühakiməsinin təmin edilməsi. Müstəqil vəkil olmadan şəxslərin müdafiə hüququ təsirli şəkildə realizə oluna bilməz; • Hüquqların müdafiəsi. Vəkilin müstəqilliyi vətəndaşların ədalətli məhkəmə prosesinə və bərabər hüquqi müdafiəyə malik olmasını təmin edir; • Qərəzsiz müdafiə. Dövlət və ya üçüncü tərəflərin təsirindən azad olan vəkil, müvəkkilinin maraqlarını obyektiv şəkildə qoruyur və lazımi müdafiəni təmin edir; • Demokratik hüquqi dövlətin prinsipi. Vəkilin müstəqilliyi hüquqi dövlətdə qanunun aliliyinin və hüquq bərabərliyinin təmin olunmasında mühüm rol oynayır. Deməli, vəkilin müstəqilliyi hüququn aliliyinin, ədalət mühakiməsinin obyektivliyinin və vətəndaşların müdafiə hüququnun əsas təminatlarından biridir. Müstəqillik dövlətin, məhkəmənin və digər təsirlərin xaricində fəaliyyət göstərməyi nəzərdə tutur, lakin bu, qanun və etik qaydalar çərçivəsində məhdudlaşdırılır. Bu balans, həm cəmiyyətin hüquqi sabitliyini, həm də fərdin ədalət mühakiməsinə, ədalətli məhkəmə araşdırmasına çıxışını (çatımlılığını) qoruyur. Məqalə ilə tanış olduqdan sonra belə bir fikrə gəlmək olar ki, qədim Roma imperatoru və stoik filosof Mark Avreli (Marcus Aurelius) demişkən: “azadlıq və müstəqillik istədiyin şeyi etmək yox, istəmədiyin şeyi etməyə məcbur edilməməkdir” (“Meditations” əsəri).


Müəllif : Turan Abdullazadə
Nəşr tarixi : 2025
Yüklənmə sayı : 31

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir