Məqalədə yetkinlik yaşına çatmayanların kino, teatr, sirk, konsert və sair mədəni-kütləvi tədbirlərdə aktyor, natura və sair qisimdə cəlb olunmasının hüquqi əsasları araşdırılmış və bu sahədə uşaq hüquqlarının təmin edilməsi məsələsi təhlil edilmişdir. Son zamanlarda Azərbaycanda istehsal olunan, zorakılığı, qəddarlığı əks etdirən, 18+ yaş kateqoriyasına aid edilən kinofilmlərdə 14 yaşına çatmamış uşaqların aktyorluq etməsi müşahidə edilmiş və bu sahədə əmək və mülki qanunvericilikdə hüquqi boşluqlar müəyyən olunmuşdur. Bundan əlavə, kino çəkilişində iştirak üçün uşaqların psixi və fiziki sağlamlığının uyğun olub-olmamasına dair tibbi müayinənin aparılmaması, uşaq hüquqlarının müdafiəsi ilə birbaşa məşğul olan dövlət orqanlarının bu proseslərə nəzarətinin həyata keçirilməsi üçün hüquqi alətlərin, mexanizmlərin olmaması təhlil zamanı aşkar olunmuşdur. Yetkinlik yaşına çatmayanların mədəniyyət sahəsinə aid fəaliyyətdə, həmçinin zərərli informasiya kontentinin yaradılmasında İngiltərə, Almaniya, Rusiya qanunvericiliyi təhlil edilmiş və kino istehsalatda uşaq əməyinin tənzimlənməsində qabaqcıl nümunələr göstərilmişdir. Məqalənin sonunda uşaqların kino, teatr, sirk, konsert və sair mədəni-kütləvi tədbirlərdə aktyor, natura və sair qisimdə cəlb olunmasında əmək və mülki qanunvericiliyinin tənzimlənməsi, uşaq hüquqlarının müdafiəsini həyata keçirən müvafiq dövlət orqanlarının iştirak etməsi üçün təkliflər verilmişdir.
Qiymətləndir