Bu məqalənin məqsədi Azərbaycan Respublikasında fiziki şəxslərin pensiya təminatının müəyyən olunması zamanı mülki ali və orta ixtisas təhsil müəssisələrində keçirdikləri təlim vaxtının bir hissəsinin pensiya təyinatı zamanı əmək stajı olaraq hesablanmasının praktiki əhəmiyyətini araşdırmaqdır. Məqalədə normativ-hüquqi aktların təhlili, müqayisəli hüquqşünaslıq yanaşması və praktiki tətbiq təcrübəsinin öyrənilməsi metodlarından istifadə olunmuşdur. Məqalənin elmi yeniliyi ondan ibarətdir ki, Azərbaycan Respublikasında fiziki şəxslərin pensiya təminatı kontekstində mülki ali və orta ixtisas təhsil müəssisələrində keçirdikləri təlim vaxtının bir hissəsinin pensiya təyinatı zamanı əmək stajı olaraq hesablanmasının hüquqi əsasları ilk dəfə sistemli şəkildə təhlil edilərək, bu sahədə mövcud qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı yeni yanaşmalar və təkliflər irəli sürülmüşdür.
Müəllif :
Pərviz Qəribov, Qəhrəman Behbudov, Yusif Mirzəzadə
Nəşr tarixi : 2025
Müasir dövrdə dövlətlər arasında bağlanan azad ticarət zonalarına dair sazişlər beynəlxalq hüquqi münasibətlərin ən geniş yayılmış formalarından biri kimi çıxış edir. Bu cür sazişlər adətən struktur baxımından nisbətən sadə olsa da, onların hüquqi nəticələri dərin və çoxşaxəlidir. Məqalədə bu müqavilə formalarının hüquqi mexanizmləri NAFTA (Şimali Amerika Azad Ticarət Sazişi) nümunəsi əsasında təhlil olunur. NAFTA çərçivəsində formalaşmış azad ticarət zonasının idarəetmə orqanları, mübahisələrin həlli mexanizmləri, üzv dövlətlərin qarşılıqlı öhdəlikləri və bu mexanizmlərin Ümumdünya Ticarət Təşkilatının hüquqi sistemi ilə əlaqəliliyi hüquqi aspektdən analiz edilir. Məqalə azad ticarət zonalarının müqavilə-hüquq çərçivəsinin sistemləşdirilməsinə və onların beynəlxalq hüquq sistemindəki yerinin aydınlaşdırılmasına töhfə verməyi hədəfləyir.
Müəllif :
Nicat Cəfərov
Nəşr tarixi : 2025
Hakimlərin müstəqilliyi üçün onların “dəyişilməzliyi” prinsipinin həyata keçirilməsi əhəmiyyətlidir. BMT Beynəlxalq Ədalət Məhkəməsinin hakimləri üçün nəzərdə tutulan (Beynəlxalq Ədalət Məhkəməsinin Statutu m.13) doqquz illik müddət məsələsi və təkrar seçilmək imkanı arbitrlərin fəaliyyətində onların müstəqilliyi və tərəfsizliyi üçün daha məqbul variant hesab edilə bilər. Apellyasiya orqanının bir məhkəmə orqanı kimi fəaliyyətinin bərpası ideyası daha çox rəğbət görür. Bu halda Apellyasiya orqanı bütün üzv-dövlətlər tərəfindən arbitraj kimi tanınmış olacaq. Konkret faktları nəzərə alaraq işi Panelə müzakirəyə qaytarmaq üçün Apellyasiya orqanına səlahiyyət vermək daha məntiqlidir. Bu dəyişiklik Apellyasiya orqanının statusunu normal məhkəmə statusuna yaxınlaşdırmış olardı. Mübahisələrin həllində məhkəmə təcrübəsi və ya presedentlərdən istifadə BMT Beynəlxalq Ədalət Məhkəməsinin Statutunun 38.1(d) və 38.2-ci maddəsinə uyğun olaraq tənzimlənə bilər. BMT Beynəlxalq Ədalət Məhkəməsinin sonuncu, Statutun 38.2-ci maddəsinə uyğun olaraq həyata keçirdiyi səlahiyyəti Apellyasiya orqanının arbitrlərinin təfsir (qiymətləndirmə) üzrə fəaliyyətində də istifadə edilə bilər. Apellyasiya orqanı çoxtərəfli danışıqlar vasitəsilə şərhlərin aydınlaşdırılması üçün hüquqi qeyri-müəyyənlik məsələlərini DTT-nin müvafiq komitələrinə göndərə bilər.
Müəllif :
Soltan İsgəndərli
Nəşr tarixi : 2025
Bu məqalə elektron hökumət mühitində vətəndaş–inzibati orqan münasibətlərinin təkmilləşdirilməsinə yönəldilmişdir. Tədqiqatın əsasını rəqəmsal idarəetmənin hüquqi və praktiki aspektləri, inzibati icraata süni intellektin tətbiqi məsələsi, eləcə də vətəndaşların bu mühitdə hüquqlarını reallaşdırma imkanları təşkil edir. Eyni zamanda, elektron idarəetmənin tətbiqində meydana çıxan inzibati-hüquqi çağırışlar və məhdudiyyətlər də təhlil edilir. Məqalənin strukturu onun məqsədini və məntiqi izahını əks etdirir. Nəzəri hissədə elektron hökumət və rəqəmsallaşmış inzibati icraatın hüquqi əsasları araşdırılır, praktiki hissədə isə elektron müraciət, şikayət, elektron xidmətlərdən istifadə zamanı yaranan hüquqi boşluqlar və vətəndaşların bu proseslərə çıxış imkanları izah olunur. Vətəndaş–məmur münasibətlərində şəffaflığın, çevikliyin və hüquqi təminatın artırılması yolları da təqdim edilir.
Müəllif :
Röya Mirtalıbova
Nəşr tarixi : 2025
Məqalədə insan və vətəndaş hüquq və azadlıqlarının prioritet mühafizəsi fonunda hüquq pozuntusu törətmiş şəxslərin hüquqlarının məhdudlaşdırılması, o cümlədən şəxsin ölkə hüdudlarından kənara çıxışına məhdudiyyət (stop) qoyulmasının tətbiqi əsasları, qaydası və bununla bağlı digər məsələlər geniş araşdırılır. Cinayət, cinayət-prosessual, inzibati, inzibati-prosessual, mülki-prosessual, əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericilik normalarının, habelə beynəlxalq hüquq normalarının şəxsin ölkə hüdudlarından kənara çıxışına məhdudiyyət (stop) qoyulmasının konkret hüquqi tənzimlənməsi təklif olunurMəqalədə insan və vətəndaş hüquq və azadlıqlarının prioritet mühafizəsi fonunda hüquq pozuntusu törətmiş şəxslərin hüquqlarının məhdudlaşdırılması, o cümlədən şəxsin ölkə hüdudlarından kənara çıxışına məhdudiyyət (stop) qoyulmasının tətbiqi əsasları, qaydası və bununla bağlı digər məsələlər geniş araşdırılır. Cinayət, cinayət-prosessual, inzibati, inzibati-prosessual, mülki-prosessual, əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericilik normalarının, habelə beynəlxalq hüquq normalarının şəxsin ölkə hüdudlarından kənara çıxışına məhdudiyyət (stop) qoyulmasının konkret hüquqi tənzimlənməsi təklif olunur
Müəllif :
Malik Səlimov, Nəzakət Səlimova
Nəşr tarixi : 2025
Hüquqi dövlətin əsas prioritetlərindən biri insan hüquq və azadlıqlarının təmin olunmasıdır. Cinayətkarlığa qarşı mübarizədə mühüm vasitə olan əməliyyat-axtarış fəaliyyəti bəzən konstitusion hüquqların pozulması ilə müşayiət oluna bilər. Məqalədə bu fəaliyyətin hüquqi əsasları, həyata keçirilməsi zamanı insan hüquqlarının müdafiəsi mexanizmləri və mövcud problemlər təhlil olunur. Beynəlxalq və milli hüquqi aktlara istinad edilərək, hüquqi tənzimin təkmilləşdirilməsi yolları təklif edilir.
Müəllif :
Natiq Hüseynov
Nəşr tarixi : 2025
Məqalədə məişət zorakılığı tədqiq olunur. Müəllif bu məqsədlə müxtəlif mənbələrin təhlilinə çalışmışdır. Diqqət edilir ki, zorakılıq mahiyyətcə təhlükəli vəziyyətdir. Müəllif zorakılığın profilaktikası üçün müəyyən təkliflər irəli sürür.
Müəllif :
Azər Orucov
Nəşr tarixi : 2025
Bu məqalədə, Azərbaycan Respublikasının cinayət-prosessual hüququnda istintaq hakimi institutunun yaradılmasının hüquqi və institusional əsasları, AİHM presedent hüququnun tələbləri, Avropa ölkələrinin müqayisəli təcrübəsi, habelə milli qanunvericiliyin hazırkı vəziyyəti və təklif olunan dəyişikliklər kompleks şəkildə təhlil edilir. Məqalənin nəticəsində bu qənaətə gəlinir ki, araşdırma hakimi institutunun hüquqi müstəvidə formalaşdırılması və tətbiqi, Azərbaycan Respublikasının beynəlxalq insan hüquqları öhdəliklərinə uyğunlaşmasını təmin etməklə yanaşı, milli hüquq sistemində də şəffaflıq, funksional ədalət və məhkəmə nəzarətinin effektivliyini artıran mühüm addım ola bilər.
Müəllif :
Lalə Məmmədova
Nəşr tarixi : 2025
Məqalədə ibtidai araşdırma prosesində cinayət törətmiş şəxsin dindirilməsi zamanı istifadə edilən qeyriənənəvi kriminalistik-psixoloji metodlardan: qoxu və musiqi fonunun tətbiqi məsələləri barədə məlumatlar əksini tapır. Rəqəmsal kriminalistika və istintaq təcrübəsində psixoloji təsir vasitələrinin istifadəsi getdikcə daha çox aktuallaşır. Dindirilmə prosesində şəraitin yumşaldılması, şəxsin ifadəvermə meylinin artırılması və aqressiv davranışın neytrallaşdırılması məqsədilə tətbiq edilən qoxu və musiqi fonu kimi üsullar bu baxımdan xüsusi maraq doğurur. Eyni zamanda qoxu və musiqi fonunun cinayət törətmiş şəxsin dindirilməsi zamanı istifadə edilməsinin xüsusiyyətləri, məqsədləri, etik və hüquqi aspektləri şərh olunur. Psixoloji təsir vasitəsi kimi bu yanaşmaların istintaqa təsiri, effektivliyi və s. mülahizələr geniş şəkildə təhlil edilir. Məqalədə həm Azərbaycan Respublikasının milli qanunvericiliyi, həm də beynəlxalq hüquq normaları kontekstində bu üsulların dindirmə prosesində necə istifadə olunması, onların psixoloji və hüquqi aspektlərinin bəzi məqamları, həmçinin qoxu və musiqi fonunun tətbiqi imkanlarından bəhs edilir.
Müəllif :
Ələkbər Allahverdiyev
Nəşr tarixi : 2025
İbtidai araşdırma prosesində yazı xəttin psixodiaqnostikasının və parapsixologiyanın rolunu və onların tətbiqinin prosessual və taktiki xüsusiyyətlərini araşdırdıq. Yazı xəttinin psixodiaqnostikası şəxslərin və ya qrupların psixoloji vəziyyətini təhlil etməyə və onların davranışlarının motivlərini anlamağa imkan verir. Bu üsul ekspert-tədqiqatçılar və hüquq-mühafizə orqanları tərəfindən şübhəli şəxslərin psixoloji vəziyyətini qiymətləndirmək üçün istifadə edilir. Parapsixologiya isə qeyri-adi psixoloji hadisələri, məsələn, telepatiya, prekoqnisiya və digər parapsixoloji qabiliyyətləri öyrənir. Bu sahənin cinayətin ibtidai araşdırma prosesində tətbiqi cinayət hadisələrinin daha dərindən başa düşülməsi və mümkün olan qeyri-adi faktorların təhlil edilməsi üçün faydalıdır. Məqalədə hər iki sahənin birləşməsinin ibtidai araşdırmada daha dəqiq və effektiv aparılmasına kömək etdiyi qeyd edilir. Psixodiaqnostikanın və parapsixologiyanın prosessual xüsusiyyətləri bu sahələrin müstəntiqlər tərəfindən istifadə edilməsi zamanı düzgün taktika və yanaşmaların seçilməsini tələb edir. Prosesin düzgün aparılması xüsusi təlim və təcrübə, həmçinin bu sahələr üzrə mütəxəssislərin iştirakını vacib edir. Psixodiaqnostikanın nəticələri şəxslərin şübhələrinə dair əlavə məlumat verir, parapsixoloji üsullar isə qeyri-adi hallarda müstəntiqlərə yeni bir perspektiv təqdim edə bilər. Yazı xəttinin psixodiaqnostikası və parapsixologiya ibtidai araşdırmaların taktik və prosessual aspektlərində çoxsaylı imkanlar təqdim edərək müstəntiqlərin işini daha da dəqiqləşdirə bilər. Bu yanaşmaların düzgün tətbiqi cinayətlərin açılmasında əhəmiyyətli bir rol oynayır.
Müəllif :
Rasim İsaqov
Nəşr tarixi : 2025