XXI əsrin reallığında informasiya texnologiyalarının sürətli inkişafı qlobal iqtisadiyyatda rəqəmsallaşma proseslərini stimullaşdıraraq ticarət sektorunda əsaslı dəyişikliklərə səbəb olmuşdur. Elektron ticarətin yüksəlişi nəticəsində fərdi məlumatların elektron mühitdə toplanması, saxlanması və emalı geniş miqyas almışdır. Bu proses, bir tərəfdən istehlakçılar üçün rahatlıq və əlçatanlıq yaratdığı halda, digər tərəfdən fərdi məlumatların təhlükəsizliyi sahəsində yeni və kompleks risklərin ortaya çıxmasına səbəb olmuşdur. Xüsusilə fərdi məlumatların geniş həcmdə emalı kibercinayətkarlar üçün əlverişli hədəflər yaratmış və elektron ticarət platformalarının müxtəlif tipli kibertəhlükələrlə qarşı-qarşıya qalmasına gətirib çıxarmışdır. Bu kontekstdə aparılan tədqiqat, elektron ticarət sektorunda fərdi məlumatların təhlükəsizliyini təhdid edən əsas risk faktorlarını və yayılmış kiberhücum üsullarını müəyyənləşdirir. Məqalədə sosial mühəndislik, fişinq, DDoS hücumları və zərərli proqram təminatları kimi metodların elektron ticarətə təsiri araşdırılır və bu risklərə qarşı tətbiq edilə biləcək qabaqlayıcı texnoloji və hüquqi tədbirlər təqdim olunur. Həmçinin tədqiqatda məlumat pozuntularının hüquqi nəticələri, şirkətlərin hesabatlılıq və məlumatların müdafiəsi üzrə öhdəlikləri və pozuntuların təsirindən irəli gələn reputasiya və iqtisadi itkilər qiymətləndirilmişdir. Tədqiqat çərçivəsində, həm doktrinal, həm də müqayisəli hüquq metodologiyası əsasında müxtəlif ölkələrin normativ-hüquqi bazaları, xüsusilə Avropa İttifaqının Ümumi Məlumatların Qorunması Qaydası (GDPR), ABŞ-nin Kaliforniya İstehlakçı Məlumatlarının Qorunması Aktı (CCPA) və Azərbaycan Respublikasının “Fərdi məlumatlar haqqında” Qanunu təhlil olunmuşdur. Müqayisə nəticəsində, bu normativ aktlar arasında məlumat emalı prinsipləri, məlumat pozuntularının bildirilməsi rejimləri, şəxsin razılığı, hüquqi məsuliyyət və sanksiya mexanizmləri baxımından nəzərəçarpacaq fərqlər müəyyən edilmişdir. Tədqiqatda xüsusi vurğu risk əsaslı yanaşmanın tətbiqinə və bu modelin həm informasiya təhlükəsizliyi siyasətlərinə, həm də milli hüquqi tənzimləmələrə inteqrasiya imkanlarına edilmişdir. Məqalənin elmi yeniliyi onun hüquqi və texniki yanaşmaları birləşdirərək kompleks və çoxsahəli bir təhlil təqdim etməsindən ibarətdir. Nəticə etibarilə, bu tədqiqat, elektron ticarət sektorunda kibertəhlükəsizliyin təmin olunması üzrə milli və beynəlxalq praktikalardan istifadə etməklə, normativ uyğunluq, hüquqi cavabdehlik və texniki dayanıqlılıq aspektlərində effektiv modelin formalaşdırılması üçün praktik və nəzəri tövsiyələr irəli sürür.
Müəllif :
Kamran Xəlilov
Nəşr tarixi : 2025
Dövrümüzün aktuallığına çevrilmiş süni intellekt sistemləri gündəlik həyatımızda istənilən sferaya sirayət etmişdir. Bu gün avtomobil idarə etməkdən tutmuş iş həyatımıza qədər bütün məsələlərdə süni intellektin köməyindən faydalanırıq. Lakin bir tərəfdən çətinliklərimizi aradan qaldırmağa xidmət edən bu cür sistemlər digər tərəfdən də bəzən hüquq və azadlıqlarımızı pozur. Ona görə də süni intellekt sistemlərinin sərhədsiz tətbiqi yolverilməzdir ki, bu da hüquqi tənzimləmələrin zəruriliyini şərtləndirir. Bu istiqamətdə həmçinin konkret qadağaların müəyyən olunması hüquq pozuntularının qarşısının alınmasına xidmət edir. Avropa məkanında qəbul edilmiş Süni İntellekt Aktının 5-ci maddəsi qeyd olunan məsələlərin tənzimlənməsi sahəsində mühüm əhəmiyyətli addım kimi qiymətləndirilə bilər. Məqalədə qeyd olunan Aktda öz təsbitini tapmış qadağalar təhlil olunmuş, onların hansı formada milli qanunvericiliyimizdə təsbit edilməsi ilə bağlı təkliflər təqdim edilmişdir.
Müəllif :
Gülnaz Rzayeva
Nəşr tarixi : 2025
Azərbaycan Respublikasında 2011–2025-ci illərdə qəbul edilmiş amnistiya və əfvetmə aktları təhlil edilir, əvvəlki illərdəki müvafiq aktlarla müqayisədə onların oxşar və fərqli xüsusiyyətləri araşdırılır, qısa şəkildə bir sıra dövlətlərdə hər iki institutun tətbiqi təcrübəsinə toxunulur, bu sahədə mövcud qanunvericiliyin, o cümlədən Cinayət, Cəzaların İcrası məcəllələrindəki aidiyyəti normaların təkmilləşdirilməsi ilə əlaqədar təkliflər verilir.
Müəllif :
Musa Hümbətov
Nəşr tarixi : 2026
Məqalədə sığorta haqqının vaxtında ödənilməsinin sığorta münasibətlərindəki yeri və önəmi qeyd edilmiş, həmçinin sığorta haqqının vaxtında ödənilməməsinin yaratdığı hüquqi nəticələr iki formada fərqləndirilmişdir: Birincisi, sığorta haqqı vaxtında ödənilmədiyi halda sığorta hadisəsi baş verdikdə yaranan hüquqi nəticələr, ikincisi isə, sığorta haqqı vaxtında ödənilmədiyi halda sığorta hadisəsi baş vermədikdə yaranan hüquqi nəticələrdir. Məqalədə o da vurğulanır ki, qanunverici bəzi hallarda bu münasibətləri tənzimləyərkən mülki qanunvericiliyin təməl prinsiplərinə, eləcə də sığortalıların qorunması istiqamətində yanaşmalara sadiq qalmamış, xarici ölkələrin qabaqcıl təcrübələrini nəzərə almamışdır. Bu isə ziddiyyətli tənzimləmələrə yol açmış, sığortalıların qanuni maraqlarının bəzi hallarda yetəri qədər qorunmamasına səbəb olmuşdur. Bu səbəbdən, məqalədə sığorta qanunvericiliyi mahiyyət etibarilə “de lege lata” (ehtiyaclara yetərincə və ya heç cavab verməyən mövcud qanunvericiliyin təhlili) və “de lege ferenda” (arzu edilən və ehtiyac duyulan tənzimləmənin aparılması istiqamətində təkliflərin verilməsi) aspektlərindən təhlil edilir. Lakin məqalə müəllifləri “de lege ferenda”nın məcburi hüquqi qüvvəsinin yalnız qanunverici tərəfindən qəbul ediləcəyi təqdirdə mümkün olduğunu dərk edərək bir sıra təkliflərlə çıxış edirlər. Bu təkliflər, Mülki Məcəllənin 903.6-cı maddənin ləğvini, 900.1.6, 903.5 və 935.1.9-cu maddələrinin yeni redaksiyada verilməsini, həmçinin bu Məcəlləyə 935.1.8-1-ci maddənin və 935-ci maddəyə “Qeyd” hissəsinin əlavə olunmasını əhatə edir. Sözügedən təkliflər məqalədəki hüquqi təhlillər vasitəsilə konseptual baxımdan əsaslandırılır.
Müəllif :
Nicat Vəliyev, Rəvan Babayev
Nəşr tarixi : 2025
Vəkil məhkəmə prosesi zamanı tərəfin hüquqlarının müdafiəsini həyata keçirən aparıcı subyektdir və onun iştirakı məhkəmə mübahisəsinin ədalətli həllinə yardım etməlidir. Onların davranış qaydalarını əks etdirən bir çox yerli və beynəlxalq normalara rast gəlinir, bu məqalənin məqsədi isə məhz vəkillər arasında proses zamanı qanuni və professional çərçivədən uzaqlaşan mübahisələr nə ilə nəticələnə bilər və necə tənzimlənməlidir sualarına müəyyən məhkəmə presedentləri və mövcud qanunvericilik normalarından çıxan nəticələrə əsasən cavab tapmaqdır. Mübahisə iki vəkil arasında olduğu zaman onların tam bərabər pozisiyalarda olmalarını nəzərə alsaq, mübahisənin hansı zəmində yarandığı, hakimin müdaxilə edib etməməsi və bunu ədalətli şəkildə etməyi bacarması və mübahisə zamanı, ola bilsin ki, sərgilədikləri qeyri-prosessual davranışlara görə məsuliyyət daşımaları məsələlərinə diqqət yetirmək lazımdır. Müasir mənbələrdə vəkillərin daha çox müdafiə etdikləri şəxslərlə və hakimlə aralarında olan hüquqi etika məsələsinə toxunulub, vəkillər arasında olan mübahisələrə isə hüquqi mənbələrdə adətən xüsusi bir məsələ kimi yanaşılmasına ehtiyac duyulmamışdır
Müəllif :
Sevinc Abbasova
Nəşr tarixi : 2025
Məqalədə mülki hüququn əsas prinsiplərindən olan müqavilə azadlığının hüquqi mahiyyəti, eləcə də normativ əsasları təhlil edilmişdir. Müqavilə azadlığının xüsusi mülkiyyət və iradə sərbəstliyi prinsipləri ilə əlaqəsi, həmçinin hüquqi önəminin ətraflı şəkildə araşdırılması da bu məqalənin predmetini təşkil edir. Araşdırmada müqavilə azadlığı hüququnda tətbiq edilən məhdudlaşdırıcı hallar və onların təsbiti əsaslarına xüsusi yer verilmiş və müasir azad bazar iqtisadiyyatı şəraitində müqavilə azadlığının rolu hüquqi-nəzəri və praktiki cəhətdən dəyərləndirilmişdir. Doktrinal ədəbiyyat, milli qanunvericilik və məhkəmə təcrübəsi əsasında edilən təhlillər müqavilə azadlığının hüquqi mexanizmlərinin daha da inkişaf etdirilməsi və təkmilləşdirilməsi ilə bağlı elmi nəticəyə gəlməyə və uyğun təklif irəli sürülməsinə imkan yaratmışdır. Həmçinin yeni texnologiyalar erasında müqavilə azadlığının yeni hüquqi çərçivələrə uyğunlaşma prosesi araşdırılmış, elektron müqavilələr, smart kontraktlar və blokçeyn texnologiyalarının müqavilə münasibətlərinə təsiri hüquqi baxımdan nəzər yetirilmişdir. Bu aspektdə süni intellekt, informasiya təhlükəsizliyi və ESG (ətraf mühit, sosial və idarəetmə - ƏSİ) prinsipləri fonunda müqavilə azadlığının aktual problemləri göstərilmiş və Azərbaycanda bu sahədə mövcud olan normativ boşluqlara diqqət yetirilmişdir. Nəticədə, rəqəmsal müqavilələrin hüquqi tanınması və bu sahədə milli qanunvericiliyin beynəlxalq praktikaya uyğun təkmilləşdirilməsinin əhəmiyyəti vurğulanmışdır. Müqavilə azadlığı yalnız hüquqi normativlərlə deyil, eyni zamanda etik və sosial prinsiplərlə uzlaşdırılaraq müasir dövrün çağırışlarına cavab verməlidir.
Müəllif :
Fidan Bayramova
Nəşr tarixi : 2025
Müasir hüquq sistemi uzun illərdir ki, bir çox yeniliklərlə üz-üzə qalmışdır. Bu yeni trendlərdən biri də süni intellekt sistemləri və onların hüquqi fəaliyyətə təsirindən ibarətdir. Heç şübhə yoxdur ki, hər bir yenilik kimi, süni intellekt də özü ilə bərabər həm müsbət, həm də mənfi bir çox təsirləri gətirir. İstənilən halda, dəyişən dünyanın və texnoloji yeniliklərin işığında innovativ vasitələrin qiymətləndirilməsi və onların sahib olduğu potensialdan maksimal dərəcədə istifadə edilməsi hüquq elmi üçün kifayət qədər vacibdir. Bu baxımdan, süni intelletkin hüquq elminə təsirlərini anlamaq, həmçinin süni intellekt əsaslı sistemlərin hüquqi fəaliyyətlə qarşılıqlı əlaqəsini dərindən mənimsəmək üçün onun hüquqi təbiətinin müəyyən edilməsi və vahid yanaşmanın formalaşdırılması zəruridir. Bu tədqiqat işi süni intellektin hüquqi təbiətini müəyyən etməyə cəhd edir və vahid yanaşmanın formalaşdırılmasında üzləşilən potensial çətinlikləri analiz edir. Bu məqsədlə müəllif beynəlxalq təcrübəni və bir sıra inkişaf etmiş ölkələrin qanunvericilik faəliyyətini araşdıraraq doktrinal təhlil aparır, mümkün hüquqi tərifin müsbət və mənfi tərəflərini müqayisə edir və son nəticədə, süni intellektə vahid yanaşma təqdim edərək balanslı tənzimləmə metodunun zəruriliyini əsaslandırır.
Müəllif :
Kamran Xəlilov
Nəşr tarixi : 2025
Məqalədə vahid məhkəmə təcrübəsinin formalaşdırılmasında elektron ədliyyə və hüquqi informasiya sistemlərinin rolu geniş şəkildə təhlil olunur. Vahid məhkəmə təcrübəsinin təmin edilməsi hüquqi dövlət prinsiplərinin, xüsusən hüquqi müəyyənlik və proqnozlaşdırıla bilmə meyarlarının həyata keçirilməsində mühüm vasitədir. Bu baxımdan texnoloji yeniliklərin və rəqəmsallaşmanın məhkəmə orqanlarında tətbiqi yalnız inzibati yükü azaltmır, həm də məhkəmə qərarlarının açıq, əlçatan və vahid formatda yayılmasına şərait yaradır. Məqalədə elektron ədliyyə anlayışının məzmunu, tətbiqi zərurəti və inkişaf perspektivləri ətraflı izah edilir. Beynəlxalq təcrübədən ABŞ-də tətbiq olunan PACER sistemi, Avropa İttifaqında ECLI kodlaşdırma modeli və Avropa İnsan Hüquqları Məhkəməsinin HUDOC bazası kimi nümunələr geniş təhlil olunur. Bu nümunələr göstərir ki, məhkəmə qərarlarının tam mətnində, vaxtında və ictimaiyyət üçün açıq yayımlanması presedent hüququnun inkişafına və məhkəmə təcrübəsinin vahidliyinin möhkəmlənməsinə mühüm təsir göstərir. Məqalədə Azərbaycanda mövcud vəziyyət, o cümlədən “Elektron Məhkəmə” informasiya sistemi, Ali Məhkəmənin rəsmi elektron bazaları və digər hüquqi informasiya platformalarının imkanları dəyərləndirilir, texniki və institusional problemlərə diqqət yetirilir. Xüsusilə regionlar üzrə fərqli yanaşmaların minimallaşdırılması, qərarların seçmə deyil, tam mətndə yerləşdirilməsi, filtrasiya və presedent axtarışı alətlərinin təkmilləşdirilməsi kimi məsələlər vurğulanır. Müəllif texniki infrastrukturun gücləndirilməsi, ECLI kimi vahid kodlaşdırma mexanizminin tətbiqi, insan resurslarının hazırlanması və beynəlxalq əməkdaşlığın genişləndirilməsi üzrə konkret təkliflər irəli sürür. Nəticə etibarilə, elektron ədliyyənin səmərəli tətbiqi hüquqi müəyyənliyi möhkəmləndirəcək, vətəndaşların ədalət mühakiməsinə inamını artıracaq və məhkəmə praktikasında proqnozlaşdırıla bilməni təmin edəcəkdir.
Müəllif :
Mirzağa Yaqubzadə
Nəşr tarixi : 2025
Bu məqalədə inzibati orqanların fəaliyyəti çərçivəsində həyata keçirilən inzibati icraat proseslərində vətəndaşların hüquqlarının pozulması ilə bağlı mövcud problemlər sistemli şəkildə tədqiq olunur. Araşdırmanın əsas məqsədi, inzibati icraatın hüquqi çərçivəsində vətəndaşların iştirak hüququ, müdafiə imkanları və hüquqların qorunmasına yönəlik təminat mexanizmlərinin funksional səmərəliliyini qiymətləndirmək və praktik təhlillər əsasında müvafiq institusional və normativ boşluqları üzə çıxarmaqdır. Məqalədə Azərbaycan Respublikasının “İnzibati icraat haqqında” Qanunu konstitusion normalarla əlaqələndirilərək təhlil olunur, eləcə də Almaniya, Fransa və Türkiyə kimi ölkələrin inzibati prosedur modelləri ilə müqayisəli hüquqi təhlil aparılır. Qeyd olunan dövlətlərin qabaqcıl inzibati hüquq doktrinası və məhkəmə presedentləri fonunda, vətəndaş hüquqlarının daha effektiv təminatı üçün normativ yenidənqurma və tətbiqi praktikanın təkmilləşdirilməsi üzrə tövsiyələr irəli sürülür. Tədqiqatın elmi yeniliyi ondan ibarətdir ki, inzibati icraatın demokratik legitimliklə bağlı olan tərəfləri – şəffaflıq, hesabatlılıq və iştirak hüququ sistemli təhlilə cəlb edilməklə, bu sahədə hüquqi qeyri-müəyyənliklər və praktik uyğunsuzluqlar hüquq müdafiəsi prizmasından dəyərləndirilmişdir. Əldə olunan nəticələr inzibati orqan-vətəndaş münasibətlərinin hüquqa uyğunluq səviyyəsinin artırılmasına, eləcə də inzibati prosedurun insan hüquqları ilə uyğunlaşdırılması istiqamətində elmi və tətbiqi töhfə verməyi hədəfləyir. Tədqiqatın elminəzəri əhəmiyyəti ondan ibarətdir ki, o, inzibati icraatın insan hüquqlarının gerçək təminat mexanizminə çevrilməsi baxımından vətəndaş hüquqlarının konseptual əsaslarını və hüquqi müdafiə mexanizmlərini sistemli şəkildə üzə çıxarır. Praktiki əhəmiyyəti isə ondan ibarətdir ki, vətəndaşların hüquqlarının həqiqətən təmin olunması, onların icraata effektiv cəlbi, inzibati aktların qanuniliyinə nəzarət və hüquqların pozulması hallarında müdafiə vasitələrinin tətbiqi kontekstində yeni institusional yanaşmalar təklif olunur.
Müəllif :
Röya Mirtalıbova
Nəşr tarixi : 2025
Son illərdə səhiyyə sahəsində texnologiyaların inkişafı ilə birlikdə tibb müəssisələrində biometrik identifikasiya sistemlərinin tətbiqi getdikcə aktuallaşır. Xüsusilə, pasiyentlərin və tibbi personalın dəqiq və etibarlı şəkildə tanınması, həm maliyyə şəffaflığının təmin olunması, həm də göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi baxımından bu texnologiyaların əhəmiyyəti danılmazdır. Artıq bir sıra ölkələrdə uğurla tətbiq olunan ovuc içi damar tanıma, iris və retina skaneri, barmaq izi oxuyucusu kimi sistemlər tibb sahəsində identifikasiya proseslərini daha da sürətləndirmiş və təhlükəsiz etmişdir. Bu məqalədə sözügedən texnologiyaların praktik tətbiq imkanları, üstünlükləri və texniki xüsusiyyətləri ilə yanaşı, onların yaratdığı etik və hüquqi məsələlər də ətraflı təhlil olunur. Xüsusilə, biometrik məlumatların toplanması zamanı şəxsi razılığın alınması, fərdi məlumatların məxfiliyinin qorunması və bu məlumatların təhlükəsiz saxlanılması kimi məsələlər ön plana çıxır. Müəlliflər bu texnologiyaların təkcə texnoloji yenilik deyil, eyni zamanda hüquqi və etik öhdəliklər yaratdığını vurğulayaraq pasiyent hüquqlarının qorunması və şəffaf idarəçilik üçün mövcud hüquqi mexanizmlərin təkmilləşdirilməsinin vacibliyinə diqqət çəkirlər. Həmçinin Yaponiyada istifadə olunan “PalmSecure” texnologiyası, Hindistanın genişmiqyaslı “Aadhaar” identifikasiya sistemi və Koreyanın səhiyyə sektorunda tətbiq etdiyi biometrik modellər kimi beynəlxalq təcrübələrə istinad olunaraq onların Azərbaycanda tətbiqi perspektivləri qiymətləndirilir. Məqalənin sonunda isə ölkəmizdə bu sahədə hüquqi çərçivənin gücləndirilməsi, biometrik məlumatların qorunmasına dair normativ sənədlərin hazırlanması və beynəlxalq standartlara uyğun tənzimləmələrin tətbiqinə dair konkret tövsiyələr irəli sürülür.
Müəllif :
Anara Hacıbəyli
Nəşr tarixi : 2025