Məqalədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263‐1‐ci maddəsində nəzərdə tutulan cinayətin xüsusi subyektlərindən birinin ‐ nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsin anlayışının dəqiqləşdirilməsi problemi nəzərdən keçirilir. Mövcud istintaq və məhkəmə təcrübəsində yol‐nəqliyyat hadisəsinin iştirakçısı olan sürücünün aşağıdakı dörd halda nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs sayılması ilə bağlı yekdil mövqe var: a) həmin şəxs nəqliyyat vasitəsini idarə etmək hüququnu ümumiyyətlə əldə etməmiş olduqda; b) şəxs bu hüquqdan qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhrum edilmiş olduqda; c) şəxsin bu hüququ qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvəqqəti məhdudlaşdırılmış olduqda; ç) şəxs sürücülük vəsiqəsinin kateqoriyasına uyğun olmayan nəqliyyat vasitəsini idarə etdikdə Lakin şəxsə verilən sürücülük vəsiqəsinin etibarlılıq müddətinin bitmiş olduğu halda onun nəqliyyat vasitəsini idarə etmək hüququ olan və ya olmayan şəxs hesab edilməsi ilə bağlı fikir ayrılığı mövcuddur. Problem ondadır ki, yol hərəkətinə dair qanunvericilik şəxsin sürücülük vəsiqəsinin etibarlılıq müddətinin bitmiş olduğu halda onun nəqliyyat vasitəsini idarə etməsini yolverilməz sayır. Müəllif hesab edir ki, bu məsələyə sürücülük vəsiqəsinin etibarlılıq müddəti bitmiş şəxsin sağlamlığının sürücülük üçün yararlı olub‐olmaması nəzərə alınmaqla yanaşılmalıdır, çünki beynəlxalq və milli qanunvericiliyə əsasən, sürücülük vəsiqəsinin müddətlə verilməsində başlıca məqsəd sürücünün sağlamlıq vəziyyətini dövri olaraq yoxlamaqdır. Bu problemə tam aydınlıq gətirilməsi üçün müəllif təklif edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263‐1‐ci maddəsinə “Qeyd” əlavə olunmaqla nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə normativ anlayış verilməlidir.
Qiymətləndir