Müasir dünyada texnologiya və dövlət arasındakı qarşılıqlı əlaqəni öyrənmək, diqqəti demokratikləşdirmə potensialına yönəltmək təkcə akademik deyil, həm də praqmatik baxımdan aktualdır. Çünki virtuallaşmanın geniş vüsət aldığı və yeni texnologiyaların insanlar üçün təqdim etdiyi imkanların artdığı bir dönəmdə dövlətin bu proseslərdən kənarda qalması və elektronlaşmaması qeyri-mümkündür. Eyni zamanda, dövlət xidmətlərinin göstərilməsi üçün yeni rəqəmsal vasitələr fərqli tənzimləmə tələb edir, çünki onlar sürətli və uğursuzluq halında hüquqlara potensial ziyan vurur. Bu mənada, elektron hökumət sistemlərinin demokratikləşməyə gətirə biləcəyi əsas risklər, imkanlar və onun tənzimlənməsi üçün vacib parametrlər insan hüquq və azadlıqlarının təminatı aspektindən xüsusi diqqət yetirilməli olan məsələlərdir. E-idarəetmə insan hüquq və azadlıqlarının rəqəmsal dövrdə yeni formada təminatı üçün xüsusi əhəmiyyətə malikdir. Çünki belə idarəetmənin əsas elementi olan şəffaflıq və hesabatlılıq nəticəsində dövlət orqanları anlayırlar ki, onların məlumatlarına hər kəs onlayn baxa bilər və nəticədə ictimaiyyət qarşısında hesabatlı olmaq lazımdır. Şəffaflıq və hesabatlılıq demokratik dövlətlər üçün əsas elementlər hesab oluna bilər ki, bu da elektron idarəetmə ilə gücləndirilə bilər. Açıqlıq və şəffaflıq sayəsində müdafiə olunan e-idarəçilik də şəxsi təmas səviyyəsinin azalması səbəbindən ictimai prosedurlarda korrupsiyanın azaldılması imkanını təqdim edir. Məqalədə qeyd olunan məqamların təhlili iki istiqamətdə aparılmışdır: doktrinal təhlillərə istinad və təcrübənin tədqiqi. Hər iki istiqamətdə aparılmış tədqiqat nəticəsində təklif və tövsiyələr təqdim edilmişdir.
Qiymətləndir