Kiberterrorçuluq – terrorçuluğun yeni forması kimi: anlayışı, ictimai təhlükəliliyi, сinayət-hüquqi vasitələrlə mübarizə məsələləri - Bakı Universitetinin xəbərləri (sosial-siyasi elmlər seriyası) jurnalı №3 2025

Açıqlama:

Məqalədə terrorçuluğun yeni forması kimi kiberterrorçuluğun ictimai təhlükəliyi, anlayışı, səciyyəvi xüsusiyyətləri, törədilmə üsulları ilə bağlı məsələlər nəzərdən keçirilmişdir. Hüquq doktrinasında kiberterrorçuluğun anlayışı ilə bağlı mövcud fikir və mülahizələrin, mövqelərin təhlili aparılmış, kiberterrorçuluğun anlayışı təklif edilmişdir. Bir çox xarici ölkələrin cinayət qanunvericiliklərində bilavasitə kiberterrorçuluğa görə məsuliyyət nəzərdə tutan normaların olmadığı qeyd olunmuş, eyni zamanda bəzi ölkələrdə (Böyük Britaniya, ABŞ, Pakistan, Macarıstan, İtaliya, Gürcüstan və s.) İnternet ehtiyatlarından, informasiyatelekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilən terrorçuluqla bağlı müəyyən müddəaların təsbit olunduğu göstərilmişdir. Qeyd olunmuşdur ki, «Kibercinayətkarlıq haqqında» 2001-ci il tarixli Budapeşt Konvensiyasında kiberterrorçuluğun kriminallaşdırılması zəruriliyi ilə bağlı müddəaların əks olunmaması bu Konvensiyanın ciddi boşluğu kimi qiymətləndirilməlidir. Bu boşluğun tez bir zamanda aradan qaldırılması məqsədilə xüsusi beynəlxalq konfransın çağırılması, Konvensiyanın iştirakçı ölkələrinə və digərlərinə öz milli qanunvericiliklərində kiberterrorçuluğa görə məsuliyyət müəyyən edən normaların və müddəaların daxil edilməsinin tövsiyə olunması, qeyd olunan bu və digər məsələləri tənzimləyən və Budapeşt Konvensiyasına Əlavə olunan Xüsusi Protokolun qəbul edilməsi, ümumiyyətlə isə yaxın illərdə Kibercinayətkarlığa qarşı mübarizə haqqında vahid Konvensiyanın hazırlanması və qəbuluna istiqamətlənmiş işlərin başlanması zəruriliyi vurğulanmışdır. Məqalədə kiberterrorçuluqla bağlı əməllərin kriminallaşdırılması məqsədilə CM-in 214-cü maddəsinə «İnternet informasiya ehtiyatlarından, informasiya-telekommunikasiya şəbəkələrindən, digər texniki-texnoloji və rəqəmsal vasitələrdən istifadə etməklə törədildikdə (kiberterrorçuluq)» kimi yeni tövsifedici tərkibin əlavə edilməsi məqsədəuyğun hesab edilmişdir.


Müəllif : Nağızadə E.
Nəşr tarixi : 2025
Yüklənmə sayı : 8

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir