İnformasiya sistemlərinin cəmiyyət həyatının hər sahəsinə daxil olması ilə insanların gündəlik rejimlərində zaman və məkan baxımdan səmərəli nəticələr əldə olunmasına baxmayaraq, informasiya sistemlərinin və sistem istifadəçilərinin təhlükəsizliyi ilə bağlı problemlər də qaçılmazdır. Bəşər tarixinin hər mərhələsində olduğu kimi, kompüter və internet şəbəkələrinin geniş yayılması ilə keçmişdə və indiki dövrdə informasiya hüququnun həm texniki, həm də nəzəri cəhətdən təhlil edilərək araşdırılması və daim yenilənməsi zəruridir. Bütün dünyada müşahidə olunan kibercinayətlərin respublikamızda da geniş yayılması və Cinayət Məcəlləsinin Avropa Şurasının Kibercinayətkarlıq haqqında Konvensiyasına uyğunlaşdırılması üçün kibercinayətlərlə bağlı bir çox qanuni tənzimləmə aparılmışdır. Lakin dinamik inkişaf edən kiber aləmdə hər gün yeni sistem boşluqları və çoxsaylı kompüter sisteminə və kompüter məlumatlarına qanunsuz müdaxilələrlə qarşılaşırıq. Çünki bu cür müdaxilələrin aşkarlanmasında ən vacib məsələ sübutedici faktlara çatmağın çətinliyidir. Qeyd olunmalıdır ki, kompüter sisteminə və kompüter məlumatlarına qanunsuz müdaxilələr yalnız ayır-ayrı fiziki şəxslərə münasibətdə törədilmir. Müasir dünyamızda kompüterlər və kompüter şəbəkələri həyatımıza o qədər sürətlə daxil olmuşdur ki, elektrik, su, rabitə, nəqliyyat, səhiyyə, müdafiə sahəsi və s. bu kimi istiqamətlərdə infrastrukturların rəqəmsallaşdırılması ilə daha yaxşı monitorinq və idarəetməyə nail olunmuşdur. Bununla belə, həmin infrastrukturların informasiya-kommunikasiya texnologiyaları ilə iç-içə olması bu xidmətləri kiberhücumlara qarşı həssas edir. Kəsildiyi və ya davamlı işləmədiyi təqdirdə ölkə daxilində ciddi ziyan vura biləcək elektrik, su, səhiyyə, ictimai xidmətlər, rabitə, nəqliyyat, müdafiə və təhlükəsizlik kimi informasiya texnologiyaları ilə idarə olunan kritik infrastrukturların təhlükəsizliyi milli təhlükəsizlik üçün də həyati əhəmiyyət kəsb edir və məqalənin tədqiqat mövzusunun aktuallığından xəbər verir. Məqalədə kompüter sisteminə və kompüter məlumatlarına qanunsuz müdaxilələrin izahının verilməsi məqsədilə kompüter, verilən, informasiya sisteminə hüquqi anlayış verilmiş, kompüter sisteminə və kompüter məlumatlarına qanunsuz müdaxilələrlə bağlı beynəlxalq hüquqi sənədlər tədqiq edilmiş və bəzi xarici dövlətlərin təcrübəsinə nəzər yetirilmişdir. Bütün bunlarn nəticəsi olaraq, səmərəli təcrübi və hüquqi tövsiyələr işlənib hazırlanmışdır.
Qiymətləndir