Korporativ hüquqşünaslar nə edir: onların biznes əqdlərinin formalaşmasında rolu - Azərbaycan Hüquq Jurnalı №3 (2025)

Açıqlama:

Bu məqalədə korporativ hüquqşünasların biznes münasibətlərinin formalaşmasında oynadığı rol aparıcı nəzəri yanaşmalar əsasında təhlil olunur. İlk növbədə Ronald J. Gilsonun “müqavilə xərclərinin mühəndisi” modeli rəhbər tutulmaqla, korporativ hüquqşünasın bazar natamamlıqlarını hüquqi dizayn vasitəsilə aradan qaldıran və əqdlərin iqtisadi səmərəliliyini artıran bir mütəxəssis kimi funksiyası izah edilir. Ardınca Gilsonun ideyalarının davamı kimi formalaşan üç nəzəri model - Manuel Utsetin “etibarlı məlumat istehsalçısı”, Steven Schwarczın “hüquqi uyğunluğun təminatçısı” və George Dentin “müəssisə memarı” yanaşmaları lokanik şəkildə təqdim olunur. Bu modellərin hər biri korporativ hüquqşünasın dəyərini fərqli aspektdən şərh edir: Utset informasiyanın etibarlılığı və investor etimadının təmininə, Schwarcz hüquqi risklərin və tənzimləmə uyğunsuzluqlarının azaldılmasına, Dent isə institusional sabitlik və uzunmüddətli əməkdaşlıq mühitinin yaradılmasına diqqət yönəldir. Məqalədə göstərilir ki, korporativ hüquqşünas yalnız hüquqi sənədləşmə ilə məşğul olan şəxs deyil, həm də hüquq və iqtisadiyyat arasında körpü yaradan dizaynerdir. O, hüquqi alətlər vasitəsilə bazarın qeyri-müəyyənliklərini azaldır, məlumat istehsal edir, əməliyyatlara hüquqi etibar qazandırır və müəssisələr arasında sabit münasibətlər formalaşdırır. Məqalənin təhlili göstərir ki, müasir dövrdə korporativ hüquqşünasın funksiyası ikiqat xarakter daşıyır: bir tərəfdən hüquqi riskləri qabaqlayaraq mühafizəçi kimi çıxış edir, digər tərəfdən isə hüquqi imkanları iqtisadi məqsədlərə uyğunlaşdıran bir innovator və dizayner funksiyasını yerinə yetirir. Bu nəticələr əsasında məqalə korporativ hüquqşünaslıq institutunun iqtisadi dəyər yaradan mexanizmlərini elmi baxımdan izah edir və bu istiqamətdə gələcək hüquq tədqiqatları üçün nəzəri baza formalaşdırır. Eyni zamanda, hüquq təhsili ilə bağlı nəticələrə əsaslanaraq qeyd edilir ki, bu nəzəri modellərin effektiv tətbiqi üçün hüquq fakültələrinin proqramları təcrübə yönümlü və praktiki bacarıqlara əsaslanan yanaşma ilə gücləndirilməlidir.


Müəllif : Gülzadə Mirzəmməmmədova
Nəşr tarixi : 2025
Yüklənmə sayı : 11

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir