İnzibati müqavilə anlayışı müasir hüquq sistemlərində, xüsusilə fransız hüququnun təsiri altında formalaşsa da, bu institut müxtəlif ölkələrin qanunvericiliklərində fərqli şəkildə tənzimlənir. Bu hal müqavilə institutunun tarixi baxımdan mülki hüquqdan qaynaqlanması ilə izah edilir. Azərbaycan qanunvericiliyində isə inzibati müqavilə ayrıca hüquqi kateqoriya kimi təsbit edilmədiyindən, beynəlxalq təcrübədəki bu fərqli yanaşmalar onun hüquqi mahiyyətinin və tətbiq çərçivəsinin ölkə kontekstində mübahisəli qalmasına gətirib çıxarır. Bu məqalədə inzibati müqavilənin anlayışı, xarakterik xüsusiyyətləri və hüquqi təbiəti müxtəlif ölkələrin qanunvericiliyi və doktrinal yanaşmaları əsasında təhlil edilmişdir. Onun inzibati akt və mülki-hüquqi müqavilə ilə müqayisəsi aparılmış, məhkəmə aidiyyəti, müvafiq iddia növünün seçilməsi və üçüncü şəxslərin hüquqlarının müdafiəsi kimi məsələlər araşdırılmışdır. Nəticə olaraq, inzibati müqavilələrin hüquqi çərçivəsinin formalaşdırılması üçün normativ və institusional təkliflər irəli sürülmüşdür.
Müəllif :
Nihad Musayev
Nəşr tarixi : 2025
Bu məqalədə muzdlu dəstələr və özəl hərbi şirkətlər cinayət-hüquqi kontekstdən müqayisəli şəkildə təhlil olunur. Xüsusilə vurğulanır ki, Soyuq müharibənin başa çatmasından sonra beynəlxalq münasibətlərdə yeni təhlükəsizlik tələbləri formalaşmağa başlamış, bunun nəticəsində dövlətlərin hərbi resurslarını yalnız ənənəvi ordu strukturları ilə deyil, həm də özəl hərbi xidmət təminatçıları vasitəsilə təmin etməyə yönəlmiş maraqları artmışdır. Bu maraq isə, öz növbəsində, cinayət-hüquqi baxımdan bir sıra boşluqların meydana çıxmasına səbəb olmuşdur. Özəl hərbi şirkətlərin fəaliyyəti və hüquqi statusu ilə bağlı yaranan bu boşluqlar onların muzdlulardan kəskin fərqlənən xüsusiyyətləri ilə daha da mürəkkəbləşir. Belə ki, qadağan edilmiş muzdlu fəaliyyətdən fərqli olaraq özəl hərbi şirkətlər bir çox hallarda dövlətlərlə bağlanmış rəsmi müqavilələr əsasında fəaliyyət göstərir və bu da onların hüquqi statusunun daha da mürəkkəb və mübahisəli xarakter almasına səbəb olur. Belə bir vəziyyət isə bu sahədə ayrıca cinayət-hüquqi tənzimləməyə ehtiyac olduğunu göstərir. Özəl hərbi şirkətlərin fəaliyyət dairəsinin genişliyi, texniki imkanları və beynəlxalq miqyasda fəaliyyət göstərməsi onların klassik muzdlulardan əsaslı şəkildə fərqlənməsinə səbəb olur. Bu fərqlər isə qanunvericilik səviyyəsində ayrıca hüquqi yanaşma tələb edir. Təəssüf ki, yerli hüquqi ədəbiyyatda bu mövzuya hələ də kifayət qədər diqqət yetirilməyib və bu sahədə tədqiqat boşluğu müşahidə olunur. Məqalənin məqsədi yerli ədəbiyyatda baza hazırlamaq üçün bu məqalə cinayət-hüquqi zərurətin ilkin konturlarını müəyyən etməkdir.
Müəllif :
Siyavuş Bağırov
Nəşr tarixi : 2025
Müasir dövrdə insan hüquq və azadlıqlarının qorunması dövlət idarəetməsinin əsas prioritetlərindən biri olmaqla, inzibati orqanlarla vətəndaşlar arasında münasibətlərin hüquqi tənzimlənməsində xüsusi yer tutur. İnzibati orqanların fəaliyyətinin insan hüquq və azadlıqlarına uyğunluğunun təmin edilməsi hüquqi dövlət prinsipinin həyata keçirilməsində, hüquqi ədalət və vətəndaşların dövlətə inamının möhkəmləndirilməsində mühüm rol oynayır. Bu tədqiqatın məqsədi inzibati münasibətlərdə insan hüquq və azadlıqlarının təminatı mexanizmlərini nəzəri və praktik aspektlərdə araşdırmaq, mövcud hüquqi bazanın təhlilini aparmaq və beynəlxalq standartlarla müqayisəli qiymətləndirmə vasitəsilə bu sahədə yenilikçi həllər təklif etməkdən ibarətdir. Tədqiqatda inzibati orqanların qərarlarının qanuniliyinin təminatı, vətəndaşların hüquqlarının müdafiəsi, inzibati şikayət və nəzarət mexanizmlərinin effektivliyi, həmçinin hüquqi prosedurların şəffaflığı və ədalətliliyi kimi məsələlər diqqət mərkəzindədir. Mövzunun aktuallığı hüquqi demokratik dövlət quruculuğu kontekstində və insan hüquq və azadlıqlarının beynəlxalq standartlarla və milli qanunvericiliklə təmin olunması zərurəti ilə əsaslandırılır. Qeyd etmək lazımdır ki, inzibati icraatın sürətlə rəqəmsallaşması və elektron hökumət mexanizmlərinin geniş tətbiqi insan hüquqlarının müdafiəsində yeni çağırışlar və hüquqi tənzimləmə ehtiyaclarını gündəmə gətirmişdir. Aparılan araşdırmalar nəticəsində inzibati orqanlarla münasibətdə insan hüquq və azadlıqlarının qorunmasında mövcud mexanizmlərin səmərəliliyinin artırılması, normativ-hüquqi bazanın təkmilləşdirilməsi, habelə vətəndaşların hüquq-mühafizə vasitələrindən istifadəsinin asanlaşdırılması məqsədilə yeni hüquqi institutların yaradılması istiqamətində elmi-praktiki töhfələr verilməsi nəzərdə tutulur. Bu isə, öz növbəsində, hüquqi dövlətin inkişafına, hüquq sisteminin müasirləşdirilməsinə və vətəndaşların hüquqlarının etibarlı müdafiəsinə mühüm töhfə olacaqdır.
Müəllif :
Röya Mirtalıbova
Nəşr tarixi : 2025
Bu məqalədə inzibati məhkəmə icraatında sübutetmə yükünün mahiyyəti və xüsusilə öhdəliyin icrası haqqında iddialarda onun tətbiqi hərtərəfli şəkildə araşdırılır. Müxtəlif doktrinal yanaşmalara istinad etməklə sübutetmə yükünün təriflərini, onun formal və maddi növlərini, “non-liquet” vəziyyətlərində tərəflərin üzərinə düşən mənfi nəticələri şərh edilmiş və beləliklə, bu institutun hüquqi elmdəki nəzəri əsaslarını aydınlaşdırılmışdır. Məqalədə göstərilir ki, mülki və cinayət mübahisələrində sübutetmə yükü daha aydın və sabit qaydalarla müəyyənləşdirilsə də, inzibati mübahisələrdə vəziyyət fərqlidir. Bunun səbəbi tərəflər arasında mövcud olan bərabərsizlik, inzibati orqanların əlində olan sənəd və məlumatlara iddiaçıların çox vaxt çıxış imkanının məhdudluğu, həmçinin məhkəmələrin işin hallarının araşdırılması və sübut toplama səlahiyyətləridir. Öhdəliyin icrası haqqında iddialar bu kontekstdə xüsusi əhəmiyyət daşıyır, çünki bu iddialar inzibati aktın qəbulundan deyil, inzibati orqanın müəyyən faktiki hərəkətləri həyata keçirməsindən ibarət tələblərlə bağlı olur. Belə bir vəziyyətdə sübutetmə yükünün hansı tərəfin üzərinə düşməsinin müəyyənləşdirilməsi daha mürəkkəb xarakter daşıyır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində mübahisələndirmə, məcburetmə və müəyyən hərəkətlərdən çəkinməyə dair iddialarda sübutetmə yükünün bölgüsü müəyyənləşdirilsə də, öhdəliyin icrası haqqında iddialara münasibətdə normativ boşluq mövcuddur. Bu səbəbdən məhkəmə təcrübəsi burada xüsusi rol oynayır və Ali Məhkəmənin qərarlarının təhlili sübutetmə yükünün statik deyil, işin xüsusiyyətlərindən asılı olaraq tərəflər arasında dinamik şəkildə bölüşdürüldüyünü göstərir. Məqalədə, həmçinin müqayisəli hüquqi yanaşmadan istifadə edilərək Almaniya, Fransa və Türkiyə qanunvericilikləri ilə Azərbaycan hüququ arasında paralellər aparılır və inzibati orqanın yalnız inkar mövqeyi tutmaqla sübutetmə yükündən azad edilə bilmədiyi, əksinə, irəli sürdüyü arqumentləri əsaslandırmaq öhdəliyinin mövcud olduğu vurğulanır. İnzibati məhkəmə icraatında sübutetmə yükünün düzgün müəyyənləşdirilməsi həm fərdlərin hüquqlarının qorunması, həm də inzibati ədalət mühakiməsinin obyektiv və effektiv həyata keçirilməsi üçün zəruri şərtdir. Bu baxımdan normativ boşluğun aradan qaldırılması, müxtəlif iddia növləri üzrə sübutetmə yükünün dəqiq qaydalarla müəyyən edilməsi, sübut mübadiləsi mexanizmlərinin tətbiqi təklif olunur. Beləliklə, öhdəliyin icrası haqqında iddialarda sübutetmə yükünün iddiaçı, cavabdeh inzibati orqan və məhkəmə arasında bölüşdürülməsi zərurəti onun dinamik və çevik xarakterini nümayiş etdirir və bu mexanizmin inkişaf etdirilməsi hüquqi dövlət və ədalətli məhkəmə icraatının mühüm təminatlarından biridir.
Müəllif :
Lalə Məmmədli
Nəşr tarixi : 2025
Qüvvədə olan cinayət-prosessual qanunvericilikdə verilmiş leqal tərifə görə, ibtidai araşdırma cinayət işi üzrə ibtidai istintaq və təhqiqat növündə məhkəməyədək aparılan icraatdır. İbtidai araşdırma cinayət mühakimə icraatının bir mərhələsi olmaqla yanaşı, hüquq-mühafizə xarakteri kəsb edən cinayət-prosessual fəaliyyətdir. Bu fəaliyyətin əhəmiyyəti ondadır ki, məhz onun vasitəsilə cinayət işinə məhkəmədə mahiyyəti üzrə baxılması üçün zəruri materiallar və sübutlar toplanır, cinayət törətməkdə şübhəli bilinən şəxslərə kifayət qədər dəlillər əsasında rəsmi ittiham elan edilir, hazırlanan cinayətlərin qarşısı alınır, yeni cinayətlərin törədilməməsi üçün zəruri profilaktik tədbirlər görülür. İbtidai araşdırmanın qanuni və keyfiyyətli şəkildə həyata keçirilməsi gələcəkdə ədalət mühakiməsinin də səmərəli bir şəkildə həyata keçirilməsi və ədalətli məhkəmə qərarının çıxarılması üçün zəmin yaradır. Eyni zamanda, ibtidai araşdırma zamanı yol verilən qanun pozuntuları, eləcə də, ibtidai araşdırmanın keyfiyyətsiz şəkildə həyata keçirilmiş olması gələcəkdə ədalət mühakiməsinin də səmərəliliyini əhəmiyyətli dərəcədə azalda bilər. Bununla əlaqədar olaraq ibtidai araşdırma mərhələsinə qarşı qanunda bir sıra tələblər təsbit edilir. Bu tələblərə ciddi riayət edilməlidir. İbtidai araşdırmanın hərtərəfli, tam və obyektiv olmasına dair tələb onlardan biridir. Bu tələbin əsas xüsusiyyətlərindən biri ondan ibarətdir ki, o cinayət-prosessual qanunvericiliyin yalnız bir normasında deyil, eyni zamanda bir neçə normasında və fərqli institutların nizamlanması ilə əlaqədar təsbit edilmişdir. Belə ki, bu tələbə həm cinayət mühakimə icraatının vəzifələri sırasında, həm cinayət mühakimə icraatının prinsip-normalarında, həm də cinayət təqibini həyata keçirən səlahiyyətli dövlət orqanlarının vəzifəli şəxslərinin öhdəlikləri sırasında və s. rast gəlmək mümkündür. Başqa sözlə, bir tərəfdən baxılan tələb cinayət prosesinin müxtəlif institutlarına təsir edir, digər tərəfdən isə cinayət prosesinin müxtəlif institutları baxılan tələbə öz təsirini göstərir. Bu anlamda, cari məqalədə ibtidai araşdırmanın hərtərəfliliyi, tamlığı və obyektivliyinə cinayət prosesinin ayrı-ayrı prinsiplərinin təsiri məsələlərinin araşdırılmasına cəhd göstərilmişdir.
Müəllif :
Zübeydə Rüstəmli
Nəşr tarixi : 2025
XXI əsrdə geosiyasi reallıqların dinamik şəkildə dəyişməsi və beynəlxalq təhlükəsizlik mühitinin mürəkkəbləşməsi, xüsusilə cinayət işləri üzrə dövlətlərarası hüquqi əməkdaşlıq mexanizmlərinə ciddi təsir göstərmişdir. Qlobal miqyasda artan transmilli cinayətkarlıq, terrorizm və kibercinayətlər dövlətlər arasında qarşılıqlı hüquqi yardım və ekstradisiya institutlarının aktuallığını daha da artırmışdır. Bu əməkdaşlıq formalarının tətbiqində suverenlik prinsipi ilə insan hüquqlarının müdafiəsi arasında balansın qorunması əsas çağırışlardan birinə çevrilmişdir. Bu məqalədə cinayət işləri üzrə hüquqi yardım və ekstradisiya mexanizmlərinin normativ əsasları, tətbiq təcrübəsi və problemləri sistemli şəkildə təhlil olunur. Araşdırma Azərbaycan Respublikasının milli qanunvericiliyi ilə yanaşı, beynəlxalq müqavilələr və Avropa hüquqi standartları kontekstində aparılır. Geosiyasi faktorların və siyasi təsirlərin hüquqi prosedurlara təsiri, hüquqi yardımın effektivliyinə mane olan amillər kimi qiymətləndirilir. Bununla yanaşı, vətəndaşların ekstradisiyasının qadağan olunması, qeyri-insani rəftar riski hallarında müdafiə zəmanətləri kimi konstitusion prinsiplərin tətbiqi məqalədə diqqət mərkəzində saxlanılır. Müqayisəli yanaşma əsasında Avropa Konvensiyaları, İslam hüququnun yanaşmaları və türk dövlətlərinin təcrübəsi araşdırılır. Məqalənin sonunda hüquqi yardımlaşmanın təkmilləşdirilməsi üçün rəqəmsallaşma, könüllü ekstradisiya prosedurları və hüquqi normativliyin artırılması istiqamətində praktiki tövsiyələr təqdim olunur. Məqsəd, beynəlxalq əməkdaşlığın hüquqi dayanıqlığını gücləndirməklə yanaşı, insan hüquqlarının təminatını da möhkəmləndirməkdir.
Müəllif :
Lalə Məmmədova
Nəşr tarixi : 2025
Статья посвящена комплексному анализу моделей гражданскоправового регулирования исламского банкинга в странах Содружества Независимых Государств. Целью исследования является систематизация существующих подходов к правовому регулированию исламских финансовых инструментов в постсоветских государствах и определение перспектив гармонизации правового регулирования в данной сфере. В результате исследования автором выявлены и проанализированы четыре основные модели правового регулирования исламского банкинга в странах СНГ: модель комплексного специализированного законодательства (Казахстан, Кыргызстан), модель частичной правовой адаптации (Таджикистан, Азербайджан), модель экспериментального регулирования (Россия, Узбекистан) и модель непрямого регулирования через традиционную банковскую систему (Беларусь, Молдова, Армения). Проведен сравнительный анализ преимуществ и недостатков каждой модели. Особое внимание уделено Модельному закону СНГ «Об инвестиционно-доверительной банковской деятельности» как основе для гармонизации законодательства в данной сфере. В качестве перспективных направлений гармонизации гражданско-правового регулирования исламского банкинга в странах СНГ предложены: унификация договорных конструкций основных исламских финансовых инструментов, создание правовых основ для выпуска и обращения исламских ценных бумаг (сукук), модернизация законодательства о финансовой аренде с учетом специфики исламского лизинга. Отмечается, что реализация данных направлений будет способствовать созданию благоприятных условий для развития исламских финансов, формированию основы для более глубокой экономической интеграции на постсоветском пространстве и привлечению дополнительных инвестиций из стран исламского мира.
Müəllif :
Kırlan Marçel
Nəşr tarixi : 2025
Bu məqalə Azərbaycanda dinin mülki hüququn formalaşmasında oynadığı mühüm rolu təhlil edir, ölkənin mövcud mülki qanunvericiliyində dini hüquq ənənələrinin təsirini araşdırır və müasir dövrdə dini hüquq institutlarının mülki qanunvericiliyə inteqrasiya perspektivlərinə dair konkret təkliflər irəli sürür. Tarix boyu din Azərbaycanda hüququn formalaşmasına mühüm təsir göstərmişdir. Atropatena dövründə Zərdüştlük sosial nizam və hüquqi institutların yaranmasında əhəmiyyətli rol oynamış, Qafqaz Albaniyasında isə xristianlığın kanonik hüququ mülki münasibətlərin tənzimlənməsində təsirli olmuşdur. VII əsrdən XIX əsrə qədər Azərbaycan hüquq düşüncəsi əsasən İslam hüququ prinsipləri əsasında qurulmuşdur. XIX əsrdən etibarən ölkənin hüquq sistemində sekulyarlaşma meyilləri güclənmiş, SSRİ dövründə isə hüquq tam şəkildə dindən ayrılmış və bu tendensiya müstəqillik dövründə daha da möhkəmlənmişdir. Məqalədə müasir dövrdə dövlət və dinin ayrılığı prinsipinə baxmayaraq, dinin, xüsusilə də İslam hüququnun, Azərbaycanın vərəsəlik, ailə və mülkiyyət hüququ sahələrinə göstərdiyi təsirlər təhlil olunur. Eyni zamanda, sekulyarizm prinsipinin qorunması şərti ilə İslam hüququna məxsus bəzi institutların müasir çağırışlara uyğun şəkildə mövcud mülki qanunvericiliyə inteqrasiya perspektivləri araşdırılır. Dinin sosial ədalət, hüquq-mühafizə fəaliyyəti və insan hüquqları sahələrində uzunmüddətli və fundamental təsirinin əhəmiyyəti ön plana çıxarılır.
Müəllif :
Natiq Xəlilov
Nəşr tarixi : 2025
XXI əsrin reallığında informasiya texnologiyalarının sürətli inkişafı qlobal iqtisadiyyatda rəqəmsallaşma proseslərini stimullaşdıraraq ticarət sektorunda əsaslı dəyişikliklərə səbəb olmuşdur. Elektron ticarətin yüksəlişi nəticəsində fərdi məlumatların elektron mühitdə toplanması, saxlanması və emalı geniş miqyas almışdır. Bu proses, bir tərəfdən istehlakçılar üçün rahatlıq və əlçatanlıq yaratdığı halda, digər tərəfdən fərdi məlumatların təhlükəsizliyi sahəsində yeni və kompleks risklərin ortaya çıxmasına səbəb olmuşdur. Xüsusilə fərdi məlumatların geniş həcmdə emalı kibercinayətkarlar üçün əlverişli hədəflər yaratmış və elektron ticarət platformalarının müxtəlif tipli kibertəhlükələrlə qarşı-qarşıya qalmasına gətirib çıxarmışdır. Bu kontekstdə aparılan tədqiqat, elektron ticarət sektorunda fərdi məlumatların təhlükəsizliyini təhdid edən əsas risk faktorlarını və yayılmış kiberhücum üsullarını müəyyənləşdirir. Məqalədə sosial mühəndislik, fişinq, DDoS hücumları və zərərli proqram təminatları kimi metodların elektron ticarətə təsiri araşdırılır və bu risklərə qarşı tətbiq edilə biləcək qabaqlayıcı texnoloji və hüquqi tədbirlər təqdim olunur. Həmçinin tədqiqatda məlumat pozuntularının hüquqi nəticələri, şirkətlərin hesabatlılıq və məlumatların müdafiəsi üzrə öhdəlikləri və pozuntuların təsirindən irəli gələn reputasiya və iqtisadi itkilər qiymətləndirilmişdir. Tədqiqat çərçivəsində, həm doktrinal, həm də müqayisəli hüquq metodologiyası əsasında müxtəlif ölkələrin normativ-hüquqi bazaları, xüsusilə Avropa İttifaqının Ümumi Məlumatların Qorunması Qaydası (GDPR), ABŞ-nin Kaliforniya İstehlakçı Məlumatlarının Qorunması Aktı (CCPA) və Azərbaycan Respublikasının “Fərdi məlumatlar haqqında” Qanunu təhlil olunmuşdur. Müqayisə nəticəsində, bu normativ aktlar arasında məlumat emalı prinsipləri, məlumat pozuntularının bildirilməsi rejimləri, şəxsin razılığı, hüquqi məsuliyyət və sanksiya mexanizmləri baxımından nəzərəçarpacaq fərqlər müəyyən edilmişdir. Tədqiqatda xüsusi vurğu risk əsaslı yanaşmanın tətbiqinə və bu modelin həm informasiya təhlükəsizliyi siyasətlərinə, həm də milli hüquqi tənzimləmələrə inteqrasiya imkanlarına edilmişdir. Məqalənin elmi yeniliyi onun hüquqi və texniki yanaşmaları birləşdirərək kompleks və çoxsahəli bir təhlil təqdim etməsindən ibarətdir. Nəticə etibarilə, bu tədqiqat, elektron ticarət sektorunda kibertəhlükəsizliyin təmin olunması üzrə milli və beynəlxalq praktikalardan istifadə etməklə, normativ uyğunluq, hüquqi cavabdehlik və texniki dayanıqlılıq aspektlərində effektiv modelin formalaşdırılması üçün praktik və nəzəri tövsiyələr irəli sürür.
Müəllif :
Kamran Xəlilov
Nəşr tarixi : 2025
Dövrümüzün aktuallığına çevrilmiş süni intellekt sistemləri gündəlik həyatımızda istənilən sferaya sirayət etmişdir. Bu gün avtomobil idarə etməkdən tutmuş iş həyatımıza qədər bütün məsələlərdə süni intellektin köməyindən faydalanırıq. Lakin bir tərəfdən çətinliklərimizi aradan qaldırmağa xidmət edən bu cür sistemlər digər tərəfdən də bəzən hüquq və azadlıqlarımızı pozur. Ona görə də süni intellekt sistemlərinin sərhədsiz tətbiqi yolverilməzdir ki, bu da hüquqi tənzimləmələrin zəruriliyini şərtləndirir. Bu istiqamətdə həmçinin konkret qadağaların müəyyən olunması hüquq pozuntularının qarşısının alınmasına xidmət edir. Avropa məkanında qəbul edilmiş Süni İntellekt Aktının 5-ci maddəsi qeyd olunan məsələlərin tənzimlənməsi sahəsində mühüm əhəmiyyətli addım kimi qiymətləndirilə bilər. Məqalədə qeyd olunan Aktda öz təsbitini tapmış qadağalar təhlil olunmuş, onların hansı formada milli qanunvericiliyimizdə təsbit edilməsi ilə bağlı təkliflər təqdim edilmişdir.
Müəllif :
Gülnaz Rzayeva
Nəşr tarixi : 2025