Məqalədə, prokurorluğun strukturunun inkişafı, fəaliyyət sahələrinin genişləndirilməsi və müstəqilliyinin təmin edilməsi ilə bağlı həyata keçirilən islahatlar ətraflı şəkildə təhlil olunur. Azərbaycanın prokurorluq orqanlarının müasir dövrün çağırışlarına cavab verməsi üçün kadr hazırlığı və təkmilləşdirilməsi, yeni texnologiyaların tətbiqi və hüquq sistemindəki digər islahatlar ön planda durur. Prokurorluq, ölkədə ədalətin təmin olunmasında, qanunçuluğun qorunmasında və vətəndaş hüquqlarının müdafiəsində mühüm rol oynayır. Bu məqalə, həmçinin Azərbaycanın hüquq mühafizə orqanlarının beynəlxalq hüquqla uyğunlaşmasını və gələcəkdə prokurorluğun inkişaf istiqamətləri barədə təkliflər irəli sürür. Məqalə ölkəmizin prokurorluq orqanlarının yaranması və inkişaf mərhələlərini nəzərdən keçirir. Prokurorluğun tarixçəsi, onun hüquqi və təşkilati strukturunun təkamülü, həmçinin müasir dövrdə qarşılaşdığı çağırışlar və müvafiq hüquqi islahatlar barədə ətraflı məlumat təqdim edilir. Məqalə, Azərbaycan Prokurorluğunun demokratik cəmiyyətin əsas hüquq-mühafizə orqanı olaraq inkişafını və dövlətin qanunçuluğunu təmin etmək istiqamətindəki rolunu vurğulayır. Eyni zamanda, müasir dövrün tələblərinə uyğun olaraq, prokurorluq orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, prokurorların peşəkar biliklərinin artırılması və hüquq mühafizə sistemindəki islahatların əhəmiyyəti qeyd olunur. Məqalə xüsusilə 1918-ci ildə əsası qoyulmuş Azərbaycan Prokurorluğunun Heydər Əliyevin rəhbərliyi altında müasir dövrün tələblərinə uyğun olaraq yenidən qurulmasını və formalaşmasını ətraflı şəkildə izah edir. Heydər Əliyevin hakimiyyətə gəldiyi dövrdə, prokurorluq orqanlarının fəaliyyətində əhəmiyyətli dəyişikliklər edilmiş, hüquqi islahatlar həyata keçirilmiş və prokurorluğun müstəqil, güclü və səmərəli fəaliyyət göstərməsi üçün zəruri tədbirlər görülmüşdür. Bu islahatlar nəticəsində, Azərbaycan Prokurorluğu hüquq mühafizə orqanları arasında müstəqil və etibarlı bir qurum kimi formalaşmış, qanunçuluğun təmin edilməsi və cinayətkarlığa qarşı mübarizədə mühüm rol oynamışdır.
Müəllif :
Kərəm Mansurov
Nəşr tarixi : 2024
Məqalədə qanunsuz miqrasiya ilə mübarizədə beynəlxalq əməkdaşlığın əhəmiyyətindən bəhs olunur. Bu sahədə beynəlxalq əməkdaşlığın hüquqi tənzimlənməsi məsələləri araşdırlır. Qanunsuz miqrasiya və qanunsuz miqrant anlayışlarına aydınlıq gətirilir. Bu kontekstdə qanunsuz miqrasiya - kompleks xarakterli hüquq pozuntusu olmaqla ölkə sərhədini tərk edən insanlar tərəfindən ölkəyə giriş, orada yaşamaq, ölkədən çıxış və tranzit qaydalarının, habelə əmək fəaliyyəti normalarının pozulması olaraq müəyyən edilir. Bununla bağlı hüquq ədəbiyyatında mövcud olan doktrinal yanaşmalar nəzərdən keçirilir. Müəyyən edilir ki, miqrasiya proseslərinin idarə edilməsində və qanunsuz miqrasiya ilə bağlı təhlükəsizlik tədbirlərinin görülməsində, o cümlədən bu sahədə qanunvericilik fəaliyyətində ilk növbədə beynəlxalq insan hüquqları konsepsiyasına əsaslanılmalıdır. Məqlədə həmçinin qanunsuz miqrasiya ilə mübarizədə beynəlxalq təşkilatların normayaradıcılığı fəaliyyəti araşdırlır. Bu istiqamətdə Beynəlxalq Miqrasiya Təşkilatının fəaliyyəti təhlil edilir. Həmçinin qanunsuz miqrasiya ilə bağlı qəbul edilən beynəlxalq sənədlər müqayisəli təhlil edilir
Müəllif :
Natəvan Zeynalova-Sultanova
Nəşr tarixi : 2024
Bu məqalə iqlim dəyişmələrinin silahlı münaqişələr və siyasi böhranlarla əlaqəsini beynəlxalq hüquqi çərçivədə araşdırır. İlk olaraq, müharibələrin iqlim dəyişmələrinə təsirləri və iqlim dəyişmələrinin silahlı münaqişələrə səbəb olması təhlil edilir. Xüsusilə Birləşmiş Millətlər Təşkilatının iqlim dəyişmələrinin konfliktlərə dolayı təsirini qəbul etməsi məsələsinə diqqət yetirilir və bu istiqamətdə A/64/350 saylı Hesabat və 6587 saylı Bəyanat nümunə kimi araşdırılır. Məqalədə həmçinin bəzi regional və beynəlxalq gərginliklər fonunda iqlim dəyişmələrinin siyasi böhranlara və resurs münaqişələrinə təsiri təhlil olunur. Bundan əlavə, iqlim maliyyəsi ilə bağlı yaranan siyasi mübahisələr də diqqət mərkəzindədir. Nəticə olaraq, iqlim dəyişmələrinin konfliktlərə dolayı təsir göstərdiyi və bunun beynəlxalq əməkdaşlıq və mövcud hüquqi rejimlərin səmərəli tətbiqi ilə aradan qaldırıla biləcəyi vurğulanır. Bu çərçivədə iqlim dəyişikliyi və münaqişələrin qarşılıqlı əlaqəsinin daha dərindən araşdırılmasının vacibliyi qeyd olunur.
Müəllif :
Kənan Ədilxanov
Nəşr tarixi : 2024
İnzibati hüquq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini həyata keçirməsini özündə ehtiva edir. Bu səbəbdən, icra hakimiyyəti orqanının strukturuna və səlahiyyətlərinə nəzər yetirmək, o cümlədən inzibati aktın qəbul edilməsi və hər hansı hərəkətlərin edilməsi zamanı fəaliyyət qaydasını müəyyən etmək labüddür. Bunu qəbul etmək lazımdır ki, inzibati orqanın hərəkətləri bu və ya digər şəkildə fiziki və ya hüquqi şəxslərin hüquq və maraqlarına toxunur. Məsələn, xüsusi icazə və ya lisenziya tələb edən kommersiya fəaliyyəti ilə məşğul olmaq istəyiriksə, mütləq şəkildə müvafiq inzibati orqan tərəfindən lisenziya verilməsi üçün həmin orqana müraciət olunmalıdır. İnzibati icraat dedikdə, fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət başa düşülür. İnzibati icraatla yanaşı inzibati orqan anlayışı da təsbit edilmişdir. Məqalədə qanunvericilikdə inzibati orqanların anlayışı və təsnifatı ilə bağlı məsələlər öz əksini tapmışdır.
Müəllif :
Zərifə Məmmədova
Nəşr tarixi : 2024
Məqalədə beynəlxalq münasibətlər sistemində dövlətlərin əlaqələrinin hüquqi tənzimlənməsi prosesində beynəlxalq öhdəliklərin əhəmiyyətindən və öhdəlik institutunun beynəlxalq hüququn əsas subyektlərinin fəaliyyətindəki rolundan, eyni zamanda dövlətlərin öhdəliklərinin yalnız müqavilə tərəfləri çərçivəsində deyil, həm də dövlətlərin erga omnes norması xarakteri daşıyan maraqları nöqteyi nəzərdən əhəmiyyətindən bəhs edilir. Dövlətlərin öhdəliyi ilə bağlı hazırkı tədqiqat mövzusu əsasən beynəlxalq öhdəliklərə həsr olunmuşdur. Məqsəd dövlətlərin beynəlxalq öhdəliklərinin hüquq elmində və dokrinasında araşdırılmasının əhəmiyyətinə diqqət çəkməklə mövzunun aktuallığını qeyd etməkdən ibarətdir. Hüquqi təbiətinə görə müxtəlif formalarda ifadə edilən öhdəliklər adət hüququnun və sazişlərin növündən asılı olmayaraq təhlil edilmişdir.
Müəllif :
Araz Abdullasoy
Nəşr tarixi : 2024
Məlum olduğu kimi insan və vətəndaşın əsas hüquq, azadlıq və vəzifələri Konstitusiyanın fundamental institutlarından biri hesab olunur. Ayrı-ayrı demokratik dövlətlərin Konstitusiyalarında əsas hüquq və azadlıqların ilkin mənşəyi və etimologiyası, habelə insan hüquqları haqqında anlayışların düzgün təsəvvür edilməsi üçün onların hüququn prinsiplərinə uyğun təsbit olunması ictimai və hüquq münasibətlərinin dəqiq gerçəkləşməsi üçün əsasdır. Çünki Konstitusiya hüquq normaları öz xarakterinə görə münasibətləri ümumi və təsisedici aspektdən əhatə edir. Hüquq və azadlıqların mənşəyi dövlətə qədər olan proses kimi qəbul edildiyi üçün, təbii hüquqi elementlərin orijinallığına pozitiv hüququn təsirindən mühafizə olunması dövlət hakimiyyətinin əsas vəzifələrindən biri kimi çıxış edir. Bununla belə əsas hüquqlar və azadlıqlar, azadlığı təhrif edən dövlətə, habelə üçüncü şəxslərə münasibətdə zəruri şərtlərə qarşı təminat verir. “Azadlığı dövlət yaratmır, onu bilavasitə icad edir” konsepsiyası ona söykənir ki, əsas hüquq və azadlıqların reallaşmasında müasir demokratik dövlətin həlledici rolu mütləqdir. Yəni dövlət olmadan hüquq və azadlıqların gerçəkləşməsi şübhə altındadır. Onda əsas ideya ondan ibarətdir ki, hüquqi dövlətin insan hüquq və azadlıqlar ilə bağlı üzərinə düşən öhdəliklərini hansı dərəcədə təmin etmək iqtidarındadır? Bu isə müasir demokratik sistemin ən həssas və diqqət mərkəzində olan məsələlərindən biridir.
Müəllif :
Şiraslan Yusubov
Nəşr tarixi : 2024
Məqalədə ICESCO-nun hərbi konfliktlər dövründə mədəni irsin mühafizəsində əsas beynəlxalq təşkilatlardan biri kimi mühüm fəaliyyət istiqamətləri təhlil edilir. Qeyd edilir ki, ICESCO mədəni irsin qorunmasında, xüsusilə hərbi münaqişələr zamanı mühüm beynəlxalq təşkilatlardan biri kimi tanınır. ICESCO üzv dövlətlərin mədəni, elmi və təhsil sahələrində əməkdaşlığını təşviq etmək məqsədilə yaradılmışdır. Təşkilat islam dünyasının mədəni irsini qorumağı öz prioritetlərindən biri kimi müəyyən edib və münaqişələr zamanı bu irsin məhv edilməsinin qarşısını almağa xüsusi diqqət ayırır. Təşkilatın mandatı hərbi konfliktlərdə xüsusilə tarixi və mədəni obyektlərin qorunması, müharibə nəticəsində zərər görmüş irsin bərpası, mədəni obyektlərə qarşı vandalizm və qəsdən məhv etmənin qarşısının alınması təşkil edir. Beləliklə, ICESCO mədəni irsin mühafizəsi üzrə qlobal səylərdə fəal iştirak edir və hərbi münaqişələrdə bu irsin qorunmasını prioritet məsələlərdən biri hesab edir. Təşkilatın bu sahədəki fəaliyyəti həm üzv dövlətlərə zəruri hüquqi və texniki dəstək, həm də beynəlxalq ictimaiyyətin diqqətini mədəni irsin mühafizəsinə yönəltmək baxımından olduqca əhəmiyyətlidir.
Müəllif :
Leyla Həşimova
Nəşr tarixi : 2024
Rəqəmsallaşma və qloballaşma əmək münasibətlərini dəyişir, yeni çağırışlar və imkanlar yaradır. Məsafədən iş getdikcə geniş yayılır və bu, işçi heyətinin idarə edilməsində və hüquqi tənzimləmədə çeviklik tələb edir. Qlobal əmək bazarları istedadlar uğrunda rəqabəti artırır və bu da rəqəmsal bacarıqların və mədəniyyətlərarası kompetensiyanın əhəmiyyətini vurğulayır. Avtomatlaşdırma və süni intellektdən istifadə əmək hüquqları ilə bağlı məsələlər ortaya çıxarır. İşəgötürənlər yeni iş formatlarına uyğun korporativ mədəniyyəti uyğunlaşdırmalı və işçilərin rəqəmsal mühitdə psixoloji rifahını nəzərə almalıdırlar. Bu dəyişikliklər əmək qanunvericiliyinin yenidən nəzərdən keçirilməsini və əmək təşkilində innovativ yanaşmaların tətbiqini tələb edir.
Müəllif :
Azər Rəhimov
Nəşr tarixi : 2024
İnformasiya texnologiyalarının inkişafı nəticəsində bu gün dünya hər sahədə sürətli rəqəmsal transformasiyanı yaşayır və virtual mühitlər həyatımıza sirayət etmişdir. Texnologiyanın və xüsusilə virtual media platformalarının inkişafı ilə əlaqədar olaraq insanların şəxsi həyatına qeyri-qanuni müdaxilələrin edilməsi əvvəlkindən daha asan olduğu üçün belə müdaxilə halları günbəgün artmaqdadır. Bu da virtual məkanda şəxsi toxunulmazlıq hüququnun qorunmasına dair tənzimləmələrin dövrün tələbinə uyğunlaşdırılmasını şərtləndirir. Məqalədə virtual məkanda şəxsi toxunulmazlıq hüququnun qorunmasına dair ilkin şərtlər və qaydalar, fərdi məlumatların təhlükəsizliyinin təminatı üzrə tədbirlər təhlil edilmiş, bu sahədə təklif və tövsiyələr irəli sürülmüşdür.
Müəllif :
Elnur Hümbətov
Nəşr tarixi : 2024
Vergi, ödəyicilərin xərcləyə biləcəyi gəlirlərində və xərcləmələrində azalmalara səbəb olmaqla onların qənaət edə bilmə imkanlarını azaldır. Odur ki, bir nəsnə olaraq vergi, inkişaf səviyyəsindən asılı olmayaraq heç bir cəmiyyətdə müsbət qarşılanmır. İqtisadiyyat və hüquq elmində formalaşmış hakim mövqe bundan ibarətdir ki, ödəyicilər vergini yalnız qanunu pozmaqdan və dolayısı ilə məsuliyyətə cəlb olunma qorxusundan ödəyirlər. Beləliklə də, hüquq normalarında tapa bildikləri ən kiçik boşluqdan istifadə etməklə qanuni və qanunazidd yollarla vergidən yayınırlar. Dövlətlər vergi siyasətini həyata keçirərkən vergi ödəyiciləri könüllü vergi ödəməyə sövq etməyə çalışırlar. Könüllü vergi ödəməyə gəlir səviyyəsi və vergi dərəcələri, sosial və demoqrafik amillər, cərimələr, audit ehtimalı, vergi yoxlamaları, subyektiv və obyektiv tədbirlər, maliyyə məsləhətçilərinin və ya vergi məsləhətçilərinin təsiri, mənəvi və sosial dinamika, vergi ödəmələrinin mürəkkəbliyi kimi amillər təsir edir. Könüllü vergi ödəməsinə təsir edən mühüm amillərdən biri də vergi əxlaqı institutudur. Vergi əxlaqı vergiləri ödəmək üçün daxili motivasiya kimi müəyyən edilir və bir çox sosial və psixoloji amillərdən təsirlənir. Bu məqalədə vergi əxlaqı anlayışı üzərində dayanılır və vergi əxlaqı ilə bağlı sosial və psixoloji elementlər ətraflı şəkildə araşdırılır. Bu kontekstdə sosial normalar, təqsir və utanc hissi, vəzifə və qorxu hissi, vergi ödəyicilərinin daxili motivasiyası və ədalət qavrayışı, vergi ödəyicisi ilə dövlət orqanı arasındakı münasibət kimi sosial-psixoloji elementlər vergi əxlaqı ilə bağlı izah edilir.
Müəllif :
Əsmər Əliyeva
Nəşr tarixi : 2024